Azərbaycan Respublikasının gömrük qanunvericiliyi, müasir tələblər və çağırışlar
5 İyul 2018 11:34 SiyasətMəlumdur ki, ölkənin iqtisadi təhlükəsizliyinin və daxili bazarının qorunmasında, onun beynəlxalq iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsində gömrük sistemi müstəsna rol oynayır. Azərbaycan Respublikasının gömrük sistemi xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyən edilən siyasətə uyğun olaraq formalaşmış və onun layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev cənablarının gündəlik diqqət və qayğısı sayəsində inkişaf edərək dövlət müstəqilliyinin əsas atributlarından biri olan çoxfunksiyalı sistemə çevrilmişdir. Son illər həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində gömrük sisteminin yenidən qurulması istiqamətində mühüm işlər görülmüş, onun maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmlənmiş, gömrük işini nizama salan qanunvericilik bazası və differensiallaşdırılmış gömrük-tarif sistemi yaradılmış, qaçaqmalçılığa və digər gömrük hüquqpozmalarına qarşı mübarizə gücləndirilmişdir. Müasir dövrdə Azərbaycan Respublikasında müşahidə olunan dinamik sosial-iqtisadi inkişaf və beynəlxalq iqtisadi sistemə inteqrasiya gömrük sisteminin maddi-texniki bazasının modernləşdirilməsini, onun ölkənin sosial-iqtisadi inkişafındakı rolunun daha da artırılmasını, bütün istiqamətlərdə gömrük işinin beynəlxalq standartlara tam uyğun olaraq qurulmasını, həmçinin gömrük işini nizama salan və tənzimləyən gömrük qanunvericiliyinin təkmilləşdirilməsini zəruri etmişdir. Şübhəsiz ki, bu məqsədə qısa müddətdə nail olmaq üçün Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2007-ci il tarixli 1925 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı" mühüm rol oynayır. Proqramın əsas istiqamətlərindən biri də gömrük işini nizama salan qanunvericilik bazasının və gömrük tənzimlənməsinin təkmilləşdirilməsindən ibarətdir.
Milli qanunlar beynəlxalq konvesiyalara uyğunlaşdırılıb
Azərbaycan Respublikasında gömrük sisteminin formalaşmasında və gömrük işinin həyata keçirilməsində 1997-ci ildə qəbul olunmuş Gömrük Məcəlləsi və sonralar qəbul olunan digər normativ-hüquqi aktlar mühüm rol oynamışdır. Həmin vaxtdan ötən müddət ərzində Azərbaycan dövləti surətli sosial-iqtsadi inkişaf mərhələsinə qədəm qoymuş və onun iqtisadi qüdrəti xeyli möhkəmlənmişdir. Bu dövr ərzində Azərbaycan Respublikasının beynəlxalq əlaqələri də xeyli genişlənmiş, ölkəmiz bir sıra beynəlxalq konvensiyalara, o cümlədən "Gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması haqqında" Beynəlxalq Konvensiyaya (Kioto Konvensiyası) qoşulmuş və beynəlxalq təşkilatlara üzv olmuşdur. Respublikanın ildən-ilə iqtisadi-ticarət əlaqələrinin coğrafiyasının genişlənməsi, idxal-ixrac əməliyyatlarının həcminin artması və Azərbaycanın beynəlxalq iqtisadi sistemə inteqrasiyasının güclənməsi gömrük əməliyyatlarını tənzimləyən normativ-hüquqi aktların təkmilləşdirilməsini, inkişaf etmiş ölkələrin gömrük işi sahəsində qabaqcıl təcrübəsi və bu sahədə qəbul olunmuş beynəlxalq konvensiyaların müddəaları nəzərə alınmaqla bütövlükdə Azərbaycan Respublikasının gömrük qanunvericiliyinin təkmilləşdirilməsini, o cümlədən, bu sırada mühüm yer tutan yeni Gömrük Məcəlləsinin qəbul edilməsini zəruri etmişdir. Bu kimi amillər nəzərə alınaraq Azərbaycan Respublikasının gömrük qanunvericiliyinin təkmilləşdirilməsi və inkişaf etdirilməsi, eləcə də gömrük işi sahəsində beynəlxalq standartların öyrənilməsi və onların tətbiq edilməsi işi davam etdirilib. Avropa İttifaqının "Yeni Qonşuluq Siyasəti" çərçivəsində 2006-cı ildə qəbul edilmiş "Azərbaycan-Avropa İttifaqı Fəaliyyət Planı"nın "Azərbaycan gömrük xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi" ilə bağlı müddəalarının yerinə yetirilməsi, həmçinin "Gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması haqqında" Beynəlxalq Konvensiyanın müddəalarının (Kioto Konvensiyası) və Ümumdünya Gömrük Təşkilatının "Beynəlxalq Ticarətin Asanlaşdırılması və Təhlükəsizliyi Üzrə Çərçivə Standartları"nın milli gömrük qanunvericiliyində əks olunması prioritet hesab olunmuşdur. Bu məqsədilə Dövlət Gömrük Komitəsinin Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının birgə həyata keçirdiyi "Azərbaycan Respublikasında Gömrük Xidmətinin Təkmilləşdirilməsi" layihəsi çərçivəsində ölkəmizdə fəaliyyət göstərən beynəlxalq ekspertlər tərəfindən Azərbaycan Respublikasının yeni Gömrük Məcəlləsinin layihəsi hazırlanıb.
