Müxalifətdə nəsillər savaşı - SİYASİ ŞƏRH

Ənənəvi müxalifət yenilərə imkan vermir

İctimai Palata islamçılarla əməkdaşlıqla bağlı razılığa gəlib. İP-in adından yayılan açıqlamada deyilir ki, palata islamçılarla birgə siyasi mübarizə aparmağa hazırdır. Əslində burda qeyri-adi heç nə yoxdur. Ölkədə ənənəvi islamı təmsil edən dindarların nümayəndəsi Hacı İlqar İbrahimoğlu neçə illərdir ki, İctimai Palatada Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli ilə birgə sədarətdə oturur.  Ənənəvi müxalifət və islamçılar bir-biri ilə yaxşı münasibətlərə malikdir. Qarşılıqlı olaraq aksiyalara dəstək (həm təşkilati, həm də informasiya dəstəyi) verilir, sosial şəbəkələrdə "ümumi rəqiblərə" qarşı eyni mövqedən çıxış edilir. Bu baxımdan yeni bir şey yoxdur. Amma kölgədə qalan bir nüansı xatırlatmaq yerinə düşərdi. İP rəsmiləri nədən məhz indi islamçılarla birgə fəaliyyətlə bağlı açıqlama verdilər? İctimai Palatanın özü buraxılmadı, Müsavatla AXCP arasında qarşıdurma önləndi və müttəfiqliyə xitam verilmədi? Müsavat başqanı namizədliyini irəli sürəndən sonra hesabla İP buraxılmalı idi. Çünki Müsavat təkbaşına qərar vermişdi.  Amma AXCP susmağa üstünlük verdi, İP-i qorumağa çalışdı. İndi aydın olur ki, ənənəvi müxalifət adına AXCP daha ayıq-sayıq davrandı, düşərgənin dağılmasna əngəl oldu. Müsavat daha çox fərdi fəaliyyətə üstünlük verir. Partiyada hesab edirlər ki, təkbaşına seçkiyə girsələr, köhnə xətir-hörmət hesabına səs ala, ən azı seçkilərdə ikinci nəticə göstərmək olar. Bu isə Müsavatın yenidən rəsmi ana müxalifət olmasına səbəb ola bilər. Amma bu hesablama yanlışdı. Ölkədə siyasi fəallıq artır. 3 aydan sonra hansı proseslər gedəcək, bunu  proqnozlaşdırmaq mümkün deyil.  Ola bilər ki, bir neçə aydan sonra Müsavat, AXCP ümumiyyətlə siyasi proseslərə təsiri sıfra yaxın olan qrupa çevrilsin. Amma islamçılar hələki fəal siyasi  gücdürlər və dünyada islamın passionar güc olduğunu nəzərə alanda Azərbaycanda da islamçı qüvvələrin proseslərdə əsas yer tutacağını söyləmək mümkündür. İP elə buna görə, islamçılardan möhkəm yapışıb. Müsavat və AXCP-nin islamçılardan bərk yapışmasının bir səbəbi də meydanı yeni qüvvəyə verməmək istəyidir. Son hadisələr göstərdi ki, meydanda xeyli aktiv gənc var və onlar köhnə müxalifətin bütlərini qəbul etmirlər. Son aksiyalarda ənənəvi müxalifətdən daha çox gənclər təşkilatlarının nümayəndələri fəallıq göstərdilər. Ənənəvi müxalifəti qorxudan həm də Ziyalılar Forumunun liderlərinin, Real hərəkatı rəhbərlərinin açıqlamalarıdır. Xatırladaq ki, onlar bildirmişdilər ki, Azərbaycan siyasi mühiti yeni qüvvəni-üçüncü qüvvəni meydana çıxarmağa hamilədir. Hətta Rüstəm İbrahimbəyov yeni yaradacağı hərəkatda gənclər təşkilatlarının üstün olacağını demişdi. Siyasi ekspertlərə görə, Rüstəm İbrahimbəyov həm də islamçılara güvənir. Onun ölkədəki nüfuzlu din adamları ilə müəyyən təmaslara keçdiyi də söylənilirdi. Görünür, onların yerini dar etməyə başlamış gənclər təşkilatlarının və bir də fəal, təşkilatlanmış qüvvə olan islamçıların əldən çıxmasını istəmirlər. Amma istək azdır. Köhnə müxalifət artıq son dövrünü yaşayır. Nemət Pənahlı, Məhəmməd Hatəmi Tantəkin dövrü bitdiyi kimi, İsa Qəmbər, Əli Kərimli dönəmi də bitmək üzrədir. Nəsillər savaşında gənclər qalib çıxacaq.

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00