Müxalifət İsmayıllı hadisəsindən yararlanmaq istəyir - ŞƏRH
Azərbaycanı Liviya, Suriyaya çevirmək istəyən qüvvələr var
25 Yanvar 2013 18:48 Siyasətİsmayıllıda baş verən hadisələr arxada qalsa da bəzi maraqlı qüvvələr bundan yararlanmaq iddiasından əl çəkməyiblər. Xüsusən, radikal müxalifət nəzarətində olan media orqanları vasitəsilə insanları təxribata cəlb etmək, vətəndaşlarla dövləti qarşı-qarşıya qoymaq cəhdində bulunurlar. Aydındır ki, burada məqsəd müxalifətin 2013-cü ilin prezident seçkiləri ili olmasını nəzərə alaraq ölkədə hökm sürən sabitliyi pozmaq, Azərbaycanı beynəlxalq nüfuzuna xələl gətirməkdir. Lakin müxalifətin bu seçimi geniş ictimaiyyət tərəfindən birmənalı şəkildə qəbul edilmir.
Millət vəkili Tahir Rzayev bildirib ki, İsmayıllıda baş verən adi məişət münaqişəsinin arxasında təbii ki, maraqlı qüvvələr dayanır. Ölkədə hər gün yüzlərlə belə şəxsi və məişət zəminində baş verən münaqişələr qeydə alınır. Niyə o hadisələr kütləvi aksiyalara çevrilmir? Çünki onların arxasında maraqlı qüvvələr dayanmır: "Burada nə var ki, iki nəfər qəza törədib, sonra isə dalaşıblar. Həmin şəxslər barəsində isə qanunvericiliyə uyğun tədbir görüləcək. Konkret bu hadisədə icra strukturlarının, hüquq-mühafizə orqanlarının günahı yoxdur ki, insanlar ona etiraz etsinlər. Yaxud hansısa vəzifəli şəxsin bu hadisədə əli yoxdur ki, belə etirazlara təhrik etsin. Sadəcə sərxoş adamlar olub ki, onlardan da istifadə edənlər tapılıb". Millət vəkilinin sözlərinə görə, heç şübhəsiz ki, bu hadisələrin arxasında maraqlı qüvvələr var. Həmin qüvvələr Azərbaycanda sabitliyi pozmağa cəhd ediblər. Lakin Azərbaycanda belə məsələlərin keçməsi mümkün deyil. Çünki belə hadisələrdə elə bir motiv yoxdur ki, o, doğrudan da hansısa vəzifəli şəxsin, yaxud müvafiq icra hakimiyyəti orqanının günahı hesabəna baş versin. Belə halda maraqlı qüvvələr heç vaxt istəklərinə nail olub, ölkədə sabitliyi poza bilməzlər".
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin fikrincə, İsmayıllıda baş verən hadisələrdə müxalifətin rolu böyük olub. Təkcə bu fakt kifayətdir ki, Müsavat başqanının müavini və digər şəxslər hadisə yerində olub: "Təbii ki, belə hadisələrin törədilməsi uzun müddət idi ki, hazırlanırdı. Bu kimi hadisələrin zəncirvari olaraq Şabran, Göyçay, Ağdaş kimi rayonlarda törədilməsi planlaşdırılırdı. Konkret İsmayıllıda baş verən hadisələrdə iştirak edən şəxslər təbii ki, müəyyən dairələr tərəfindən öyrədilib. Yerli sakinlərin həssas yanaşdığı məsələlərdən istifadə edilib. Maraqlı qüvvələr bundan özlərinin xeyrinə istifadə etməyə cəhd ediblər. Niyyətlərinə çatmaq üçün isə təxribatlar törədilib. Konstitusiya Araşdırmaları Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev hesab edir ki, hadisənin başvermə şəraiti və xarakteri onu göstərdi ki, bu, məişət zəminində baş verib. Sadəcə iki insan sərxoş vəziyyətdə yol qəzası törədərək, taksi sürücüsünə qarşı həqarətli münasibət bəsləyib. Bu zaman onların sərxoş vəziyyətdə şəxsiyyəti təhqir edən ifadələr işlətməsi də istisna olunmur. Heç şübhəsiz ki, insanları daha çox bu məsələ qıcıqlandırıb: "Mən İsmayıllı camaatını yaxşı tanyıram. Onlarla çoxlu təmaslarım olub. İsmayıllı camaatı sağlam düşüncəli, mental dəyərlərə sadiq insanlardır. Bu hadisədə onların necə təxribata cəlb edilməsi düşündürücü məsələdir. Çünki kiçik bir qığılcımdan böyük bir tonqal yaradılıb". Onun sözlərinə görə, hadisənin miqyası artdıqca maraqlı qüvvələrin müdaxiləsi inkar edilə bilməz: "Qeyd etmək lazımdır ki, digər rayonlarda olduğu kimi İsmayıllıda da sosial problemlərin həlli istiqamətində xeyli işlər görülüb. Hətta bir az da irəli gedilərək rayonda turizm sahəsi inkişaf etdirilib. Bu faktlar deməyə əsas verir ki, İsmayıllı camaatı adi məişət zəminində baş verən hadisədən belə dağıdıcı hərəkətlərə keçə bilməzdi. Görünür, kənardan edilən müdaxilə nəticəsində etirazların genişlənməsi baş verib. Hətta elə vəziyyət yarandı ki, bəzi maraqlı qüvvələr baş verən qanunsuz hərəkətləri təqdir etməyə başladılar. Bu isə çox təhlükəli məqamdır. Məhz bunun nəticəsində hadisənin miqyası daha da genişlənməyə başladı".
