Mətanət Ağamirli: “Bu texnikaları idarə edən igid oğullarımızın sayəsində tezliklə torpaqlarımızı işğaldan azad edəcəyik”

"Azərbaycan Silahlı Qüvvələrinin Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr olunan hərbi parad vətəndaş olaraq hər birimizdə qürur hissi doğurdu. Başqa cür ola da bilməzdi. Çünki, söhbət bizim xalqımızın, dövlətimizin qürür mənbəyindən gedir. O qürur mənbəyindən ki, bu gün Azərbaycan regionda lider dövlət rolunda çıxış etdiyi kimi, Azərbaycan Silahlı Qüvvələri də artıq regionda və dünyada fərqlənən, öz sözünü deyən bir orduya maliki olduğunu sübut etdi."

Bu fikirləri Olaylar.az - a açıqlamasında əməkdar jurnalist, "Lider" televiziyasının aparıcısı Mətanət Ağamirli bildirib.

"Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin xüsusilə son on illikdə Azərbaycan ordusuna göstərdiyi diqqətin nəticəsidir ki, bu gün Azərbaycan ordusunu dünyanın ən nümunəvi və ən güclü ordusu ilə müqayisə edirik. Bu baxımdan düşünürəm ki, ötən gün qeyd olunan bayram təkcə Azərbaycan Silahlı Qüvvələrində təmsil olunan igid oğullarımızın deyil, hər birimizin bayramıdır."

Bu gün Azərbaycanın çox ciddi bir orduya ehtiyacı olduğunu qeyd edən Mətanət Ağamirli bildirdi ki, ölkəmiz uzun illər Dağlıq Qarabağ  münaqişəsindən əziyyət çəkən bir ölkədir: "Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycanın torpaq bütövlüyünə nail olunması üçün səfərbər olunan Azərbaycanın güclü ordusu bu gün torpaqlarımızın işğaldan azad olunmasının qarantıdır. Cənab prezident İlham Əliyev də hər zaman çıxışlarında qeyd edir ki, Azərbaycan danışıqlar yolu ilə torpaqlarını işğaldan azad edə bilməzsə, Azərbaycan ordusu işğalda olan torpaqlarımızın  hər qarışını azad etmək qüdrətindədir. Keçirilən hərbi paradda Azərbaycan və Türkiyə şahinlərinin birgə Azərbaycan səmasında dövlət rəmzlərimizi qəhrəmancasına əks etdirmələri hər birimiz üçün sevindirici  və qürurverici haldır.

Nümayiş olunan hərbi paradda biz Azərbaycan ordusunun nə qədər müasir standartlara cavab verən silahlarla, güclü hərbi texnikalarla təchiz olunmasına şahid olduq. Ümid edirəm ki, bu texnikaları idarə edən igid oğullarımızın sayəsində tezliklə  torpaqlarımızı işğaldan azad edəcəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31