Rusiya Qafqazda təhlükəli oyuna girişib - REGİON

Kreml qonşu dövlətlər arasında ziddiyyətlər yaradır

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja Azərbaycan Nazirlər Kabinetinin ölkənin işğal olunmuş əraziləri üzərində qanunsuz uçuş keçirəcək təyyarələrin vurulması barədə qərarını interpretasiya, uğursuz zarafat adlandırıb. Qeyd edək ki, N.Bordyuja bunu Ermənistanda səfərdə olarkən səsləndirib. Bordyujanın bu açıqlamasında əslində Rusiya prezidenti Vladimir Putinin Azərbaycana istiqamətlənmiş müharibə mesajı var. Xankəndindən qaldırılmış erməni təyyarələrini vurmaq Azərbaycanın ən təbii haqqıdır. Azərbaycanın qəbul edəcəyi bu qərar beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycanın öz sərhədlərini qoruması deməkdir. Digər tərəfdən bu Azərbaycan üçün baha başa gələcək. Çünki, heç bir beynəlxalq təşkilatı saya almayan Rusiya üçün Azərbaycan tərəfin Ermənistan təyyarəsini vurması tarixi şansdır. Bu halda Ermənistan Kremlin tapşırığına uyğun olaraq Azərbaycana cavab verəcək. Vladimir Putinin Azərbaycanı tutmaq strategiyasının ana xəttində isə Azərbaycanı öz qonşuları ilə blokadaya almaq dayanır.

Moskvanın Qafqazdakı əsas "qala divarı" - Ermənistan

Ermənistan Azərbaycanın Rusiyaya qarşı məsafəli duruşunda Kreml üçün rəsmi Bakıya qarşı istinad nöqtəsidir. Rusiya Azərbaycana daha yaxın nöqtədə öz varlığını hiss etdrimək üçün Ermənistandan sui-istifadə edir. Kreml ermənilərdən istifadə etdiyi halda Ermənistan iqtisadiyyatına heç bir investisiya qoymur. Əksinə bu gün kiçik sənaye müəssisələrindən Ermənistan Hava Yolları şirkətinədək bütün iqtisadiyyat rus oliqarxları tərəfindən özəlləşdirilib. Ermənistan iqtisadiyyatından əldə olunan gəlirlərin çox böyük hissəsi Rusiya banklarına axır.  Bu məzmunda Rusiya-Ermənistan əməkdaşlığı Ermənistanı tamamilə rus hakimiyyətindən asılı vəziyyətə salıb. Serj Sərkisyan Ermənistanın Rusiya ilə əməkdaşlığında çox istiqamətli xarici əlaqələrə söykənən komplementarizm konsepsiyasını vurğulasa da bunun səmimi şərh olmadığı aydın görünür. Ermənistanın tarixi böhran sindromuna baxanda erməni dövləti heç Rusiya üçün əlverişli müttəfiq deyil. Ermənistan sadəcə olaraq Rusiyanın Azərbaycana nəzarəti üçün pusqu mövqeyi rolunu oynayır. SSRİ-nin parçalanmasından sonra Kremlin nəzarətindən çıxan Rusiya Dağlıq Qarabağı işğal edərək Ermənistana verməsi də bu məsələdə katalizator rolunu oynayır. Rusiya məhz Azərbaycanı blokadaya almaq planını Ermənistandan başladıb.   

