Hakim partiyanın gəncləri gənclər gününü qeyd edib
29 Yanvar 2013 18:00 Siyasət2 fevral Gənclər günü ilə bağlı Yeni Azərbaycan Partiyası Gənclər Birliyi tədbir keçirib. Tədbirdə hakim partiyanın sədr müavini Əli Əhmədov, YAP-ın icra katibinin müavinləri Mübariz Qurbanlı, Siyavuş Novruzov, millət vəkilləri, gənclər və kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak edib. Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, ölkəmizdə gənclər siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Hazırda bu siyasətin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran Seymur Orucov qyd edib ki, ümummilli lider Heydər Əliyev daima gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirib, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verib: "Məhz bu baxımdan Heydər Əliyevin sərəncamı ilə 2 fevral tarixinin Gənclər günü kimi qeyd olunması gəncliyə göstərilən diqqət və qayğının bir nümunəsi idi. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır". YAP Gənclər Birliyinin sədri qeyd edib ki, prezident İlham Əliyevin gənclərlə bağlı imzaladığı fərman və sərəncamlar, təsdiq etdiyi dövlət proqramları Azərbaycan gəncləri üçün yeni-yeni imkanlar açır: "2007-2015-ci illərdə Azərbaycan Gənclərinin xarici ölkələrdə təhsil alması üzrə Dövlət Proqramı" bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkan yaradır". Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov isə çıxışında vurğulayıb ki, Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi həyatında mühüm yer tutur, siyasi proseslərdə fəallıq nümayiş etdirirlər: "Azərbaycanın gələcəyi parlaqdır. Çünki yüksək səviyyəli təhsil alan gənclər hadisələri gecikmədən daha yüksək formada dəyərləndirməyə qadirdirlər. Bu, Azərbaycan dövləti tərəfindən onlara yaradılan şəraitin, ümumilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin nəticəsidir". Hakim partiyanın rəsmisi əmin olduğunu bildirib ki, Azərbaycan gəncləri vətənpərvərlikləri, siyasi fəallıq, güc və qüdrətləri sayəsində ölkənin uğurlu gələcəyini təmin edəcəklər. 2013-cü ilin prezident seçkiləri ili olduğunu xatırladan Əli Əhmədov deyib ki, Yeni Azərbaycan Partiyasının fəallığının təmin edilməsinə gənclər öz töhfələrini verəcək, Azərbaycanın gələcəyi naminə prezident seçkilərinin əhəmiyyət kəsb etməsi barədə təbliğat aparacaqlar. Gənclər və idman nazirinin müavini İntiqam Babayevin sözlərinə görə, bugünkü Azərbaycan gəncliyinin elə bir nəsli formalaşıb ki, onlar ölkənin qüdrətlənməsində fəal iştirak edir, beynəxalq aləmdə Azərbaycanı layiqincə təmsil edirlər. Nazir müavininin sözlərinə görə, bugünkü Azərbaycan gəncliyi yalnız müşahidəçi rolu ilə kifayətlənmir, eyni zamanda ölkənin siyasi həyatında öz sözünü deyir. İntiqam Babayev gənclərlə bağlı ölkədə müxtəlif layihələrin həyata keçirildiyini, bu istiqamətdə Dövlət Proqramının qəbul olunduğunu diqqətə çatdırıb: ""Bu gənclik imkan verməyəcək ki, Azərbaycanın bugünkü inkişafına zərər gəlsin", Milli Məclisin deputatı, "Böyük İpək Yolu" Beynəlxalq gənclər təşkilatının sədri Fuad Muradov isə çıxışında qeyd edib ki, Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, dövlətçiliyin möhkələnməsində gənclərin üzərinə böyük iş düşür. Yeni Azərbaycan Partiyasının Azərbaycanda ən böyük partiya olduğunu qeyd edən millət vəkili deyib ki, Azərbaycanda gənclərlə bağlı müxtəlif proqramlar, layihələr həyata keçirilir, ölkəmizdə böyük beynəlxalq tədbirlər təşkil olunur. Daha sonra çıxış edən Azərbaycan Tələbə Gənclər Təşkilatının sədri Şahin İsmayıllov, YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva da ölkədə gənclərə yaradılan şəraitdən danışıblar. Tədbirin sonunda hakim partiyanın fəal gəncləri fəxri fərmanlarla təltif olunublar.
Süleyman İsmayılbəyli