“Radikal müxalifət terror hadisəsinə bütün imkanları ilə dəstək verir” – Orduxanlı
9 İyul 2018 18:28 Siyasət"10 iyulda Gəncədə aksiyaya çağırışın arxasında xarici ölkənin xüsusi xidmət orqanları durur. Bu çağırış gəncəlilərə qarşı təxribatdır və Azərbaycanın dövlət maraqlarına zərbə vurmaq üçün həyata keçirilir".
Bu sözləri BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı bildirib. N.Orduxanlı qeyd edib ki, Yunis Səfərov icra başçısına qarşı terror edib: "Azərbaycan ictimaiyyəti Qum şəhərində yetişdirilən bir terrorçunu dəstəkləməz! Son günlər baş verən hadisələr açıq şəkildə göstərir ki, planlı şəkildə dövlətimizə qarşı hücum həyata keçirdirlər. Dövlət rəsmiləri açıq şəkildə bəyan etdilər ki, terrorçu Yunis Səfərov İranın Qum şəhərində hazırlanıb Azərbaycana göndərilib. Hadisədən bir necə gün keçib, hələ də İranın Azərbaycandakı səfiri susur. Niyə susursunuz? Çıxın, Azərbaycan xalqına cavab verin! Nə vaxta qədər Qum şəhərində Azərbaycan dövlətinin əleyhinə terrorçu hazırlayacaqsınız?! Bu gün xalqımız bu sualın cavabını gözləyir! Açıq şəkildə görünür ki, həm Mingəçevirdə baş vermiş qəza, həm də Elmar Vəliyevə qarşı törədilən terror hadisəsinə ölkədə fəaliyyət göstərən radikal müxalifət bütün imkanları ilə dəstək verir".
N.Orduxanlı bildirib ki, radikal müxalifət ölkədə sabitliyin pozulmasında maraqlı görünür: "Sanki bu, planın tərkib hissəsidir. Ancaq bir həqiqət var ki, Azərbaycan cəmiyyəti baş vermiş hadisəni çox soyuqqanlı şəkildə qəbul edir və yaxşı başa düşür ki, ölkədə aranı qatmaq istəyənlər var və bu, xarici xüsusi xidmət orqanlarının həyata keçirdiyi işdir. Düşünürəm ki, bu gün xalqımız dövlətimizin milli maraqlarına hər hansı bir təhlükə yaranarsa, yüz minlərlə, milyonlarla insan Azərbaycan dövlət maraqlarını qoruyar! Necə ki, mərhum Heydər Əliyevin zamanında milyonlarla insan Azadlıq meydanına toplaşdı. Azərbaycan xalqı hər zaman öz müstəqilliyini göz bəbəyi kimi qoruyacaq".
Azadinform