ABŞ mətbuatında “20 Yanvar” faciəsi barədə məqalə dərc olunub
28 Yanvar 2013 11:52 SiyasətABŞ-ın Oklahoma ştatının ən böyük tirajlı "The Oklahoman" qəzetinin rəsmi "newsok.com" internet səhifəsində Azərbaycanın Vaşinqtondakı səfiri Elin Süleymanovun "Müxtəlif abidələr oxşar dərslər verir" başlıqlı məqaləsi dərc olunmuşdur.
Məqalədə ötən ilin yayında Oklahoma Ştatında 1995-ci il terror aktının qurbanlarının xatirəsini əbədiləşdirən Oklahoma şəhər Milli Memorialına səfərini xatırladan səfir Elin Süleymanov bu abidə ilə Bakıdakı "Şəhidlər Xiyabanı"nın fərqli xarakterli faciəvi hadisələrə həsr olunmasına baxmayaraq, onların bir-birindən yarım kürə aralıda yerləşən məmləkətlərin insanlarının öz qurbanlarına verdikləri dəyər və ehtiramın təcəssümü olduğunu yazır və həmin hadisələrin faciə ilə üzləşmiş hər iki xalqın xatirəsində oxşar izlər buraxdığını qeyd edir.
E.Süleymanov bu yazısı vasitəsilə amerikan oxuyucularını 1990-cu il 20 Yanvar faciəsi, onun Azərbaycan xalqına yetirdiyi ağrılar və eləcə də xalqımızın öz azadlığı və müstəqilliyi uğrunda nümayiş etdirdiyi fədakarlıq barədə məlumatlandırır. Məqalədə müstəqil və inkişaf edən Azərbaycan Respublikasının Sovet imperiyasının bu cinayətinin qurbanlarının xatirəsinə ifadə edilən ən əziz ehtiramın tərənnümü olduğu bildirilir.