Azərbaycanda üsyan təhlükəsi yoxdur - MÖVQE

Musa Qasımlı: “İnsanların hər hansı bir məmurun özbaşına hərəkətinə qarşı mövqelərini bildirmələri onların dövlət və hakimiyyət əleyhinə olmaları demək deyil”

Müxalifət iddia edir ki, İsmayıllıda baş verən iğtişaşlar Azərbaycanın digər bölgələrində də baş verə bilər. Potensial üsyan məkanları kimi Gəncə, Lənkəran və Sumqayıt göstərilir. "Azərbaycanda heç bir üsyan təhlükəsi yoxdur. Azərbaycan xalqı dövlətin və dövlətçiliyin yanındadır. İnsanların hər hansı bir məmurun özbaşına hərəkətinə qarşı mövqelərini bildirmələri onların dövlət və hakimiyyət əleyhinə olmaları demək deyil" deyən professor, millət vəkili Musa Qasımlının sözlərinə görə Gəncə müstəqil Azərbaycanın dövlətinin ilk paytaxtı olub: "Milli adət-ənənələrimizin qorunub saxlanıldığı bir yerdir. Eyni zamanda Lənkəran da Azərbaycan xalqının ən gözəl adət-ənənlərini, milli mənəvi dəyərlərini özündə saxlayan rayonumuzdur. Gəncəlilər də, lənkəranlılar da hamısı Azərbaycan dövlətinə sadiqdirlər. Sumqayıt yeni yaranan sənaye şəhəridir. Sumqayıtlılar əməkçi və zəhmətkeşdirlər və bu şəhərin adına zaman-zaman kimlərsə ləkə yaxmaq istəyib. O hadisələrdən biri də 1988-ci ilin fevralında baş verdi. Amma, o hadisələrin sumqayıtlılarla bağlılığı yoxdur və sumqayıtlılar da Azərbaycan dövlətinin yanındadırlar. Sumqayıtda ölkənin hər yerində olduğu kimi tikinti və abadlıq işləri aparılır. Bir məsələni insanlara açıq şəkildə söyləmək lazımdır. Bizim milli dövlət müstəqilliyimizi istəməyən ölkələr, müəyyən mərkəzlər Azərbaycanın daxilində qarışıqlıq yaratmaq istəyirlər, dövlətimizi zəif salmağa çalışırlar və insanların ictimai həyatında təhlükə törətmək üçün min bir vasitələri işə salırlar. Ona görə indiki şəraitdə hər bir Azərbaycan vətəndaşı dövlətimizin yanında olmalıdır, ortada olan kiçik problemləri dialoqlar şəklində həll etməyə çalışmalıdırlar" (OLAYLAR İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00