“Dinin tələb etdiyi formatdan kənara çıxan, insanları yanlış yönə istiqamətləndirənlər mütləq şəkildə cəzalandırılmalıdır”

Hacı Ceyhun Şükürov: “Bütün din xadimləri və ilahiyyatçılar bir yerdə əl-ələ verib dövlətin və millətin mənafeyini qorumalıdır”

Hacı Ceyhun Şükürov: "Bütün din xadimləri və ilahiyyatçılar bir yerdə əl-ələ verib dövlətin və millətin mənafeyini qorumalıdır"

Bir neçə gündür ki, ölkənin gündəmini Gəncə şəhərində baş verən hadisələr zəbt edib. Bir qrup cinayətkar ünsürün din pərdəsi adı altında küçələrə çıxaraq ictimai asayişi pozması, iki polis zabitimizi qətlə yetirərək ölkədə xaos, anarxiya yaratmağa cəhd göstərməsi cəmiyyətin bütün təbəqələri tərəfindən etirazla qarşılanıb.  Ölkənin dini kəsimi, radikallıqdan uzaq əsl ibadətlə məşğul olan təbəqəsi də Gəncədə din pərdəsi adı altında cərəyan edən prosesləri ciddi şəkildə pisləyib, ona öz münasibətini sərgiləyib. İlahiyyatçı Hacı Ceyhun Şükürov bildirib ki, dini öz məqsədlərinə alət edənlər hər zaman olub, bundan sonra da olacaq. Onun sözlərinə görə, kütləni idarə etmək üçün əsas nüfuz vasitəsi olan din hər zaman mənfurların "dadına" çatıb: "Öz çirkin məqsədləri üçün dini terrorçuların alətinə çevirənlər heç şübhəsiz ki, ilk öncə öz məqsədlərini həyta keçirmək üçün kütlə arasında "beyin yuma" əməliyyatları aparırlar. Kütləni özlərinə sərf edəcək dərəcədə istədikləri nizama saldıqdan sonra isə artıq nəzarət olunmaz hala salınan insanları istədikləri formada idarə edirlər. Çox təəssüf ki, inanclı insanların etibarından sui istifadə edən bu "işbazlar" din adına, Allah adına, Peyğəmbər və İmam adına istədikləri yalan və qondarma rəvayət və "nağıllarla" insanları düzgün olmayan yönlərə sürükləyirlər". Hacı Ceyhun Şükürov deyib ki,  məzhəbindən və təriqətindən asılı olmayaraq dinin tələb etdiyi formatdan kənara çıxan,  Allahın əmr və qadağalarını öz istəklərinə uyğun izah edənlər, insanları yanlış yönə istiqamətləndirənlər mütləq şəkildə cəzalandırılmalıdır: "Dini mövzu çox həssas bir məsələdir. Bu baxımdan hər kəsin din barədə elmi oldu-olmadı istədiyi formada nitq söyləməsi, yazı yazması, insanlara düzgün olmayan din təbliğinin qarşısı alınmalıdır. Güman edirəm ki, daha əvvəllər görülən işlərin həcmi və miqyası artırılacaq. Həmçinin təsadüfi insanların, dindən xəbəri olmayanların və ya hansısa dövlətin, qurumun maraqlarına xidmət edən "din biliciləri" bu məsələdən uzaqlaşdırılıb xüsusi nəzarətə götürülməlidir. Bundan başqa bütün din xadimləri və ilahiyyatçılar bir yerdə əl-ələ verib dövlətin və millətin mənafeyini qorumalı, dövlət üçün təhdid predmeti olan hər hansı bir ünsür barədə də mütəşəkkil formada mübarizə aparılmalıdır. Əks təqdirdə bu kimi arzuedilməz hallar davam edə bilər. Bu isə təbii ki, dövlətimiz üçün təhlükəlidir".

İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov da Gəncədə bir qrup insanın din pərdəsi adı altında ictimai asayişi pozmağa yönəlik cəhdini kəskin şəkildə pisləyib. Bildirib ki, həmin şəxslərin dinlə heç bir bağlılığı yoxdur və onların əsas istəyi ölkədə xaos, anarxiya yaratmaqdır: "Bildiyimiz kimi, bu günlərdə 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keşikçilərinə müqavimət göstəriblər. Görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilib. Lakin təəssüflər olsun ki, qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar. Səməd Abbasov Azərbaycan prezidenti İlham Əliyevin yeni təltif etdiyi zabitlərdən olub.
Belə ki, ictimai asayişin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, xidməti vəzifələrin və qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə Azərbaycan polisinin yaranmasının yubileyi münasibətilə Səməd Abbasov "İgidliyə görə" medalı ilə təltif olunub.
Səməd Abbasov QMİ-nin Gəncəbasar üzrə nümayəndəsi, Qazilər Şurasının üzvü, Milli Azadlıq Hərəkatının fəalı, "Lefortovo" məhbusu Seyid Tahir Qarabağinin qardaşıdır. Abbasovlar ailəsi hər zaman Azərbaycan dövlətçiliyini qoruyublar". Əkrəm Həsənov qeyd edib ki, dövlətçiliyimiz, sabitliyimiz və təhlükəsizliyimz uğrunda canından keçən bu şəxsləri xalqımız həmişə dərin hörmət və sayğı ilə yad edəcək". Əkrəm Həsənov onu da diqqətə çatdırıb ki, cinayətkarı müdafiə edən bəzi səfehlər Hacı Talehin iğtişaşında yaralanan, öldürülən polislərin günahını dövlətimizdə görürlər: "Ay şərəfsizlər, dövlətimiz öz polisini niyə sizin üsyanınızda öldürsün? İndi də həmin şər-böhtan yalanlarını yazıb yayırlar ki, guya Gəncədə polisləri dövlət özü öldürüb. Yalansa Allah sizi öldürsün. Amin. İnsan nə qədər əclaf olmalıdır ki, cinayətkarı müdafiə etmək xatirinə belə yalan danışa və dövlətimizə şər-böhtan ata. Sadəcə ayıb olsun cinayətkarları müdafiə edənlərə. Başqa heç nə". İlahiyyat üzrə fəlsəfə doktoru onu da deyib ki, Azərbaycanda radikallığı təbliğ edən məscidlərin imamları təcili dəyişdirilməlidir: "Məscidlərə imam təyini Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinə həvalə edilməlidir. Təcili bu sahədə ciddi addımlar atılmalıdır. Yoxsa ölkəmizi radikal dindarlar xaosa sürüklməyə davam edəcəklər. Bu barədə aydınlar danışmalıdır. Bu məsələlər müzakirə edilməlidir. Ölkəmizi qorumalıyıq".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31