Xaricdən idarə olunan saytların əsas məqsədi Azərbaycanda qarşıdurma yaratmaqdır - RƏY

Cavid Şahverdiyev: "Bütün cəhdlərə baxmayaraq onların apardıqları təbliğatın ictimai rəyə  təsiri yoxdur"

İyulun 10-da Gəncədə baş vermiş qanunsuz aksiyanın mahiyyətinin əks tərəfə yozulmasında xaricdən idarə olunan sayt və sosial şəbəkələrin xüsusi rolu olub. Hazırda da ölkədə belə informasiya resursları kifayət qədərdir və sərbəst şəkildə fəaliyyət göstərməkdədirlər. Bəs, Azərbaycan dövlətinin əleyhinə təbliğat aparan belə saytlara qarşı necə mübarizə aparmaq olar? Avrasiya.net saytının direktoru, Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri,  Türk Dövlətləri Vətəndaş Cəmiyyətləri Federasiyasının (TDVCF) təşəbbüs qrupunun rəhbəri Cavid Şahverdiyev deyib ki, Azərbaycanda söz və mətbuat azadlığından sui-istifadə edib bir günün içində yaradılan saytlar çoxdur. Hansılar ki, həmin saytların əksəriyyətində heç hüquqi ünvan belə göstərilməyib və onların az bir qismi xaricdən idarə olunur: "Düzdür, internet sərbəst, azad fikir paylaşmaq platformasıdır. Lakin burada paylaşılan xəbərlər, fikirlər qanunlar çərçivəsini aşmamalı, başqalarının hüquq və azadlıqlarını pozmamalıdır. Təbii ki, həmin xaricdən idarə olunan saytların əsas məqsədi Azərbaycanda qarşıdurma yaratmaqdır. Daha çox milli və dini ayrı-seçkilik yaratmaqda təşəbbüsdədirlər. İslami təriqətləri üz-üzə qoymaq, Azərbaycanda yaşayan azsaylı xalq və etnik qrupların sosial hüquqlarının pozulmasını süni şəkildə qabartmaq və s. Həmin media orqanları bu missiyanı asanlıqla Azərbaycanda həyata keçirə bilirlər. Düzdür, bir neçəsinin fəaliyyəti ölkəmizdə qadağan olundu, amma əvəzində həmin insanlar sosial şəbəkələrdə bu missiyanı həyata keçirdilər. Yəni antiazərbaycan təbliğatı aparmaq, ölkədə qarşıdurma yaratmaq missiyasını qarşılarına məqsəd qoyan şəxslər üçün sayt açmaq o qədər də vacib deyil. Xaricdən vəsait almaqla bu ssenarini sosial şəbəkələr və yaxud da qruplar vasitəsilə də həyata keçirirlər. Yəni, Azərbaycanda internet azadlığından sui-istifadə edə bilirlər. Adi bir sosial problemi siyasiləşdirirlər, qlobal problem səviyyəsində dünya ictimaiyyətinə çatdırırlar. Onu da qeyd edim ki, həmin şəxslər geniş maliyyə və təsir imkanlarına malikdirlər və ayrı-ayrı xarici mənbələrə xidmət göstərirlər".

C.Şahverdiyev bildirib ki, Azərbaycanda radikal dindarların sayı çox azdır və onlar ölkədə qarşıdurma yarada biləcək gücündə deyillər: "Ümumiyyətlə, Azərbaycanda radikal dini qruplaşmaların fəaliyyətinə imkan verilməyib. Amma hansısa xarici ölkədə təlimatlandırılıb Azərbaycana göndərilən radikal dindarlar ola bilər. Məsələn, elə son Gəncə hadisələrində adı hallananların ikisinin Rusiya, birinin isə İranla əlaqələri olduğu üzə çıxıb. Həmin adamların qeyd etdiyiniz resurslarla əlaqələri ola bilər, istər burada, istər xaricdən. Saytlarla əlaqə qurmaq üçün Azərbaycana gəlmək vacib deyil, sifarişi hər yerdən alıb yerinə yetirmək mümkündür. Amma biz heç vaxt məsuliyyəti xaricdəkilərin üzərinə qoya bilmərik, xarici qüvvələrin Azərbaycanda da öz agentlərinin olduğu şübhəsizdir. Gəncə hadisələrinə nəzər salaq. Əvvəlcə icra başçısı güllələndi, sonra sosial şəbəkələrdə ona sui-qəsdi törədənin hüquqlarının qorunmasıyla bağlı kampaniya apardılar, aksiya təşkil olundu, polislərimiz qətlə yetirildi.... Bir-biri ilə bağlanan bir hadisələr təsadüfən baş verməyib. Əvvəlcədən hazırlanan bir ssenaridir. Bəlkə də 5-6, bir il əvvəl. Yəni Azərbaycanda qarşıdurma yaratmaq istəyən qüvvə həm yerli, həm də xarici qüvvələrlə mütəmadi əlaqələr yaradır. Bu zəncirlərin halqalarından biri də mediadır. Əvvəlcə təbliğat aparılır, sonra silaha əl atılır".

