Rusiya İranın parçalanmasını istəyir - SİYASİ ŞƏRH

İran müharibədən və parçalanmaq təhlükəsindən yaxa qurtara bilməyəcək

Azərbaycan etnik, məzhəb müxtəlifliyi və siyasi quruluş baxımından çox mürəkkəb və həssas bölgədə yerləşir. Respublikaya qonşu olan Rusiya, İran, Türkiyə və fiziki təması olmayan Qərbi Avropa, ABŞ, İsrail və NATO-nun mənfəət axtarışları Azərbaycanda qeyri-sabitlik potensialını artırır. Əsasən də İran regionda Rusiyanın varlığına görə Azərbaycanı rusların "inqilabçı ideologiyaların"ın giriş dəhlizi kimi görür. Hərçənd ki, Rusiya Sovetlər Birliyinin dağılmasından sonra kiçilib və bu ideologiyası iflasa uğrayıb. Regional sistemin dəyişməsinə baxmayaraq təhlükəsizlik qayğılarının davam etməsi İranın Azərbaycan siyasətini fərqli müstəvidə qiymətləndirilməsinə məcbur edir. Fars millətçiliyi Azərbaycanı İran mədəniyyət hövzəsinin davamı kimi qəbul edir. Molla rejimi Azərbaycan da daxil olmaqla region ölkələrini "İslami birlik" damı və fars bayrağı altında birləşdirmək istəyir. İranın xaricdən qəbul etdiyi təhdidlərin başında türk varlığı, xüsusilə Azərbaycan dayanır. Çünki, Azərbaycan daxilindən İran hakimiyyətinə qarşı 9, öz daxilindən isə 45 milyon Azərbaycan türkü dayanıb. Türk varlığının milliyyətçi ifadə ətrafında təşkilatlanması həm Rusiyanı, həm də İranı narahat edir. Hər iki ölkənin sərhədləri içində sıx şəkildə olan türklər barəsində Rusiya və İran arasında fikir birliyi mövcuddur. Rusiya və İran arasındakı digər ortaq gündəm isə hər iki dövlətin NATO-nun bölgəyə daxil olma səylərindən duyduqları qayğıdır. Rusiya İrana görə ABŞ qarşısında daha zəif rəqibdir. ABŞ və Aİ isə Rusiyanın bölgədəki yerini əvəz edəcək potensiala malikdir. Həmçinin 1991-ci ildən sonra İsrailin yeni xarici siyasət sahəsi kimi Azərbaycana inteqrasiya etməsi də İranı narahat edir. Tehran düşüncə tərzinə görə bu qüvvələr İranın "İslami Birlik" ideologiyasına əngəldir. Həmçinin Azərbaycan-Ermənistan məsələsində İranın ermənipərəst mövqeyi ziddiyyətli məqamları ortaya qoyur. Biri Qriqoryan Xristianı, digəri şiə olan dövlətlərin əlaqələrinin isti məcrada axması praktikada Ermənistanın dəstəkləməsi İranın Qafqazdakı geosiyasi qayğılarının və ideoloji əməllərinin ən gözəl nümunəsidir. Ermənistan İrana görə farsların qədim ərazisi olub, hətta molla rejimi bunu isbat etmək üçün indiki Ermənistan daxilindəki Azərbaycana məxsus olan maddi-mədəniyyət nümunələrini farslara məxsusluğunu iddia edir. İran Azərbaycan və Gürcüstana da eyni prinsiplə yanaşır. İran bölgədə xarici aktyorlar kimi təyin etdiyi Aİ, ABŞ, İsrail və NATO-nun bölgədə qüvvətlənməsindən qorxur və güclərin Qafqazdakı fəaliyyətlərini məhdudlaşdırmağa çalışır. Xüsusilə də İran ABŞ-ın Gürcüstan və Azərbaycanla olan əlaqələrindən narahatdır. İranın "İslami Birlik" siyasəti baxımından diqqət çəkici başqa nöqtə isə Tehranın bütün regional təşkilatlarda rol almaq istəyidir. Tehranın birliklərdə boy göstərməyə çalışması, özünə "məsul ölkə" imici vermək məqsədidir. İranın bu mövzuda göstərdiyi diqqətin əsasında xüsusilə, Qərblə olan gərginliyinə görə bölgə dövlətlərini itirmək qorxusu dayanır. Azərbaycan İranın "İslami