Son 15 gündə təhlükəli vəziyyətdə qalan 32 uşaq xilas edilib - FHN

Fövqəladə Hallar Nazirliyi (FHN) uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib.

Nazirlik aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, bir sıra hallarda azyaşlıların nəzarətsiz qalması nəticəsində onların həyat və sağlamlığı üçün təhlükəli vəziyyətlərin yarandığını bildirib.

Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə azyaşlıların təhlükəli və ya köməksiz vəziyyətdə qalması ilə bağlı mütəmadi məlumatlar daxil olur. Müraciətlər əsasında FHN-in müvafiq xilasetmə qüvvələrinin həyata keçirdiyi operativ tədbirlər nəticəsində təkcə son 15 gün ərzində 32 uşaq xilas edilərək ailə üzvlərinə və ya yaxınlarına təhvil verilib.

Aparılan təhlillər göstərir ki, bu hallar ilk növbədə uşaqların valideynləri tərəfindən nəzarətsiz buraxılması və ya hər hansı səbəbdən mənzildə tək qoyulması nəticəsində baş verir.

Nazirlik xatırladıb ki, mənzillərdə elektrik və qaz cihazları, açıq eyvan və pəncərələr, aşma və ya düşmə təhlükəsi olan ağır əşyalar, kimyəvi maddələr, kəsici alətlər və digər təhlükə mənbələri azyaşlıların həyat və sağlamlığı üçün ciddi risk yaradır. Uşaqların liftdə, həyətdə, küçədə, avtomobildə və digər məkanlarda nəzarətsiz qalması da arzuolunmaz nəticələrə səbəb ola bilər.

FHN valideynləri bir daha uşaqlara qarşı diqqətli olmağa və onları nəzarətsiz qoymamağa çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31