RÜFƏT QULİYEV:"...BÜTÜN ÖLKƏNİN ENERJİSİZ QALMASI CİDDİ MƏSƏLƏDİR" - CƏZALANACAQLAR

"Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) baş verən qəzadan sonra enerji sistemində yaranan problemlərə böyük diqqət edilməlidir".

Bunu "Sherg.az"a Azərbaycanın qonşu ölkələrdən enerji alınmasını dayandıraraq, özünün enerji təminatını bərpa etməsindən danışarkən millət vəkili Rüfət Quliyev söyləyib. 

Parlamentari diqqətə çatdırıb ki, yalnız bir blokda yaranmış problemə görə, bütün ölkənin enerjisiz qalması ciddi məsələdir:

"Bir stansiyanın bir blokunda baş verən qəzaya görə, bütün ölkənin enerjisi iflic vəziyyətə düşə bilməzdi. Deməli, bu hadisənin arxasında böyük boşluqlar var. Buna görə, ölkə başçısı, Prezident İlham Əliyevin tapşırığı ilə Dövlət Komissiyası yaradılıb. Aidiyyəti dövlət strukturları nümayəndələrinin iştirakı ilə yaradılan komissiya bu işə dərindən baxacaq. Təbii ki, günahkarların adları çəkiləcək, hadisənin səbəbləri müəyyən olunacaq. Ən vacib məsələ isə budur ki, oxşar problemlər təkrarlanmasın deyə, preventiv addımlar atılacaq".

Deputatın sözlərinə görə, Fövqəladə Hallar Nazirliyi (FHN) "Azərenerji" ASC-yə dəfələrlə məktub ünvanlayıb ki, sistemdə çatışmazlıqlar var. Bunların aradan qaldırılması vacibdir: 

"Əfsuslar olsun ki, "Azərenerji" bu məktublara reaksiya verməyib. Bu isə ikinci mənfi haldır. Çünki digər dövlətlərdə FHN elə strukturdur ki, bu qurumun tək bir işarəsi dövlət qurumlarında, eləcə də qeyri-dövlət strukturlarında ciddi reaksiyalar doğurur.

Qəzanın səbəbləri üzə çıxandan sonra günahkarlar ifşa olunacaq. Bu siyahının uzun olacağını düşünürəm. Çünki yaranmış problem zəncirvarı prosesdir. Ölkə başçısı isə hansı formanı uyğun bilərsə, o tərzdə də cəzalandırma tətbiq oluncaq".

Qeyd edək ki, Azərbaycan Gürcüstandan elektrik enerjisinin idxalını dayandırıb. "Azərenerji" ASC-nin məlumatına görə, hazırda enerji sisteminin dayanıqlı işi və respublikanın etibarlı elektrik enerjisi ilə təchizatı tam təmin edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31