Azərbaycanın haqq və hüquqlarına hörmətsizlik
22 İyun 2018 12:29 SiyasətVə ya BMT qətnamələrin icrasının baş tutmaması üçün edilən bəhanələr
Azərbaycana qarşı qərəzli yanaşma, ikili standartlar zaman-zaman özünü büruzə verməkdədir. Xüsusilə Dağlıq Qarabağ problemi ilə bağlı məsələdə bir sıra dövlətlər, hətta beynəlxalq təşkilatlar belə Azərbaycanın maraqlarından zidd çıxış edərək ölkəmizin haqq və hüquqlarını tanımamazlıqdan gəlirlər. Yaxud zamanında Azərbaycanın haqlı mövqeyini əks etdirən qərar və qətnamələrin nəinki icrası istiqamətində çalışır, əksinə onların işlək vəziyyətə gətirilməsinə belə maneçilik nümayiş etdirirlər. Bu günlərdə Birləşmiş Millətlər Təşkilatının baş katibi A.Quttereş və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında keçirilən görüş zamanı bir daha bunun əyani şahidinə çevrildik. Belə ki, Quttereş və Lavrovun keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ problemi ilə bağlı BMT-nin qəbul etdiyi qətnamələrin icrası ilə bağlı suala cavabda Rusiyanın xarici siyasət idarəsi rəhbəri nə qədər təəccüblü və təəsüüfedici də olsa bildirib ki, həmin qətnamələr hərbi əməliyyatlar zamanı qəbul edilib. Sergey Lavrovun sözlərindən belə anlaşılıb ki, bu səbəbdən indiki dövrdə həmin qətnamələrin icrasından danışmaq yersizdir.
Rusiya xarici siyasət idarəsi rəhbərinin məlum açıqlaması haqlı olaraq etirazla qarşılanıb. Məsələ ilə bağlı fikirlərini bildirən Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə deyib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-nin baş katibi A. Qutterş ilə birgə mətbuat konfransında BMT-nin Qarabağla bağlı qətnamələrini müharibə vaxtına aid olmasını qeyd etməsi, ilk növbədə onun beynəlxalq qanuna hörmətsizliyidir. Həmçinin Lavrovun bu açıqlaması, Rusiyanın rəsmi mövqeyi kimi qəbul edilməlidir: "Deməli, Rusiya münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri kimi ali qurumun dörd qətnaməsini heçə sayır və Ermənistanın işğalçı ölkə olmasını beynəlxalq hüquqdan çıxarmaq istəyir. Qeyd edim ki, Sergey Lavrov çox təhlükəli tendensiyalara toxunur, elə bil Ermənistan prezidentinin Qarabağ üzrə köməkçisi kimi çıxış edir. Hazırda BMT-nin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması barədə dörd qətnaməsi qüvvədədir və ölkəmiz bu qətnamələrə əsasən öz ərazilərini işğaldan azad etmək hüququnu özündə saxlayır. Sergey Lavrov bu açıqlaması ilə rəsmi Bakıya BMT-nin məlum qətnamələrinə istinad etməməsini mesajını verir. Çünki, ordumuzun döyüş qabiliyyətinin yüksəlməsi, Naxçıvanda steateji ərazilərin işğalçıdan geri alınması, erməni lobbisinin Rusiyada baş hamisi olan Lavrovu çox narahat edir". Politoloq deyib ki, Prezident İlham Əliyev avqustun 30-da Rusiyaya rəsmi səfərində Putinlə görüşündə Sergey Lavrovun Qarabağ konfiliktinin ədalətli həllinə zidd açıqlamalarını hər halda onun nəzərinə çatdıracaq: "Vladimir Putinlə Soçi görüşündə Lavrovla bağlı mövqe ortaya qoyulmuşdu. Göründüyü kimi Rusiyanın xarici işlər naziri Rusiyada ölkəmizin siyasi mövqelərinin zəifləməsinə və Qarabağ konfliktinin həllinə birbaşa zərbə vuran əsas aparıcı şəxsdi. Kreml görünür, erməni lobbisinin istəyi ilə Azərbaycana siyasətini müəyyən edir. Xarici İşlər Nazirliyi Sergey Lavrovun moderatorluğu ilə aparıla biləcək danışıqlardan imtina etməlidir. Ümumiyyətlə, Sergey Lavrov ölkəmiz üçün arzuolunmaz şəxs elan olunmalıdır. Bu şəxs Rusiya Xarici İşlər Nazirliyini anti-Azərbaycan mərkəzi edib".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə deyib ki, BMT-nin baş katibi Antonio Quterrişin və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun birgə keçirdikləri mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı BMT qətnamələrinin niyə yerinə yetirilmədiyi sualına verdikləri cavablarda sətiraltı ifadələr var: "BMT-nin baş katibi suala sanki konkret cavab verib: "BMT-yə üzv dövlətlər Təhlükəsizlik Şurasının qərarlarına hörmət etməlidir". Anvaq bu cavabda da qüsur var. BMT-yə üzv dövlətlər Təhlükəsizlik Şurasının qərarlarına hörmət yox yerinə yetirməlidirlər, yerinə yetirmədikdə isə bunun üçün bəlli mexanizmlər hərəkətə gətirilir. Sergey Lavrov isə verilən suala ikibaşlı cavab verib. Birincisi, o deyib ki, Rusiya, ABŞ və Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli üzərində işləməyə davam edirlər. Necə işlədiyini 20 ildən çoxdur görürük. Cavabın sonrakı hissəsi daha maraqlıdır: "Bu qətnamələr hərbi əməliyyatlar dövründə qəbul olunub. Onlar böyük ölçüdə bu qanlı vəziyyətə son qoymağa və məsələni siyasi dialoqa çevirməyə imkan verib". Yəni bir kəlmə də qətnamələrin məğzinə toxunulmayıb. Lavrovun sözlərində belə çıxır ki, BMT qətnamələri sadəcə atəşkəsə nail olmaq və sonu görünməyən dialoqa başlamaq üçün idi. Bəs həmin qətnamələrdəki "işğal altındakı rayonlar azad olunmalıdır" ifadəsi niyə unuduldu? Sonra da şikayət edirik ki, Ermənistan niyə BMT-nin 4 qətnaməsini yerinə yetirmir? Yerinə yetirməz də. Qətnaməni qəbul edən təşkilatın və qətnaməyə səs verən əsas ölkənin təmsilçiləri qətnaməni yerinə yetirməyən ölkənin adını çəkmədikləri bir yana, qətnamənin yerinə yetirilməsini də vacib saymırlar".
Süleyman