Rüstəm İbrahimbəyov partiya yaradır - SİYASİ ANALİZ

“El” adlı qurum geniş hərəkat modelindən imtina edir

Kinodramaturq Rüstəm İbrahimbəyovun yaratdığı "El" hərəkatının təşkilat işlərini həyata keçirən politoloq  Eldar Namazov yeni hərəkatın formalaşması barədə məlumat verib. Politoloq bildirib ki, "EL" hərəkatında bir neçə pilləli idarəetmə strukturu olacaq. Bura hərəkatın sədri, İdarə Heyəti, Məclisi, hər bir seçki dairəsi üzrə nümayəndələri daxil olacaq. Prezident seçkisi dövründə isə əlavə strukturlar yaradılacaq. Politoloqun sözlərinə görə, qərara alınıb ki,  hərəkatın strukturlaşması rayonlar üzrə deyil, 125 seçki dairəsi və seçki məntəqələri üzrə olsun. Namazov qurumun rəhbərinin kimliyi məsələsinə aydınlıq gətirməyib. Bildirib ki, yaxın günlərdə keçiriləcək toplantıda sədr müəyyən olunacaq. Politoloqun açıqlaması bir sıra mətləblərə aydınlıq gətirir. "El" hərəkatına sədrin seçilməsi və yuxarıda göstərilən strukturların yaradılması onu deməyə əsas verir ki,  yeni qurum geniş hərəkat deyil, partiya olacaq. Aşkar görünür ki, Rüstəm İbrahimbəyov partiya yaradır. Görünür, ətrafında olanlar onu başa salıblar ki, ənənəvi müxalifətin "köhnə qurdları" onlara geniş hərəkat yaratmaq imkanı verməyəcəklər. Daha doğrusu belə bir imkan veriləcək, özləri də iştirak edəcəklər. Amma öz maraqlarına cavab verməyincə, o qurumu dağıdacaqlar. Yaxın tarixin acı təcrübəsi var. Demokratik Konqres, SİDSUH, DUH, Sabitlik İttifaqı və digər qurumlar ya AXCP-nin, ya da Müsavatın marağına cavab vermədiyi üçün parçalandı, dağıdıldı. Yeni yaranan hərəkat bu və ya digər partiyanın mənafeyinə cavab vermirsə, öncə ələ salınır, ictimai rəydə gözdən salınır, sonra parçalanır. "El" hərəkatı SİDSUH kimi partiya və QHT-lərin hərəkatı olsaydı, Müsavat və ya AXCP məsələn, seçkiyə az müddət qalmış qurumu parçalaya bilərdilər. Eldar Namazovun açıqlaması İbrahimbəyovun yeni qurumları barədə ictimai rəyə aydınlıq gətirib. Bu günə qədər İbrahimbəyovun Milli Şura, ya da "El" hərərkatı yaradacağı dəqiq deyildi. İndi məlum olur ki, İbrahimbəyov iki qurum yaradır. Öncə "El" adlı siyasi partiya strukturlarına malik təşkilat yaradır, sonra onun ətrafında siyasi partiyalar koalisiyası olan Milli Şura elan edilir. Bu baxımdan "El" hərəkatının elə siyasi partiya olacağını bəribaşdan söyləmək olar.  Böyük ehtimalla, "El" partiyasının Ağsaqqallar Şurası olacaq. Bu quruma Rüstəm İbrahimbəyov başçılıq edəcək. Quruma Zəfər Quliyev, Firudin Ağasıoğlu kimi ziyalılar üzv olacaqlar. Sədr isə Eldar Namazov seçiləcək. Onun missiyası AMİP-in stabil elektoratını, Müsavatın Arzu Səmədbəyli qanadını "El" partiyasının ətrafına toplamaq olacaq. "El" partiyası yaranandan sonra siyasi partiyalarla danışıqlar başlanacaq və  yeni partiyalar koalisiyası yaradılacaq. Yeni koalisiya İctimai Palatanı, "Qarabağ" blokunu da öz içinə alacaq. İsmayıllı hadisələrindən sonra ADP və Ümidin Müsavat qərargahına toplanması onu deməyə əsas verir ki, ənənəvi müxalifət seçki ərəfəsində bir araya gələ bilər. "El" hərəkatının siyasi partiya kimi təsis edilməsi İbrahimbəyova gözlənilən ümidləri doğrultmayacaq. Protest elektoratı onu hamını birləşdirə bilən ağsaqqal ziyalı kimi qəbul edirdi. İndi isə o siyasi partiya təmsilçisidir. "El"in partiya kimi yaradılması (görünür, partiya sədri olmaq istəyən Eldar Namazov öz mənafeyini daha üstün tutub) Ziyalılar Forumunun başladığı missiyaya zərbə vuracaq. Seçki ilində daha bir siyasi partiyanın yaradılması, inteqrasiya yox, deinteqrasiya meyllərinin atrması mənfi nəticələr verəcək.

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00