Rusiya çəkilir, İran isə Suriyanı təkbaşına qoruya bilməyəcək - AÇIQLAMA
Zərdüşt Əlizadə: “İran açıq şəkildə hələ də strateji maraqlarına görə Əsəd rejimini qorumağa çalışır ”
29 Yanvar 2013 12:09 Siyasət"Bəşər Əsədin hər gün, hər həftə şansı daha da azalır və ölkəni kimin idarə edəcəyinə Rusiya, ABŞ və ya hər hansı başqa ölkə deyil, Suriya xalqının özü qərar verəcəkdir". Bu barədə mətbuata açıqlamasında Rusiyanın baş naziri Dmitri Medvedyev deyib. Siyasi analitiklər Medvedyevin açıqlamasını Rusiyanın Suriya maraqlarından geri çəkilməsi və İranı bu məsələdə tək buraxması kimi xarakterizə edirlər. Məsələyə münasibət bildirən millət vəkili Rasim Musabəyovun sözlərinə görə İran təkbaşına Suriyanı qoruya bilməyəcək.
"Rusiyanın Tarsusdakı hərbi gəmiləri və texniki heyəti hələ də orada qalıb" deyən politoloq Zərdüşt Əlizadənin sözlərinə görə Rusiya 20-dən artıq hərbi gəmisini Suriya sahillərinə yığıb: "BMT-nin Təhlükəsizlik Şurasında daima Suriyanı dəstəkləyir və Suriyaya ediləcək xarici müdaxilələrin qarşısını alır. Yəni ki, konkret olaraq Rusiya Suriyadan geri çəkilməyib. İran isə açıq şəkildə müttəfiqi olan Suriyaya hər cür köməkliyi edir, çünki İran başa düşür ki, Suriyadan sonra ABŞ və İsrailin hədəfində fars dövləti olacaq".