"Rus ruletkası"nın təhlükəli oyunçusu - İran 

Rusiyanın İrandakı irticaçı molla rejimini dəstəkləməsinin açılışı sadə məntiqə istinad edir. Kreml Güney Azərbaycanda 42 milyonluq Azərbaycan türkünü nəzərə alaraq radikal islamçı hakimiyyəti ehtirasla dəstəkləyir. Buna görə Rusiya İsrail-İran müharibəsinin qarşısını almaqda son dərəcə maraqlıdır. Amerikalı konqresmen Dana Roxarbaxerin Güney Azərbaycanla bağlı ABŞ Senatına təqdim etdiyi və BMT-nin qəbul etdiyi qətnamələr Rusiyanın qonşuluğunda Birləşmiş Azərbaycan Dövlətinin təşəkkül tapmasıdır. İndiki məqamda isə bu amil nə Rusiyanın, nə də ki İranın planlarına daxil deyil. Məhz Mahmud Əhmədinejadın Azərbaycana qarşı çevrilməsi bu faktordan doğan amildir. İraq, Suriya, Əfqanıstan, Misir və Liviya ssenarilərindən sonra Rusiya Yaxın Şərqdə İranla zəif düşmək istəmir. İranın NATO, ABŞ və İsrail tərəfindən tutulması Azərbaycanın tamamilə Rusiya əhatə dairəsindən uzaqlaşması deməkdir.

"Rus səddi"nin son hörgü daşı - Gürcüstan

Gürcüstanda keçirilən parlament seçkilərində gürcülərin ən pis seçimi Bidzina İvanişvili idi. İvanişvili prezident Mixail Saakaşviliyə qarşı başlatdığı "səlib yürüşü" ilə sübut etdi ki, Bidzina Gürcüstan hakimiyyətinə "KQB zirzəmisin"dən atılıb. Məhz Saakaşvili baş naziri əbəs yerə "Kremlin oyuncağı" adlandırmamışdı. Azərbaycanın Cənubi Qafqazdakı translayihələrinə qarşı aqressiya və Dağlıq Qarabağla mövzusunda ikili standartlar sərgiləməsi İvanişvili barədə irəli sürülən proqnozları sübut edir. "Gürcüstan dövlətçiliyi məhvə doğru gedirsə, susmaq niyyətində deyiləm!". Bu barədə isə gürcü mətbuatına prezident Mixail Saakaşvili deyib.  

Putinin məkrli Azərbaycan planı Rusiyanın sonu olacaq

Rusiya prezidenti Vladimir Putinin Azərbaycan ətrafında nümayiş etdirdiyi siyasi manevr isə heç də göründüyü kimi sadə deyil. Başlaması an məsələsi olan İsrail-İran müharibəsi Rusiyanın Azərbaycan ətrafında çəkdiyi "rus səddi"ni təməlindən laxladacaq. MOSSAD-ın İranın ən gizli nüvə bazası hesab olunan Fordonu məhv etməsi Tehranla yanaşı Kremli də təlaşlandırdı. Çünki, ABŞ-ın İrana qarşı müharibə planında Azərbaycan xüsusi əhəmiyyətlidir. Hətta o qədər vacibdir ki, Azərbaycan olmasa plan təxirə salına bilər. Odur ki, İsrail və İran arasında müharibə başlamadan Rusiya mümkün qədər tez Xankəndi aeroportunu istifadəyə verməyə çalışır. Məhz KTMT-nin baş katibi Nikolay Bordyujanın bu barədə açıqlaması qızışdırıcı katalizator rolunu oynayır. Azərbaycan isə bütün vasitələrdən istifadə edərək Ermənistan və Rusiyanı bundan çəkindirməli, mümkün olduqca məsələni İsrail-İran müharibəsinədək təxirə salmalıdır. Bu halda isə Rusiya Azərbaycana heç bir təzyiq etmək iqtidarında olmayacaq. Digər tərəfdən Rusiya da bu təhlükəli qərara getməyəcək. İndiki məqamda Rusiyanın əsas məqsədi qonşu ölkələri Azərbaycana qarşı qoymaqla respublikanı blokadaya salmağa çalışır. Belə olan təqdirdə Kreml düşüncəsinə görə İsrail və ABŞ-ın regiondakı təsirləri zərbə altında qalacaq. Bütün hallarda isə Rusiya istər tək, istərsə də müttəfiqlərilə NATO, Qərb, İsrail və ABŞ-a hərbi cavab vermək iqtidarında deyil. Rusiya Gürcüstan, Ermənistan və İranla birləşib öz planını həyata keçirməyə cəhd etsə sözün əsil mənasında bu Rusiyanın sonu olacaq.

Mənsur 

ni təməlindən laxladacaq. MOSSAD-ın İranın ən gizli n

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00