“Azərbaycanın öhdəlikləri ilə bağlı hesabat bizi qane edir” - VİTSE-SPİKER
“Sənəddə Dağlıq Qarabağ problemi ilə əlaqədar həqiqətlərin əksini tapması müsbət haldır”
28 Yanvar 2013 16:01 Siyasət"Azərbaycan tərəfi Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında Azərbaycanın öhdəlikləri ilə bağlı qəbul olunmuş sənədi normal qarşılayır". Bunu deyən Milli Məclis sədrinin müavini Bahar Muradovanın sözlərinə görə, hesabat həmməruzəçilər tərəfindən aparılan uzunmüddətli monitorinqin, çoxsaylı səfərlərin, dövlət qurumlarının, vətəndaş cəmiyyətinin, siyasi partiyaların, cəmiyyətimizin müxtəlif təbəqələrinin nümayəndələri ilə keçirilən görüşlərin nəticəsi olaraq hazırlanıb. Ona görə də, biz qəbul olunmuş bu sənədi normal qarşılayırıq: "Təbii ki, hesabatda ayrı-ayrı məqamlarla bağlı dövlətimizin öz mövqeyi var və bunu da ifadə edəcək".
Sənəddə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsinin, yüzminlərlə insanın bu işğal nəticəsində məcburi köçkün vəziyyətinə düşməsinin əks olunmasının əhəmiyyətini qeyd edən B.Muradovanın dediyinə görə, bu problem ətrafında vəziyyət elədir ki, onu gizlətmək mümkün deyil: "Problemə aid həqiqətlər getdikcə, daha aydın görünməkdədir və bu da özünü beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə tapır. Azərbaycan ərazilərinin bir hissəsi işğal olunub, bir milyon insan qaçqın və köçkün vəziyyətindədir, maddi-mənəvi nemətlərimiz erməni silahlı qüvvələrinin tapdağı altındadır. Üstəlik də, erməni mətbuatı və ona dəstək verən beynəlxalq dairələr Azərbaycana qarşı qarayaxma kampaniyası aparır və erməni lobbisi bütün uyğun məqamlarda Azərbaycanın qazandığı uğurlara kölgə salmaq və qarşımıza sədlər çəkməkdən ötrü bütün imkanlarından istifadə edirlər. Əlbəttə ki, həqiqətlər aşkar olunduqca, bu Azərbaycanın mövqeyinin möhkəmlənməsinə gətirib çıxarır. Və Qarabağ həqiqətlərinin daha çox beynəlxalq sənədlərdə əksini tapması danışıqlar prosesində istinad olunacaq sənədlərin çərçivəsini genişləndirir. Eləcə də, bu təşkilatların özünün fəaliyyətində, onların tarixində əhəmiyyətli sənədlər kimi hesab olunacaq. Ona görə ki, onlar bu sənədlər vasitəsilə dolayısı da olsa, Dağlıq Qarabağ münaqişəsinə münasibətlərini bildirirlər". Vitse-spikerin sözlərinə görə, bu, Azərbaycanın məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamlərindən irəli gələn vəzifələri həyata keçirmək tələbində istinad etdiyi mühüm sənədlər ola bilər: "AŞPA-nın qəbul etdiyi hesabatda bizi narahat edən məqamların olmasına baxmayaraq, sənəddə Dağlıq Qarabağ problemi ilə əlaqədar həqiqətlərin əksini tapması müsbət haldır".