İranın azad iqtisadi zona haqqında indi dedikləri ilkin təqdimatdan xeyli fərqlənir – Mübariz Əhmədoğlu

Azərbaycanla azad iqtisadi zonanın yaradılması barədə danışıqların davam etdirilməsi haqqında İran rəsmilərinin açıqlamaları diqqəti çəkir. Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlunun sözlərinə görə, İranın Azərbaycanla əlaqəli məsələlərdə mövqeyinin qısa müddət ərzində dəyişməsi göz qabağındadır və vəziyyətin belə bir istiqamətə dönməsi Azərbaycanın xeyrinədir. Xeyrimiz ondadır ki, İran bizimlə əlaqəli məsələlərdə manipulyasiya edə bilməyəcək; həqiqi simasını ortalığa qoymağa məcburdur: "İran Dağlıq Qarabağ münaqişəsində vasitəçiliklə bağlı mövqeyini ermənilərin xeyrinə dəyişdi. Hamı bilir ki, Ermənistan təkcə İrana deyil, heç kimə vasitəçilikdən ötrü müraciət etməyəcəkdir, çünki konsensus mexanizminə görə yalnız və yalnız ATƏT MQ vasitəçiliyinə möhtacdır.İran bu yolla vasitəçilikdən yayındı. İran 10 ildən çox bir müddətdə Azərbaycanı ittiham edirdi ki, guya rəsmi Bakı onun vasitəçilik missiyasını qəbul etmir. Artıq İran siyasətçiləri xəcalət çəkmədən mövqelərini ermənilərin xeyrinə dəyişirlər.

Azad ticarət zonası haqqında da vəziyyət oxşardır. Bu ideya ortalığa çıxarkən "Xudafərin" azad ticarət zonasının yaradılmasından, hətta Qulubəylidə Azərbaycan invesotrlarının iş görməsindən danışırdılar. Qulubəyli və Qulubəylinin ətrafına baxarkən real vəziyyətin nədən ibarət olduğunu başa düşmək olar. Artıq bu mövzuda söz-söhbət kəsilib.

"Araz" azad iqtisadi zonası da yaxşı ideya idi, ancaq Arazqırağı ərazilərin Azərbaycan hissəsi ermənilərin nəzarəti altındadır. İranın dini təlimi o istiqamətdədir ki, ermənilərin Arazqırağı işğalçılığına bir balaca xor baxsalar, vaxtilə cənnətə gedənlərini də çıxarıb cəhənnəmə atacaqlar; özləri isə qətiyyən cənnət görməyəcəklər. O baxımdan dərhal mövqelərini dəyişdilər və "Araz" ticarət zonasını Ermənistanla yaratmağa başladılar. Azərbaycana isə təklif edirlər ki, gəl, Culfada, Astarada və Biləsuvarda sərhəd buraxılış məntəqələrinin yaxınlığında azad ticarət zonası yaradaq. Araz ticarət zonası ideyasının  da axırı belə bitdi.

Vizasız rejim haqqında sovet rejimindən qalma maddə o ümidlə ləğv edildi ki, İran yaxınlarda "Araz" və "Xudafərin" azad iqtisadi zona ideyalarını reallaşdıracaq və bu zonaların fəaliyyət göstərməsi sadələşdirilmiş viza rejiminin bərpası deməkdir. Azad iqtisadi zonanın əsas mənası pul qazanmaqdır. Görünür, İrana pul yox, yalnız erməni pulu lazımdır - gedib qazansınlar.

İranda sərhəd-keçid məntəqlərində Azərbaycana qarşı apardıqları təbliğat azad ticarət zonasının fəaliyyəti zamanı nə işlə məşğul olacaqlarını nümayiş etdirir. Bütün bunları nəzərə alaraq Azərbaycanın İranla azad ticarət zonası haqqında danışıqlar aparmasının mənasını görmürük. İrandan hansısa bir məmur gəlib, ekoloji təmiz diyarda təmiz hava udmaq istəyirsə, təmiz yemək istəyirsə, normal şüura malik insanlarla təmasda olmaq istəyirsə, buyursun gəlsin-qonağımızdır,əzizimizdir. ATƏT MQ həmsədrləri də çayımızdan içib, yeməyimizdən yeyib gedirlər - İran rəsmiləri də beləcə.

Bizim İran rəsmilərinin ağıllarının mövcudluğuna heç bir zaman şübhəmiz olmayıb. Sadəcə, biz elə başa düşürük ki, İran siyasətçiləri xüsusi növ insanlardır. Ermənistana gedərkən ağılları bədənlərinin bir yerində, dünya ölkələrində çıxdıqda isə başqa orqanlarında, Azərbaycana gələrkən bir başqa yerində olur.

Bizim üçün İran siyasətçilərinin ağıllarının yerini tapmaq çox müşkül məsələdir.Görünür, lazımi inkişaf səviyyəyə çatmamışıq. İranda elm inkişaf etsə, iranlıların tez-tez yerini dəyişən ağlının da məkanını müəyyənləşdirən aparat yarada bilərlər. Əminik ki, o aparatın birinci alıcıları azərbaycanlılar olacaqlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00