İrəvan narahatdır, Kreml Bakıya güzəştə gedə bilər - REGİON
Ermənistan prezidenti Serj Sərkisyan Rusiya və ABŞ-ı Azərbaycanpərəst siyasətdə ittiham edir
29 Yanvar 2013 15:09 SiyasətKaren Akopçanyan adlı erməni jurnalist "7or.am" saytında prezident Serj Sərkisyanın idarəçilik resurslarının tükəndiyini yazıb. Sərkisyanın idarəçilik xüsusiyyətlərinin itirməsi Ermənistan ictimaiyyəti tərəfindən birmənalı şəkildə qarşılanmır. Erməni politoloqlar hesab edirlər ki, artıq Serj Sərkisyanın dövləti idarə edə bilmək qabiliyyətini tamamilə itirib və erməni prezident Ermənistanın mövcud vəziyyəti ilə bağlı dünya ictimaiyyətinə yalanlar satır. Ermənistan cəmiyyəti çökür, ermənilər ölkəni tərk edirlər, iqtisadi böhran dərinləşir. Korrupsiya, insan hüquqlarının pozulmasına görə 2012-ci ildə Ermənistanı 1 milyondan çox erməni tərk edib. Ölkədə qalanlar isə ümidsiz vəziyyətdədir. Hətta Ermənistan ordusunda xidmət edən zabitlər də ölkəni tərk etmək üçün saatlarla miqrasiya xidmətinin qarşısında növbəyə dururlar. Ermənistan Miqrasiya Xidmətinin rəhbəri Qaqik Yeqanyan vəziyyətin həddindən artıq narahatverici olduğunu bildirib. Sosioloq Ruven Yeqenyanın sözlərinə görə ermənilərin ölkəni tərk etmək tempi səngiməsə 50 ildən sonra Ermənistanda 500-600 min əhali qalacaq. Ermənistanı tərk edən ermənilərin ən çox üz tutduğu ölkə isə Rusiyadır. Çünki, Fransa da daxil olmaqla Avropa ölkələrinin əksəriyyəti ermənilərə viza vermir. Ermənistanda qalan əhalinin isə 60-70 faizi işsizdir. Ermənistan hakimiyyəti bir qrup erməni işadamının əlində olduğundan ölkədə korrupsiyanın dərəcəsi də həddindən artıq yuxarıdır. "Transparency International" təşkilatının açıqlamasında Ermənistan rüşvətin səviyyəsinə görə 129-cu yerdə qərarlaşır. Həmçinin 2012-ci il ərzində 4 mindən çox adam siyasi təqiblərə məruz qalıb. Bu fonda da Serj Sərkisyanın hakimiyyətdə qalmaq ehtirası yerli cəmiyyət tərəfindən etirazla qarşılanır. Beynəlxalq siyasi proseslərdə də Ermənistanın vəziyyəti ürəkaçan deyil, Serj Sərkisyanın pərdəarxası siyasətdə ipi ABŞ və Rusiyanın əlindədir, kim hara çəksə ora gedir. Sərkisyan isə "The Wall Street" jurnalına verdiyi reportajda Ermənistanda vəziyyətin günbəgün yaxşıya doğru inkişaf etdiyini bildirib. Erməni prezidentin sözlərinə görə Ermənistan hakimiyyəti vətəndaşlarının rifah halının yaxşılaşdırılması istiqamətində böyük enerji sərf edir. Hətta, Sərkisyan iddia edir ki, Azərbaycan Dağlıq Qarabağa görə Ermənistana müharibə etsə Azərbaycan ordusu "güclü erməni qüvvələri" ilə üzləşməli olacaq. Ermənistan dövlət başçısının bu açıqlamasından da görünür ki, Sərkisyan tamamilə vicdandan uzaq adamdır. Yəni ki, erməni prezident demək istəyir ki, Ermənistanın hərbi, iqtisadi, sosial, ictimai, mədəni və siyasi cəhətlərini Rusiya müəyyənləşdirmir. Bu tamamilə Ermənistana yaxılan "qara ləkə"dir. Sərkisyan bu sərsəm fikirlərlə Ermənistana xas olmayan "möhtərəmlik" statusu qazandırmağa çalışır. Həmçinin o, tutduğu posta qazanmaq üçün prezident seçkilərindən qabaq xal qazanmaq niyyəti güdür. Qlobal geosiyasi cərəyan edən proseslər müstəvisində Ermənistan prezidentinin bu açıqlaması əsassız və gülüş doğurur. Serj Sərkisyan Rusiyanın regionda apardığı siyasətin piyonudur və gerçəklik bundan ibarətdir ki, bu günki Ermənistan Azərbaycana təzyiq etmək gücündə deyil. Ermənistan bir dövlət kimi bütün ciddi geosiyasi planlarda yer alımır, İrəvana hər hansı regional layihələrdə rol verilmir, İran ətrafında yaranmış situasiyada Ermənistandan bəhs edilmir. Elə buna görə də Sərkisyan əsassız olaraq açıqlamasında həmin proseslərdə Ermənistanın xüsusi rol oynadığını bildirir. Nitqində Ermənistan başçısının "güclü erməni ordusu" ifadəsinə tez-tez yer verməsi də geosiyasi proseslər fonunda Ermənistandan danışılmadığı halda öz ölkəsini "önəmli oyunçu" kimi gözə soxmaq istəyindən irəli gəlir. Yəni ki, Sərkisyan tamamilə reallıqdan uzaq danışır və görmək istədiyi şeylərdən bəhs edir. Buna "Sərkisyanın arzu və istəkləri" adını versək daha düzgün ifadə işlətmiş olarıq. Ermənistan prezidenti digər tərəfdən iddia edir ki, Azərbaycan tərəfi Ermənistanla müharibəyə hazırlaşır və Ermənistanın bu müharibəni istəmədiyini ifadə edir. "Ermənistanın çox güclü ordusu var" deməklə ermənilərin prezidenti Rusiyadan ümid istədiyini ifadə edir. Başqa bir tərəfdən də Sərkisyan açıq şəkildə göstərir ki, Ermənistan Azərbaycandan qorxur. Həm də Ermənistan hakimiyyəti bölgədə baş verən proseslərdə Rusiya və ABŞ-ın son anda Azərbaycana gedəcəyi güzəştlərdən çəkinir. Əsasən də İran ətrafında yaranmış vəziyyət onu göstərir ki, Rusiya və ABŞ Azərbaycana güzəştə getməyə məcburdurlar. Çünki, Azərbaycanın öz maraqlarına uyğun atacağı addım Rusiya və ABŞ-ın bütün planlarını alt-üst edəcək. İrana görə Rusiya Dağlıq Qarabağ münaqişəsini də Azərbaycanın lehinə öz ideyalarını geri götürə bilər. Çünki, İsrail və ABŞ hərbi bazalarının Azərbaycanda yerləşdirilməsi Kremlin əl-qolunu bağlayacaq. Bu da Rusiyanın maraqlarını əks etdirmir. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın haqlı maraqlarına uyğun həll edilməsindən sonra Azərbaycan hakimiyyəti tarazlaşdırılmış siyasətlə hər iki tərəfin bütün istəklərini geri itələyəcək. Buna görə də Sərkisyan Rusiya və ABŞ-ı Azərbaycanpərəst siyasətdə ittiham edir. Sərkisyanın son Paris səfəri bir daha göstərdi ki, Rusiya və ABŞ-dan sonra Fransa da Ermənistanı ciddi dövlət kimi qəbul etmir. Çünki, Sərkisyanın prezident Fransua Ollandla görüşündən başqa Fransa mediyası Ermənistan dövlət baçısının səfərini işıqlandırmadı. Ermənistan KİV-i isə Fransa səfərini xüsusi ajiotajla yerli ictimaiyyətə təqdim etdi.
Mənsur Rəğbətoğlu