Mükəmməl hüquqi baza yaradılıb
Həmçinin gömrük qanunvericiliyini təşkil edən və gömrük işinin hüquqi, iqtisadi və təşkilati əsaslarını nizama salan bir sıra normativ-hüquqi aktlar, o cümlədən "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikası Prezidentinin 2 avqust 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzvolma prosesi ilə əlaqədar qanunvericiliyin Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılması üzrə Tədbillər Planı"na əsasən sözügedən təşkilatın tələblərinə uyğunlaşdırılmış və hazırda da bu iş davam etdirilməkdədir. Azərbaycan Respublikasının gömrük qanunvericiliyinin təkmilləşdirilməsi bütövlükdə gömrük sisteminin maddi-texniki bazasının daha da möhkəmləndirilməsinə, gömrük infrastrukturunun müasir tələblərə uyğun şəkildə qurulmasına, idxal-ixrac əməliyyatlarında müasir tarif və qeyri-tarif tənzimlənməsi tədbirlərinin daha geniş tətbiq olunmasına, gömrük sistemində avtomatlaşdırılmış idarəetmənin tam tətbiq edilməsinə, gömrük nəzarətinin həyata keçirilməsinin səmərəliliyinin artırılmasına, gömrük tarif siyasətinin təkmilləşdirilməsinə və inkişaf etdirilməsinə, ölkənin sosial-iqtisadi inkişafında və onun iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsində gömrük sisteminin rolunun artırılmasına, gömrük işi sahəsində hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsinə, gömrük tənzimlənmə vasitələrinin beynəlxalq miqyasda qəbul edilən tənzimlənmə vasitələrinə uyğunlaşdırılmasına, ticarət-iqtisadi münasibətlərdə idxal və ixrac əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilməsinə və nəhayət, qarşıda qoyulmuş mühüm vəzifələrdən biri olan Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzvolma prosesinin sürətlənməsinə əlverişli şərait yaratmaqdadır. Məlumdur ki, gömrük qanunvericiliyi Azərbaycan Respublikasında gömrük işinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən etməklə Azərbaycan dövlətinin iqtisadi və milli təhlükəsizliyinin qorunmasına, gömrük işi sahəsində şəxslərin hüquqlarının müdafiə olunmasına, eləcə də onların öz vəzifələrinin yerinə yetirilməsinə yönəlmişdir. Gömrük orqanlarının əsas vəzifələrindən biri də gömrük qanunvericiliyini təşkil edən və gömrük işinin hüquqi, iqtisadi və təşkilati əsaslarını nizama salan normativ-hüquqi sənədlər barədə xarici ticarət iştirakçılarını məlumatlandırmaq, eləcə də onları izah və şərh etməkdən ibarətdir. Məhz bu məqsədlə gömrük işini nizama salan və tənzimləyən normativ-hüquqi aktların məcmusunu təşkil edən "Azərbaycan Respublikasının Gömrük Qanunvericiliyi" kitabının üç cildi işıq üzü görmüşdür.
