Ənənəvi müxalifət gənclərin arxasında gizləndi - SİYASİ ANALİZ
Köhnə şoular effekt vermir
28 Yanvar 2013 16:28 Siyasətİsmayıllı hadisələri ənənəvi müxalifəti xeyli ümidləndirib. Hadisədən bir gün sonra İctimai Palata təcili toplandı, İP-i qəbul etməyən, İP-in qəbul etmədiyi partiyalar da Müsavatın qərargahına toplandılar. "Ciddi müzakirələr" keçirildi, qərarlar qəbul olundu. Fürsətdən istifadə edib Bakıda icazəsiz kütləvi aksiya keçirməyə cürət etməyən ənənəvi müxalifət yenə də gənclərin arxasında gizləndi. Yanvarın 26-da Bakıda aksiyaya cəhd edildi. Elan olunmuşdu ki, aksiyanı "müstəqil gənclər" keçirəcək. Amma maraqlıdır ki, "gənclərin aksiyasında" jurnalist Xədicə İsmayıl, Şahvələd Çobanoğlu, bloqqer Emin Milli, AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı, digər AXCP fəalları, Müsavat Gənclər Təşkilatının fəalları aktivlik göstərdilər. Görünür, qərar belə olubmuş ki, aksiya gənclərin adından keçirilsin, amma Müsavat və AXCP fəalları keçirsin. AXCP və Müsavatın, o cümlədən, ADP və Ümidin müstəqil gənclər arasında heç bir nüfuzu yoxdur. Dəfələrlə "Real" hərəkatında təmsil olunan gənclər və müstəqil bloqqerlər köhnə müxalifət liderlərinin siyasi səhnədən çəkilməsini tələb ediblər. Bu tələb cavab əvəzinə Müsavat və AXCP ətrafı qara piar maşını bu gəncləri gözdən salıblar. Ən yaxşı halda ələ salıb, lağ ediblər. Hazırda köhnə müxalifəti qəbul etməyən Emin Milli, İlqar Məmmədov, Xədicə İsmayılova (o daha çox Müsavatın əleyhinədir) ən çox ələ salınan siyasi fəallardır. Köhnə müxalifətin siyasətini başa düşmək olmur. Onlar gah müstəqil gəncləri önə çıxarır, gah da iddialı gəncləri gözdən salmaq, ictimai rəydə aşağılamaq siyasəti yürüdürlər.
Bakının mərkəzinə təyin edilmiş aksiyanın ertəsi günü İsa Qəmbər Lənkərana uğursuz səfərə çıxdı. Siyasi iflasın astanasında olduğunu hələ qəbul etməyən Müsavat başqanı yerini daha perspektivli birinə buraxıb getmək, müxalifətdə daha şanslı namizədin önünü açmaq əvəzinə, siyasi şouları davam etdirmək, bu yolla "əsas namizəd Müsavat başqanıdır" görüntüsü yaratmaq istəyir. Halbuki Müsavat Lənkərana səfər şoularındansa daha ciddi işlərlə məşğul olsa yaxşıdı. Məslən ənənəvi müxalifət oturub düşünməlidir: nədədn müstəqil gənclik onlara dəstək vermir? Bölgələrdə baş verən aksiyalarda nədən onları yada salan olmur? Politoloq Taleh Şahsuvarlı olduqca aktial bir məsələyə toxunub. O, sualı belə qoyur: necə olur ki, gənclər aksiyaya çıxır, tutulur, cərimələnir, amma univeristetlərdə sakitlikdi? Universitetlər səs çıxarmır, onları dəstəkləmir? Bu sualları genişləndirmək də olar. Necə olur ki, bölgələrdə aksiya olur, ayrı-ayrı sosial qurplar aktivlik göstərir, amma ənənəvi müxalifətə müraciət edən yoxdur? Yaxın keçmişi yada salaq. AXC-nin xəbəri olmadan hansısa aksiyanı keçirmək olardımı? Elçibəyin sağlığında bütün narazı elektoratın önündə AXCP getmirdimi? Nə baş verdi? Nə dəyişdi? Dəyişiklik baş verib. Sadəcə köhnə müxalifət bunu qəbul etmək istəmir. 1993-cü ildə formalaşmış ənənəvi müxalifət artıq sıradan çıxıb. Ölkə siyasəti yeni qüvvəyə hamilədir. Yeni qüvvənin meydana çıxmasını meydanı tərk etmək istəməyənlər əngəlləyir. Amma əbəsdir. Yeni qüvvə artıq özünə yer etməyə başlayıb. Köhnə müxalifət nə etsə belə, öz mövqeyini qoruyub saxlaya bilməyəcək. Xalqın laqeyd qaldığı ənənəvi müxalifətin tamamilə sıradan çıxmasına çox qalmayıb. Köhnə şoular, sınanılmış, amma hazırda işə yaramayan oyunlar ənənəvi müxalifəti xilas edə bilməyəcək.
Ərhun Abbas