Ermənistanın hakim partiyasında İrəvan meri Tiqran Avinyana qarşı narazılıq artır – ÖZƏL
10:38 SiyasətOlaylar.az xəbər verir ki, "Hraparak" qəzetinin yazdığına görə, Ermənistanın hakim "Vətəndaş Müqaviləsi" partiyası daxilində İrəvan meri Tiqran Avinyanın şəhərsalma sahəsindəki "iştahası" və fəaliyyəti ilə bağlı narazılıqlar artmaqdadır. Nəşr qeyd edir ki, Avinyan komanda üzvlərini özünün əvəzolunmaz olduğuna və 2028-ci ildə başqa namizədin irəli sürülməsinin riskli olacağına inandırmağa çalışır, çünki meriya aparatı və əsas vəzifələr ona yaxın şəxslərin nəzarətindədir.
Lakin partiya daxilindəki bir qrup şəxs onu ictimai tənqidlərə məruz qalan uğursuz məmur və "inqilab dəyərlərinə xəyanət edən" fiqur hesab edərək, baş nazir Nikol Paşinyanı onun namizədliyini yenidən irəli sürməməyə razı salmağa hazırlaşır. Qəzet həmçinin bildirir ki, daha əvvəl baş nazirin həyat yoldaşı Anna Akopyanın paytaxtdakı nəqliyyat vəziyyətini tənqid edən videosunu Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın paylaşması partiyadaxili rəqabətlə əlaqələndirilir. Mətbuatın məlumatına əsasən, Simonyan öz reytinqini daha yüksək qiymətləndirir və İrəvan meri postuna namizədliyini irəli sürmək imkanını nəzərdən keçirir.