Qərbin yeni işğal planı... - REGİON

Xristianların müsəlman dünyasına növbəti savaşı

Fransanın Malidə həyata keçirdiyi hərbi əməliyyatlar davam edir. Bu ölkəyə məxsus qırıcı bombardmançı təyyarələrin ölkənin  Timbuktu şəhərinə endirdiyi hava zərbələri nəticəsində silahlı qruplaşmaların xeyli sayda itgi verdiyi bildirilir. Hava zərbələri nəticəsində xalq tərəfindən devrilərək qətlə yetirilən Liviya diktatoru  Muammar Qəddafiyə məxsus istirahət obyektinin də darmadağın edildiyi bildirilir. Keçmiş Liviya liderinə məxsus obyektin də məhz silahlı birləşmələr tərəfindən ələ keçirildiyi və oradan qərargah olaraq istifadə olunduğu bildirilir. Fransanın Malidə havadan və qurudan həyata keçirdiyi hərbi əməliyyatların əhatə dairəsi və miqyası genişləndiyi bir məqamda Qərbin yeni bir işğal planı üzərində çalışdığı məlum olub.  Yeni planda  Afrika ölkələrini müstəmləkə altına almaq başlıca hədəf olaraq seçilib.  Fransanın Malidə başladığı hərbi əməliyyatlarla start verilən bu planın digər Avropa dövlətləri tərəfindən də dəstəkləndiyi vurğulanır. Düzdür, ayrı-ayrı Qərb dövlətlərinjn müxalif dairələri başda Mali əməliyatları olmaqla Avropanın yeni işğal planına qarşı çıxsalar da, ancaq mövcud hakimiyyətlər sözügedən planı dəstəkləyir və onun ilk hərəkətverici qüvvəsi olan Fransaya öz dəstəklərini əsirgəmirlər.  Hazırda Birləşmiş Ştatlar, Böyük Britaniya, Almaniya, Belçika və bu digər Avropa dövlətləri Mali hərbi əməliyyatlarında Fransaya dəstək nümayiş etdirirlər. Burada maraqlı məqamlardan biri də ondan ibarətdir ki, bir çox məsələlərdə Qərblə dil tapmayan Rusiya belə Malidəki hərbi əməliyyatlara görə, Fransanı, ümumilikdə Avropanı dəstəkləyib. Hətta Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Mali əməliyyatlarını antiterror əməliyyatı kimi dəyərləndirib. Xarici siyasət idarəsinin rəhbəri silahlı birləşmələrin "Əl-Qaidə" terror təşkilatı ilə bağlılığını da mümkün hesab edib. Onun sözlərinə görə,   bu kimi mənfi nüanslar "Əl-Qaidə" terror təşkilatının hər keçən gün daha da gücləndiyini göstərir. Lavrov hesab edir ki,  Əlcəzairdəki girov götürmə hadisəsi adıçəkilən terror təşkilatının xəbərdarlıq siqnalı sayıla bilər.

30 ölkə Qərbin işğal planında

Malidə genişmiqyaslı hərbi əməliyyatlar keçirən və bu ölkəni işğala məruz qoyan Qərbin  işgal planında daha 30 ölkənin olduğu ortaya çıxıb. Bildirilir ki, plana əsasən işğala məruz qalacaq ölkələr Afrikanın müsəlman dövlətləri olacaq. Hətta Qərbin yeni işğal planı ilə əlaqədar hesabat da hazırlanıb. Dünya siyasətində tanınmış simalardan sayılan Jay Ulfelderin hazırladığı hesabata görə, 2013-cü ilin ilk aylarında Suriyada mövcud hakimiyyət devrildikdən sonar Qərb dövlətləri bu ölkəyə nəzarəti təmin edəcəklər. Sonrakı mərhələdə isə xalq inqilabı adı altında başlanan bu kimi olaylar Afrikanın müsəlman dövlətlərini öz cənginə alacaq. Qərbin hazılamış olduğu bu plan əsasında  Afrika dövlətləri Avropa tərəfindən işğal ediləcək. İl ərzində bir-birinin ardınca hərbi çevriliş və Qərbin dili ilə desək xalq üsyanı yolu ilə qarışacaq 30-a yaxın Şərqi və Şimali Afrika dövlətinin 2014-cü ilə qədər Qərb tərəfindən tamailə işğal edilməsi nəzərdə tutulur. Hesabatda diqqət çəkən məqamlardan biri ondan ibarətdir ki, hərbi çevriliş və ya "xalq üsyanı" baş verəcək ölkələr sırasında əksəriyyəti müsəlman ölkələri təşkil edir. Bu isə belə bir qənaətə gəlməyə əsas verir ki, əslində xristian dünyasının müsəlman aləminə qarşı yeni bir savaşı başlayıb.

Avropanın işğal edəcəyi ölkələr

2014-cü ilə qədər hərbi çevriliş və ya xalq üsyanının baş verəcəyi ,bunun isə Qərbin işğal planı ilə nəticələnəcəyi ölkələr sırasında  Sudan, Liberiya, Madaqaskar, Suriya, Yəmən, Çad, Əfqanıstan, Banqladeş, Nigeriya, Mavritaniya, Ekvator, Haiti, Kamboça və Şərqi Timorun adı xüsusi qeyd olunur.

Vaşinqtonun Şimali Koreya qorxusu

Qərb Birləşmiş Ştatların dəstəyi ilə özünün yeni işğal planını hazırlayıb icra etməyə başladığı bir məqamda Vaşinqton qəfil xəbərlə sarsılıb. Əslində bu amerikalılar üçün o qədər də yeni bir xəbər olmasa da, ancaq indiki məqamda konkret hədəfin göstərilməsi okeanın o tayında yaşayanların yuxusunu sözün əsl mənasında ərşə çəkib. Söhbət  Şimali Koreya hakimiyyətinin bu günlərdə verdiyi açıqlamadan gedir. Rəsmi Pxenyan bəyan edib ki, istehsalını tamamladıqları uzun mənzilli raketin əsas hədəfi məhz Birləşmiş Ştatlardır. Şimali Koreya rəsmiləri bildiriblər ki, bundan sonra da istehsal ediləcək uzun mənzilli silahlar yalnız Amerikanı vurmaq üçün nəzərdə tutulacaq.

Beynəlxalq analitiklər isə dünyada və ayrı-ayrı regionlarda baş verən bu tipli olayları şərh edərək belə qənaətə gəliblər ki, bəşəriyyət yeni bir savaşın astanasındadır. Əksəriyyət dünya ölkələrinin bu savaşa hazırlaşdığını qeyd edən siyasi şərhçilər  Qərbin yeni işğal planını dünya müharibəsinin başlanğıcı kimi dəyərləndirirlər.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00