Müsavatın mənfi ənənəsi fəsadlarını verir - SİYASİ ŞƏRH

Prezident seçkilərində müxalifətin səsləri parçalanacaq

Ötən ilin noyabrında-prezident seçkilərinə 1 il qalmış Müsavat Məclisinin partiya başqanı İsa Qəmbəri namizəd olaraq irəli sürməsi müxalifət düşərgəsində narazılıqla qarşılanmışdı. Müxalifət ideoloqları, müstəqil ekspertlər hesab edirdilər ki, bu addım yanlışdı və müxalifətin parçalanmasına gətirib çıxaracaq. Hesab olunurdu ki, Müsavat başqanının indidən namizədliyini göstərməsi müxalifət daxilində inteqrasiya meylərini dayandıracaq, namizəd bumuna gətirib çıxaracaq. Müsavat başqanının addımı müxalifətin ən real namizədini qəbul etmək istməyən partiyaların əlinə dəstəvuz verəcək. Deyilənlər nəhayət, öz təsdiqini tapdı. Müsavat başqanının mənfi presedent yaradan addımı öz fəsadlarını iki ay sonra verdi. Artıq müxalifət düşərgəsində namizəd bumu yaranıb. KXCP Ali Məclisinin toplantısında partiya üzvləri Mirmahmud Mirəlioğlunun namizədliyini irəli sürüblər. Ənənəvi müxalifəti tənqid edən, liderlərin və müxalifət ətrafı mətbuatın tez-tez ələ saldığı Real hərəkatı da öz namizədini irəli sürəcək. Hərəkatın lideri İlqar Məmmədov mətbuata açıqlamasında deyib ki, 2013-cü il prezident seçkilərinə gedən yolda REAL hərəkatı cəmi bir neçə həftə sonra namizədliyimi elan etməyi düşünür: "İldən-ilə oynanılan seçki tamaşasını nəzarətsiz fəaliyyətimizlə poza bilərik deyə, həmişəki oyunçuların gözündə ciddi əngələ çevrilmişik". Real hərəkatı ilə ənənəvi müxalifət arasında soyuq münasibətləri yada saldıqda belə nəticəyə gəlmək olur ki, hərəkat lideri sona qədər mübarizə aparacaq və köhnə müxalifət üçün ciddi maneəyə çevriləcək. Bu günlərdə elan olunacaq "El" hərəkatının da prezidentliyə öz namizədini irəli sürəcəyi artıq dəqiqdir. Bu barədə istər Rüstəm İbrahimbəyov, istərsə də Eldar Namazov çıxışlarında danışıblar. "Qarabağ" blokundan da prezidentliyə namizəd çıxacaq. Blokun ikinci partiyası Ümidin son illər təşkilatlanması, başqa partiyalardan gələnləri mərkəzi qərargahda yerləşdirməsi belə deməyə əsas verir ki, bu partiya seçkilərə hazırlaşır və indidən seçki qərargahı da hazırdır. Artıq hansı rayonlarla kimlər işləyəcək, o da məlumdur. Böyük ehtimalla, Ümid partiyasının sədri ADP-nin də xeyir-duası ilə prezident seçkilərinə qatılacaq.

AXCP sədri Əli Kərimli seçkiləri boykot edəcəyi gözlənilir. Seçkiyə qatılsa, onun işi çətin olacaq. AXC şinelindən çıxmış protest elektoratının səsləri ən azı 3 yerə parçalanacaq. Xatırladaq ki, bu elektorata Müsavat, AXCP, KXCP  iddialıdır. Liberal Partiyaını lideri Lalə Şövkət zaman-zaman hakimiyyətdən qopmuş insanların dəstəyinə ümid edə bilər. Eldar Namazov regional elektoratın, İlqar Məmmədov isə ənənəvi müxalifəti siyasi səhnədən sıxışdırıb çıxarmaq istəyən yeni qüvvələrin-gəncliyin səsinə ümid edir. Müsavat mətbuatının iddia etdiyi kimi, İctimai Palatadan başqa bir namizəd də çıxsa (iddia olunur ki, o neytral namizəd olacaq) o zaman ənənəvi müxalifətin  işi daha çətin olacaq. Bu baxımdan Rüstəm İbrahimbəyovun təklif etdiyi "namizədlər klubu"-Milli Şura yaradılmasa və vahid namizəd məsələsində razılığa gəlməsə, seçkilərdə ənənəvi müxalifətin vəziyyəti ürəkaçan olmayacaq.

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00