Vladimir Putinin Azərbaycana qarşı müharibə ssenarisi - SİYASİ ŞƏRH

Kreml Azərbaycanı işğal etmək üçün Gürcüstan və İranı rəsmi Bakıya qarşı çevirir

Rusiyanın daxili siyasəti kimi görünən, lakin Azərbaycana qarşı yönəlmiş təxribati qərarlarının xronoloji ardıcıllığına diqqət edək:

Birincisi, yanvarın 28-də RF prezidenti Vladimir Putinin sərəncamı ilə Dövlət Dumasının deputatı, Rusiya Azərbaycan Təşkilatları İttifaqının (RATİ) Koordinasiya Şurasının üzvü Ramazan Abdulatipov Dağıstanın prezident postuna təyin edildi. Qeyd edək ki, R.Abdulatipov milliyyətcə avardır. Abdulatipovun əvəzlədiyi Maqomedsalam Maqomedovun isə milli kimliyi ləzgidir. Putinin bu qərarı Azərbaycan və Dağıstan ləzgilərinə atılmış ən düşünülmüş addımdır. Çünki, RATİ rus kəşfiyyat orqanlarının yaratmış olduğu bir qurumdur. Tam mənasilə təşkilat Azərbaycanda hakimiyyət çevrilişi etmək üçün gizli şəkildə fəaliyyət göstərir. R.Abdulatipov da Azərbaycana qarşı aqressiv mövqe nümayiş etdirən Söyün Sadıqovla eyni təşkilatın üzvüdür. Abdulatipovun avar olması bir daha sübut etdi ki, RATİ heç də Rusiyada yaşayan azərbaycanlı iş adamların yaratmış olduğu birlik deyil. RF başçısı Vladimir Putin də məqsədyönlü şəkildə məhz Azərbaycana qarşı yönəlmiş təşkilatın üzvünü Azərbaycanla sərhəd bölgəyə vəzifəyə təyin etdi. R.Abdulatipov digər tərəfdən millətlərarası münaqişələr üzrə çox professional siyasətçidir. Bu insan etnik azlıqlar arasında münaqişə yaratmağın bütün yollarını bilir. Kremldən Abdulatipova tapşırılan əsas vəzifələrdən biri Dağıstan ləzgilərini Azərbaycana qarşı ərazi iddiaları ilə ayağa qaldırmaqdır. Abdulatipovun simasında Dağıstanda separatçı "Sadval" təşkilatı yenidən fəallaşa bilər. Çünki, indiki məqamda bu gediş Rusiyanın maraqlarına tam cavab verir. Belə olacağı təqdirdə Rusiya Dağıstanda təhlükəsizliyi təmin etməklə yanaşı Azərbaycanı yeni problemlə üz-üzə qoymuş olacaq. Ləzgilərin ayrı-ayrı qruplaşmalar şəklində Rusiya dövlət dairələrinə çıxması Kremlin siyasətində çaşqınlıq yarada bilər. Odur ki, Putin Abdulatipov kartından lazımi şəkildə istifadə etməyə çalışacaq. İkincisi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja Ermənistanda səfərdə oldu. Bordyuja Azərbaycan Nazirlər Kabinetinin ölkənin işğal olunmuş əraziləri üzərində qanunsuz uçuş keçirəcək təyyarələrin vurulması barədə qərarına münasibət bildirərkən deyib ki, bu, ya uğursuz interpretasiya, ya da uğursuz zarafatdır. Baş katib bildirib ki, o, Azərbaycana ümumbəşəri normalara sadiq, sivil dövlət kimi baxır və inanmır ki, belə bir ölkə hakimiyyəti mülki təyyarələrin qəsdən vurulması barədə əmr verər. Ona görə də KTMT rəsmisi Azərbaycan tərəfin bu qərarını qeyri-ciddi adlandırıb. Bordyujanın açıqlamasında Vladimir Putinin adından Azərbaycanı qəsdən Ermənistanla müharibəyə təhrik etmə xarakteri var. Rusiya Azərbaycanın Xocalı aeroportundan qalxan erməni təyyarəsini vuracağı təqdirdə bunun beynəlxalq hüuquq normaları çərçivəsində olacağını çox gözəl bilir. Digər tərəfdən də onu da bilir ki, Azərbaycan verdiyi qərarı geri götürə bilər. Bordyuja sətraltı məna ilə Azərbaycana "təyyarəni vur" deyir. Belə olan halda Rusiyanın Azərbaycana müdaxiləsi üçün real şans yaranacaq. Azərbaycanın vurmaq qərarından vaz keçməsi isə Rusiyaya vurulan ən böyük zərbə olacaq. Rusiyanın "Nezavisimaya qazetını"n Xocalı aeroportu barədə yaydığı məlumat da eyni xarakterə malikdir. Qəzet yazır ki, Azərbaycan təyyarələri vurmaq imkanını 2010-cu ildə Dmitri Medvedevin prezidentliyi dövründə Moskvanın Bakıya müasir tipli, bəzi parametrlərinə görə dünyada analoqu olmayan iki ədəd "Favorit" zenit raket sistemi satması nəticəsində əldə edib. Azərbaycan Xocalı aeroportundan istifadə edəcək təyyarələri bu raket vasitəsilə rahat şəkildə