Madia kapitanının sözlərinə görə, bütün cəhdlərə baxmayaraq onların apardıqlarının Azərbaycanın ictimai rəyinə tam təsiri yoxdur: "Ola bilər ki, 100 nəfər bu təbliğata inansın. Amma bütün həqiqətlər üzə çıxandan sonra onların təbliğatlarına inananlar yanlış fikirdə olduqlarını başa düşürlər. Onlar nə təbliğat apara bilərlər? Azərbaycanda tolerantlıq mövcuddur, bütün dini konfessiyalara, milli azlıq və etniklərə qayğı, diqqət yüksək səviyyədədir. Dini, etiqad azadlığı qorunub saxlanılır, insan hüquqları pozulmur, bəzi Avropa ölkələrində olduğu kimi Azərbaycanda insanlar küçədə güllələnmir, döyülmür, öldürülmür. Məmur özbaşnalığını, korrupsiyanı, sosial problemləri önə çəkirlərsə bu bütün dünyada movcuddur. Yəni məntiqli bir təbliğat apara bilməzlər. Ona görə də 5-10 nəfərin onların təbliğatına aldanması mümkündür və bunu bütün xalqın adına yazmaq olmaz".

C.Şahverdiyevin qənaətinə görə, bu resurslara dövlət tərəfindən nəzarət olmalıdır: "2013-cü ildən Mətbuat Şurası bu sahədə tənzimlənmə həyata keçirmək üçün yeni təşəbbüslə çıxış edib. Şuranın tərkibində 2013-cü ildən etibarən internet medianın tənzimlənməsi üçün xüsusi komissiya yaradılıb. Komissiyanın tərkibində Mətbuat Şurası idarə heyətinin üzvləri olmaqla bərabər, internetə aidiyyəti olan təşkilatların nümayəndələri, mütəxəssislər, media ekspertləri də iştirak edirlər. Onlar internet medianın tənzimlənməsi ilə əlaqədar çox ciddi təşəbbüslər irəli sürürlər. Nəticə olaraq bu sahədə müəyyən praktiki addımlar atılır. Amma daha qətiyyətli mövqe ortaya qoyulmalıdır. Belə resursların fəaliyyətinə son qoyulmalı və rəhbərləri məsuliyyətə cəlb olunmalıdırlar. Bir- iki reket jurnalist və ya baş redaktoru həbs etməklə iş bitmir. Onlardan daha qorxuluları var, aşkar edilməlidir".

Onun bildirdiyinə görə, Azərbaycan mediası ələnməlidir, saf-çürük edilməlidir. Mətbuat Şurası nəzdində xüsusi komissiya yaradılmalıdır. Azərbaycanda, eləcə də xaricdə qeydiyyatdan keçən bütün saytların fəaliyyəti yoxlanılmalıdır. Rəhbərləri kimdir, mediada hansı xidmət göstərib, əməyi nə olub, dövlət və dövlətçiliyin qorunmasında nə kimi xidmətləri var və s. Azərbaycanda KİV-lərin sayı 5 mini ötüb. Amma barmaqla sayıla biləcək 50 jurnalistimiz yoxdur: "Hər yerindən duran, iki-üç dəfə İrana, Rusiyaya, Türkiyəyə gedib qayıdandan sonra özünə bir sayt açıb işlədəcəksə, bu söz və mətbuat azadlığının qorunması demək deyil. Sözün həqiqi mənasında dövlət və dövlətçiliyimizin qorunmasına xidmət edən internet resurslarımız bu kimi insanlara qarşı mübarizə aparmalıdırlar. Gözləməməlidirlər ki, Gəncə hadisələri kimi hadisələr baş versin, sonra təbliğat aparaq. Hər gün radikallara, antiAzərbaycan təbliğatı müəlliflərinə, ölkədə dini, milli təfriqə yaratmağa cəhd göstərənləri tapıb ifşa etməliyik".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31