Müasir tələblər və çağırışlar
Ümumiyyətlə Azərbaycan müstəqillik əldə etdikdən sonra gömrük işi sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edən işlər görülüb. "Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli Fərmanının icrası ilə əlaqədar mövcud normativ-hüquqi aktlarda müvafiq dəyişikliklər aparılıb. Həmin fərmana əsasən gömrük orqanlarına verilən səlahiyyətlər müvəqqəti idxal və ixrac gömrük proseduru ilə gömrük sərhədindən keçirilən mal və nəqliyyat vasitələri üzərində gömrük nəzarətinin daha da gücləndirilməsinə imkan yaradır. "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planına uyğun olaraq (Avropa Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin (NCTS) tətbiq olunmasının tezləşdirilməsi üçün milli qanunvericiliyin uyğunlaşdırılması, tranzit zəmanət sisteminin yaradılması istiqamətində tədbirlərin görülməsi) icrasını təmin etmək məqsədilə Dövlət Gömrük Komitəsinin təşəbbüsü ilə diplomatik kanallar vasitəsilə sözügedən konvensiyaların idarəetmə orqanı olan EU-EFTA Birgə Komitəsinin sədrinə müvafiq müraciət ünvanlanıb. Norveçin Oslo şəhərində keçirilən Birgə Komitənin iclasında Azərbaycan Respublikasının müraciəti müzakirə edilib və ölkəmizə qeyri-formal müşahidəçi statusunun verilməsi barədə qərar qəbul olunub. NCTS-dən istifadə tranzit əməliyyatları üzrə gömrük zəmanət zəncirinin təşkili, vahid inzibati sənədləşmənin tətbiqi yolu ilə tranzit daşımaları zamanı gömrük məqsədləri üçün tələb olunan sənədlərin sayının minimuma endirilməsi, bütün tranzit marşrutu üzrə məlumatların əvvəlcədən elektron qaydada mübadiləsi vasitəsilə risklərin təhlili və qiymətləndirilməsinin sürətləndirilməsinə imkan yaradır. Bu sistemin tətbiqi "Made in Azerbaijan" brendli malların NCTS üzvü olan Avropa ölkələrinin bazarlarına çıxışına və təyinat yerlərinə çatdırılmasına da imkan yaradır.
Son illərdə də gömrük sistemində aparılan islahatlar nəticəsində idxal-ixrac əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilməsi, elektron xidmətlərinin sayının artırılması, gömrük işinin beynəlxalq standartlara uyğun aparılması, normativ-hüquqi bazanın yaradılması istiqamətində məqsədyönlü işlər görülüb. Qısa zamanda "Yaşıl dəhliz" buraxılış sistemi tətbiq olunub, ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunmasında, münbit biznes mühitinin formalaşması və sahibkarlıq fəaliyyətinin inkişafında mühüm rol oynayan tədbirlər həyata keçirilib. Daxili bazarın qorunması, yerli istehsalın və ixracın stimullaşdırılmasında əhəmiyyətli rol oynayan Azərbaycan gömrük orqanları dövlət başçısı İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində, xüsusən bu sahənin inkişafına dair müvafiq dövlət proqramı çərçivəsində reallaşdırılan genişmiqyaslı tədbirlər nəticəsində ilbəil təkmilləşməkdə və müasirləşməkdə davam edir. Dövlət Gömrük Komitəsinin fəaliyyətində biznes-gömrük əməkdaşlığında mühüm addımlardan biri də xarici ticarət dövriyyəsinin artırılması məqsədilə gömrük prosedurlarının sadələşdirilməsi və bəyannamələrin elektron qəbuludur. Gömrük rəsmiləşdirilməsinin asanlaşdırılması, şəffaflığın təmin edilməsi, gömrük əməkdaşı ilə vətəndaşların təmasının minimuma endirilməsi məqsədilə informasiya texnologiyalarının tətbiqi daha da genişləndirilir, e-hökumət portalı vasitəsilə Dövlət Gömrük Komitəsinin təklif etdiyi xidmətlərin sayı artırılır. Qətiyyətlə demək olar ki, Azərbaycan gömrük xidmətinin ümumi fəaliyyət strategiyası regionda qanuni ticarətin inkişafına əlverişli şəraitin yaradılması, beynəlxalq ticarət-təchizat zəncirinin təhlükəsizliyinin təmin edilməsi və xarici iqtisadi fəaliyyətin stimullaşdırılması yolu ilə ölkədə ticarət-investisiya mühitinin daha cəlbedici olmasını təmin edib.
Alim Hüseynli
Yazı "Azərbaycan Gömrüyü - bu gün və sabahın çağırışları" mövzusunda yazı müsabiqəsinə təqdim olunur.