Birlik" siyasətində mərkəzi və təyinedici rola malikdir. Azərbaycan dövlətinin dünyəviliyi və xarici siyasəti İranı olduqca narahat edir. Azərbaycanın xarici siyasətində Qərbin əhəmiyyətli yer tutması və xüsusilə də ABŞ və İsraillə olan münasibətləri İran baxımından qayğılandırıcıdır. İranın Xəzər hövzəsi və enerji xəttləri mövzusundakı baxış bucağı da Azərbaycandan fərqlidir. İran bütün rəsmi ifadəsində Qarabağın Azərbaycanın tarixi bir torpağı deməsinə baxmayaraq praktikada bu problemin qarşıdurmaya çevrilməsindən yanadır. Çünki bu problemin həllsiz qalması İran üçün bir tərəfdən Azərbaycanı zəiflədir, digər tərəfdən də İrana yaxınlaşmasını təmin edən fürsətdir. Qısacası İranın Azərbaycan siyasəti təhdid mərkəzli xarici siyasət oxunda şəkillənir. Ermənistan isə İranın "İslami Birlik" siyasətində sütun roluna malikdir. Ermənistanın Azərbaycanla gərgin əlaqəsi Azərbaycanın böyüməsini və İrandakı Azərbaycan türkləri üçün bir cazibə mərkəzi olmasına maneədir. Ermənistanın İran baxımından Qərbə qarşı Rusiya safında xüsusi əhəmiyyətlidir. Buna görə də İran bu gün böhran içərisində boğulan Ermənistanın iflic vəziyyətindən sui-istifadə edir. Hətta İran Ermənistanda fevral ayında keçiriləcək prezident seçkilərində Vardan Sedrakyan adlı namizədi ilə də iştirak edəcək. İranpərəst olan Sedrakyan ETTELAAT əməkdaşıdır və Ermənistanda İranın təbliğatı ilə məşğuldur. Məsələdə diqqəti çəkən məqamlarda biri ondan ibarətdir ki, Sedrakyan öz çıxışlarında bütün region ölkələrini tənqid etdiyi halda Azərbaycana qarşı bu münasibətləri göstərmir. Sözsüz ki, İran çox gözəl şəkildə başa düşür ki, Dağlıq Qarabağ Azərbaycan üçün ən həssas nöqtədir və Tehran bu məsələni məhz Sedrakyanla çözmək istəyir. Yəni ki, İran Dağlıq Qarabağ münaqişəsini təkbaşına həll edəcək, Güney və Quzey Azərbaycanın gözündə dost ölkə imici yaradacaq. Bundan sonra Tehrana görə Rusiyanı kənarlaşdırmaq heç də çətin olmayacaq. İranın Rusiyaya isti münasibə göstərməsi qorxudan, İsraillə mümkün müharibə variantını dəf etmək niyyətindən doğur. Lakin, İran hakimiyyətinin bu romantik düşüncə tərzi xəyal məhsulundan başqa heç nə deyil.  Gürcüstanın İrana sərhəd olmamasına baxmayaraq Qara dəniz hövzəsi ölkəsi, Rusiya ilə qonşuluqda yerləşməsi və Ukrayna ilə sıx əlaqəsi baxımından az əhəmiyyətə malik deyil. Bundan başqa Gürcüstanın partlamağa hazır əlverişli etnik və məzhəb quruluşunun olması və bu qeyri-sabitliyin bölgəyə yayılma təhlükəsi İranı diqqətli olmağa məcbur edir. Gürcüstanın Qərblə yaxınlığı və NATO-ya daxil olmaq istəyi də İranı narahat edir. Bütün hallarda isə İran qarşısında dayanmış təhlükədən və parçalanmadan yaxa qurtara bilməyəcək. İran mümkün müharibədə təkcə İsraillə yox, Rusiya da daxil olmaqla ABŞ, NATO, Aİ və Qərbi Avropa kimi nəhəng "Xristian cəbhəsi" ilə qarşılaşmalı olacaq. Çünki, Mahmud Əhmədinejadın yürütdüyü siyasi strategiya regionda olan bütün İslam ölkələrini İrandan uzaqlaşdırıb. Məhz dini nöqteyi-nəzərindən İranın Rusiyaya bel bağlaması İslam dövlətinin sonu olacaq. Molla rejimi isə hələ bunun fərqində deyil!

Mənsur Rəğbətoğlu 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00