Millət vəkili Fuad Muradov hesab edir ki, müxalifət İsmayıllıda baş verən hadisələrdən bir siyasi dividend kimi istifadə etmək istəyir: "Təbii ki, müxalifət belə hadisədən istifadə edəcək, bu onlar üçün göydəndüşmə bir hadisədir. Onlar çalışırlar ki, bunu hər bir rayonda problemli bir məsələ kimi göstərsin, üsyan adlandırsın, amma reallıq var". O qeyd edib ki, Azərbaycan xalqı çox ayıq bir xalqdır, hansı məsələ necə baş verirsə, ona obyektiv münasibətini bildirir. Muradov xatırladıb ki, məsələ ilə bağlı istintaq gedir və Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin hadisə ilə bağlı ilkin rəyləri var: "Mən inanıram ki, istintaq geniş şəkildə bu məlumatları ictimaiyyətə yayacaq. Hadisənin günahkarları layiqli cavablarını alacaqlar. Mən təəssüf edirəm ki, İsmayıllıda belə bir hadisə baş verib və inanıram ki, bu məsələni belə vəziyyətə çatdıran insanlar dövlət tərəfindən lazımi tədbirləri hiss edəcəklər". Məlumata görə, İsmayıllıda baş verən hadisələrdə şübhəli bilinən şəxslər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və ciddi araşdırma aparılır. Ancaq məsələ orasındadır ki, hüquq-mühafizə orqanları siyasi proseslərə müdaxilə etmədiyindən araşdırmanı sırf kriminal zəmində aparacaq və hadisədə birbaşa əli olan şəxslər cəzalandırılacq. Əslində belə də olmalıdır, hər kəs törətdiyi əmələ görə məsuliyyət daşımalıdır. Ancaq qorxulu məqam ondan ibarətdir ki, hadisədə dolayısı ilə əli olan, təxribatın gizli iştirakçısı və təşkilatçısı olan şəxslər yenə də məsuliyyətdən kənarda qalacaqlar. Bu isə növbəti İsmayıllı, Quba hadisələrinin törədilməsi üçün cəzasızlıq sindromu yarada bilər. Hamıya bəllidir ki, İsmayıllıdı, Qubada baş verən hadisələr eyni ssenari ilə cızılmaqla Azərbaycanda sabitliyi pozmaq, ölkəmizi beynəlxalq aləmdə nüfuzdan salmaq istəyən qüvvələrin təxribatıdır. Heç şübhəsiz ki, müxalifət fürsəti əldən verməyərək baş vermiş kriminal hadisədən yaralanmağa çalışıb və Azərbaycanı Liviyaya, Suriyaya çevirmək istəyib. Çünki sadə insanların ictimai və şəxsi mülkiyyətə bu qədər zərər vurması mümkün olan hal deyil. Görünür, belə təxribat xarakterli, dağıdıcı addımlar düşünülmüş şəkildə törədilib. Lakin heç bir halda müxalifət istəyinə nail ola bilməz. Çünki İsmayıllı camaatı bu gün baş vermiş hadisə zamanı günahı olan şəxslərin cəzalandırılmasını istəyir. Bu isə onun göstəricisidir ki, xalq müxalifətin, destruktiv qüvvələrin iç üzünü yaxşı tanıyır. Ona görə də ictimai-siyasi sabitliyə, inkişafa tərəfdardır.
Alim