İran Türkiyəni müharibəyə sürükləyir - REGİONDA VƏZİYYƏT

Yaxın Şərq qan gölünə çevrilə bilər

Suriya böhranı davam edir. Dünya birliyi lazımi ölçü götürmədikcə Suriya diktatoru Bəşər Əsəd öz xalqına və müxaliflərə qarşı qanlı terror aktlarını davam etdirir. Vəziyyət günü-gündən gərginləşir. Bir ara Rusiya və İran Əsədin arxasından çəkilirmiş kimi görüntü versələr də, vəziyyət fərqlidir. Görünən odur ki, İran Suriya diktatorunu sonuncu suriyalı qalana  qədər müdafiə edəcək. Bu arada Suriya hadisələrini təmkinlə izləyən rəsmi Ankaranı münaqişəyə atmaq istəyən güclər fəallaşıb. Rusiya və İran Türkiyəni açıq-aşkar  Suriyaya müdaxilə etməyə sövq edirlər. Ankara 2 ildir ki, Tehran və Moskvanın Əsədin əli ilə reallaşdırdıqları təxribatlara getmir. Bəşər Əsəd Türkiyə ərazisinə bir neçə dəfə raket atsa da, rus silahı ilə türk təyyarəsini vursa da, Türkiyə gərəkən reaksiyanı vermədi. Bu dəfə Suriya polisi Türkiyənin Xatay vilayətinə keçərək burada suriyalı müxaliflərə qarşı əməliyyat aparıb. Türkiyə təhlükəsizlik gücləri suriyalı basqınçılara cavab veriblər. Amma narahatedici məqam Bəşər Əsədin təxribatçı addımlarının çoxalacağıdır. Siyasi ekspertlər hesab edir ki, xırda qonşu dövlətlərə  müdaxilə etməyə müntəzir dayanmış Rusiya və İran Türkiyəni hər vəchlə Suriyaya girməyəy vadar etmək istəyirlər. Hiyləgər ssenaridir. Çünki Türkiyəni buna vadar edə bilsələr, qonşu dövlətlərə müdaxilə presedenti yaranacaq. Bu arada İsrail dövləti də bölgədə müharibəni qızışdıracaq addımlar atıb. Xəbər verilir ki, İsrail silahlı qüvvələri Suriyanın Caramay məntəqəsindəki araşdırma mərkəzinə avia zərbələr endiriblər. Nəticədə 2 nəfər həlak olub, 5 nəfər isə yaralanıb. 

Zərbələr iki dəfə, yanvarın 30-u səhər və axşam saatlarında endirilib. Binaya ciddi ziyan dəyib. Suriya ordusunun yaydığı məlumata görə, sözügedən mərkəz bir neçə ay ərzində silahlı üsyançılar tərəfindən də ciddi hücuma məruz qalırmış.

Bu arada İran rəsmi Ankaraya qarşı ideoloji mübarizəyə start verib. Suriya alovunun İrana keçməsini istəməyən İran bütün gücünü qoyur ki, Suriya münaqişəsi həll edilməsin. İran rəsmiləri Türkiyəni Suriya dövlətinə qarşı qərəzli münasibətdə suçlandırırlar. İranın tanınmış din xadimlərindən biri Ayətullah Nasir Məkarim Şirazi Türkiyəni islamdan çıxmaqda ittiham edib. O bildirib ki, Türkiyə bir zamanlar İslam yolunda olub, sonra 180 dərəcə dəyişərək İsrail və Amerikayla birlikdə hərəkət edir. Ayətullah Şirazi Türkiyə dövlətinə sərt xəbərdarlıq edib: "Tehranla Ankara arasındakı əlaqələr məni maraqlandırmaz, lakin İran xalqı və ictimaiyyəti tərəfindən türk dövlət adamlarını xəbərdar edirəm: bütün İran xalqı Türkiyənin etdiklərinə görə Ankaraya nifrət edir". Türkiyənin bütün qonşuları ilə münaqişəyə meyilli olduğunu deyən Şirazi bildirib ki, rəsmi Ankara Suriyada tökülən qanlara görə məsuliyyət daşıyır: "Bu çox təəccüblüdür. Türkiyə Suriya ilə toqquşur. Davamlı şəkildə terrorçuları öyrədib, müsəlman qardaşlarını öldürmək üçün Suriyaya göndərir. Türk kəşfiyyatı son zamanlarda İraqda da fəallaşıb. İraqda qanuni bir iqtidar varkən iraqlı müxalifləri yönəltməyə çalışır. Ankara bu addımı ilə Rusiya ilə də münasibətləri kəskinləşdirir". Siyasi ekspertlər İran din xadiminin bu açıqlamasını təhlükəli sayırlar. Hesab olunur ki, İranın dini liderləri bunun ardınca Türkiyə əleyhinə fətvalar verə bilərlər. Bu artıq Türkiyəyə müharibə anlamına gəlir. İran müştəhidləri Türkiyəni xain göstərən fətva versə, İrana bağlı terror təşkilatları Türkiyəni hədəfə alacaqlar. Türkiyənin cavabı isə bölgədə müharibənin başlaması demək olacaq.

Hüseyn Meşkinli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00