Rusiyanın məkrli Cənubi Qafqaz siyasəti - REGİON
Moskva yeni təsir imkanlarını işə salır
28 Yanvar 2013 16:03 SiyasətDünyanın ayrı-ayrı dövlətləri regional müstəvidə sürətli şəkildə silahlanmaya start verib. Bir qrup dövlətlər öz ərazi iddialarını qısa zaman ərzində həyata keçirmək və fərqli regionlara təsir imkanlarını artırmaq məqsədilə silahlanma prosesinə başladığı halda, başqa qrup dövlətlər isə birincilərin atacağı addımın ona təhlükə yaradacağı, regionda qüvvələr balansının pozulacağından ehtiyatlanaraq adekvat tədbirlər görür. Xüsusilə, son günlər regional spektrdə, daha dəqiq desək Cənubi Qafqaz və Avrasiya zonalarında cərəyan edən proseslərin fonunda bunu aydın görmək mümkündür. Əslində isə bu mübarizə hər iki regionda maraq dairələrinin olduğu Türkiyə və Rusiyanın timsalında özünü göstərir. Ancaq bu iki ölkənin Cənubi Qafqaz və Avrasiya regionu ilə bağlı mövqelərində bir-birinə daban-dabana zidd olan yanaşmalar mövcuddur. Belə ki, Rusiya istər Cənubi Qafqaz, istərsə də Avrasiyanı daha çox özünə tabe etdirməyi qarşısına başlıca məqsəd qoyursa, Türkiyə isə bu region ölkələri ilə qarşılıqlı anlaşma və birgə əməkdaşlıq şəklində münasibətləri inkişaf etdirmək istəyir. Moskva və Ankaranın bu münasibəti onların son dövrlərdə atdığı addımlarla da təsdiqini tapır.
Qarabağ kartı yenə işə yarayır
Yuxarıda qeyd edildiyi kimi Rusiyanın hər iki regionla bağlı mövqeyində daha çox müstəmləkəçilik siyasəti, mümkün qədər mövud münaqişələrin həllinə əngəl yaratmaq, münaqişə tərəflərindən birinə bütün istiqamətlərdə dəstək nümayiş etdirərək, onu təsir dairəsində saxlamaq kimi məqamlar özünü daha çox büruzə verir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin fonunda da Kremlin bu məkrli siyaəti özünü göstərir. Məlum olduğu kimi sözügedən münaqişənin yaranmasının birbaşa təşkilatçısı olan Rusiya ötən müddət ərzində maksimum dərəcədə çalışıb ki, Dağlıq Qarabağ problemi həllini tapmasın. Bu azmış kimi Kreml münaqişə tərəflərindən birinə, daha dəqiq desək Ermənistana hərbi dəstək verərək bu dövlətin işğalçılıq siyasətinin daha geniş spektri əhatə etməsinə şərait yaradıb. Bunun qarşılığında isə Moskvanın qazancı Ermənistanı özünün bir əyalətinə çevirməsi və Cənibu Qafqazı təsir dairəsində saxlaması olub. Son vaxtlar isə Azərbaycanın işğal altında olan ərazilərini geri qaytarmaq barədə səsləndirdiyi bəyanatlar, eləcə də Qəbələ Radiolokasiya Sistemi ilə bağlı Moskva və Bakı arasında yaranmış fikir ayrılığı Kremli Cənubi Qafqaza təsir dairəsini artırmağa sövq edib. Təbii ki, bu dəfə də Moskva erməni kartından yararlanmağa üstünlük verib. Belə ki, Moskvanın təşəbbüsü ilə yaradılan və Ermənistana hərbi yardım etməklə regiondakı qüvvələr balansını Rusiyanın xeyrinə dəyişməyə xidmət edən Kollektiv Təhülkəsizlik Müqaviləsi Təşkilatının Yerevanda akademiyasının yaradılması qərara alınıb. Sözügedən akademiyanın məhz Yerevanda yaradılması Rusiyanın məkrli planını təsdiqləmiş olur. Xüsusilə, burada maraqlı məqam ondan ibarətdir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Yerevanda açılacaq akademiyası yalnız təhsil ocağı olmayacaq. Həmçinin bu akademiyanın təşkilatdan kənar xüsusi hərbi birləşmələri olacaq ki, həmin hərbi birləşmələr də məhz Yerevanda yerləşəcək. Başqa diqqət çəkən məqam isə ondan ibarətdir ki, Rusiya Qəbələ Radiolokasiya Sisteminə oxşar bir sistem də Ermənistanda yaratmaq istəyir. Məlumata görə, rəsmi Bakı ilə aparılan məsləhətləşmələrdən müsbət bir nəticənin əldə edilməməsi Kremli belə bir addım atmaq məcburiyyətində qoyub. Lakin bu məsələdə də Moskvanın daha çox Yerevanın maraqlarından çıxış etdiyi şübhəsizdir. Hərbi ekspertlərin qənaətincə, Qəbələ RLS-ə oxşar sistemin Ermənistanda yaradılması ideyasının arxasında da Azərbaycana təzyiq dayanır. Belə ki, yeni yaradılacaq bu sistem Qarabağda hərbi əməliyyatlar başlayacağı təqdirdə Azərbaycanın hərbi təyyarələrini asanlıqla zərərsizləşdirə və Ermənistanın hava sərhəddini tamamilə mühafizə edə bilər.
Moskva üçün Türkiyədən gözlənilməz adekvat addım
Rusiyanın Cənubi Qafqazı təsir dairəsində saxlamaq planları və bu məqsədlə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbi potensialını artırmasına qarşılıq olaraq Türkiyə də hərbi sahədə cavab addımı atmaq məcburiyyətində qalıb. Kremlin Ermənistana hərbi dəstəyinin gələcəkdə regionda yeni işğallara və münaqişələrə gətirib çıxaracağını anlayan Türkiyə isə Avrasiya Əsgəri Qüvvələri yaratmaq istiqamətində atdığı addımları rəsmiləşdirib. Təməli 2011-ci ildə Türkiyədə qoyulan birliyin yaradılması barədə sön müzakirələr bu günlərdə Azərbaycanda keçirilib və ümumi razılıq əldə edilib. Birliyin Bakı toplantısında Azərbaycan, Türkiyə və Qırğızıstanın hərbi rəsmiləri qatılıb. Toplantıda Monqolustanın hərbi rəsmilərinin də iştirakı nəzərdə tutulsa da, lakin əlverişsiz hava şəraiti monqol hərbiyyəsinin yüksək rütbəli məmurlarının Azərbaycan səfərini təxirə salıb. Baş ofisi Türkiyənin paytaxtı Ankarada yerləşəcək Avrasiya Əsgəri Qüvvələrinin başlıca məqsədi türkdilli respublikalar, eləcə də Avrasiya regionuna daxil olan ölkələr arasında hərbi əməkdaşlığı inkişaf etdirməkdir.
Süleyman İsmayılbəyli