II Qarabağ müharibəsi tezliklə başlaya bilər - MÖVQE

Qabil Hüseynli: “Rusiya Ermənistanı Azərbaycanla müharibə etmək üçün tələsdirir”

Qərb mətbuatı Dağlıq Qarabağ münaqişəsinin Ermənistan və Azərbaycan arasında müharibə həddinə gəldiyini bildirib. Qərbli ekspertlərin fikirlərinə görə Rusiyanın Azərbaycan ətrafında yaratdığı siyasi hərəkətlilik tezliklə II Qarabağ müharibəsinin başlanmasına səbəb ola bilər. "Qarabağda ikinci müharibənin başlanması ehtimalları var. Çünki, doğrudan da Rusiya bölgədə gərginliyi artırmaq üçün aramsız səylər göstərir" deyən politoloq Qabil Hüseynlinin sözlərinə görə Rusiyanın Ermənistana qeyri-məhdud miqdarda silahlar göndərməsi, tez-tez Ermənistana Kremldən təşkil edilən səfərlər onu göstərir ki, Ermənistan tamamilə silahlandırılır və Azərbaycana hücum etməsi üçün tələsdirilir: "Rusiyanın da bu proseslərdə iştirak etməsi mümkündür. Bu müstəvidə vəziyyətin təhlükəli olması nəzərə çarpır. İrəvanda KTMT-nin akademiyası adı altında Rusiya Baş Qərargahının filialının açılması, hərbi təlimlərin intensivləşməsi, raketdən müdafiə sistemlərinin yaradılmasının Ermənistandan başlanmsı onu göstərir ki, Ermənistan bölgədə silah kvotasını pozub və təhlükəli bir ölkəyə çevrilir. Bununla bağlı beynəlxalq təşkilatlar da BMT-nin 4 qətnaməsindən başqa ortaya qınayıcı sənədlər qoymayıblar. Ermənistan hələ də təcavüzkar dövlət elan edilməyib. Bir sözlə vəziyyət kifayət qədər gərgindir. Amma, Azərbaycanın hərbi potensialı düşmənə cavab verməyə qadirdir" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00