vuracaq. Həmçinin "Nezavisimaya qazeta" bu zenit raket sisteminin texniki xarakteristikasına görə, bütün Dağlıq Qarabağ səmasını nəzarətdə saxlamaq imkanına malik olduğunu bildirib. Qəzet qeyd edir ki, Ermənistanın müdafiə naziri Seyran Ohanyan "Ermənistanın Hava Hücumundan Müdafiə sistemi ölkə səmasının təhlükəsizliyini təmin etmək iqtidarındadır" bəyanatı versə də, "Favorit"dən istifadə zamanı praktiki olaraq heç nə etmək mümkün deyil. Məsələdə əsas diqqət çəkən məqam rus nəşrinin münaqişəni Ermənistan-Azərbaycan kontekstində xarakterizə etməsidir. Gizli deyil ki, Azərbaycanın erməni təyyarəsini vurmasından sonra Azərbaycana cavab Ermənistandan yox, Dağlıq Qarabağdakı rus hərbi birləşmələrindən gələcək. Sadəcə olaraq bu gün Rusiya hakimiyyətinin rus mətbuatının qarşısına qoyduğu əsas vəzifə ictimaiyyət arasında fikir ayrılığı yaratmaqdır. Yəni ki, Rusiya Ermənistanla Azərbaycan arasında baş verəcək yeni müharibədə bütün məsuliyyəti öz üzərindən ataraq erməni hakimiyyətinin üstünə qoymağa səy göstərir. Üçüncüsü, Rusiya müdafiə naziri Sergey Şoyqunun İrəvana səfəri zamanı ortaya atılan bir sıra məqamlardır. "Biz erməni həmkarımızla hərbi-texniki əməkdaşlıq və strateji tərəfdaşlığımızın daha da inkişaf etdirilməsi məsələlərini müzakirə etdik. Bu, ilk görüşümüz deyil, tez tez-görüşürük. Təkcə fikir mübadiləsi aparmır, həm də qərarlar qəbul edirik. Son görüşümüzdə müzakirə etdiyimiz məsələlər artıq bu ay həllini tapdı. İrəvanda regionda təhlükəsizliyin təmin olunmasına yönəlmiş əlavə elementlərin formalaşdırılmasına dair sənədlər imzalayacağıq". Bu barədə mətbuat konfransı keçirən S.Şoyqu deyib. Şoyqunun bəyanatı ilə yuxarıda göstərilən bəzi elementlər arasında təzadlar mövcuddur. Şoyqu isə deyilənlərin tam əksinə gedərək, Azərbaycanla müharibə şəraitində Ermənistanla birgə hərəkət edəcəklərini bildirir. Bir sözlə Şoyqu rəsmi Bakını Kremllə uzlaşma siyasətinə çağırdı və hadisələrin əks tərəfini düşünürək Azərbaycanı müharibə ilə təhdid etdi. Dördüncü faktorda isə İran və Gürcüstan yer alır. İran Azərbaycanı insan hüquqlarının tapdalanmasına görə tənqid etdi. Nə qədər gülünc doğursa da bunu İranın irticaçı rejimi bəyan elədi. Putin tapşırıqları üzərində hərəkət edən Mahmud Əhmədinejad İran-Azərbaycan arasında yaranmış gərginliyin əsas müəllifidir. Bu gün İran Rusiyanın Azərbaycana müdaxiləsinə rəvac verən əsas ölkədir. Məhz Rusiyanın Azərbaycan maraqlarına görə İranın irticaçı rejimi Azərbaycanla münasibətləri istiləşdirməyə maraqlı deyil. İki dövlət arasındakı münasibətlərin dalana dirənməsində məsul ölkə Rusiyadır. Digər tərəfdən Gürcüstanla Azərbaycan əlaqələrində yaranmış durğunulqda da Rusiya əsas pay sahibidir. Gürcü baş nazir Bidzina İvanişvilinin Abxaziya dəmiryol xəttinin açılması istiqamətindəki səyləri Rusiyanın Azərbaycanı işğal etməsinə yol açmaq istəyindən irəli gəlir. Rusiya ilə Ermənistanı birləşdirən dəmiryol xətti müharibə əsnasında rus silahlarının Ermənistana idxalı üçün əsas keçiddir. İvanişvili erməni seperatçısı Vaaqn Çaxalyanı azadlığa buraxması da Kremlin tapşırığı ilə həyata keçirilib. Bu gün İvanişvili Rusiya hərbi birləşmələrini Cənubi Qafqazda, xüsusən də Azərbaycanda görməkdən məmnunluq hissi duymaq üçün ən axırıncı yola da əl atır. Azərbaycan Rusiyanın ona təzyiqlərini dəf etmək üçün xüsusilə tez bir zamanda Gürcüstanla birlik nümayiş etdirməlidir. Prezident Mixail Saakaşvili artıq bu barədə Azərbaycana bəyanat verib. Saakaşvilinin sözlərinə görə regionu təhlükədən qurtarmaq üçün Azərbaycanın Saakaşvili hakimiyyətinə yardım etməsi mütləqdir. Əks təqdirdə nə Azərbaycan, nə də ki, Gürcüstan Rusiya müdaxiləsinin qarşısını almaq iqtidarında olmayacaq.
 

Mənsur Rəğbətoğlu
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00