Ermənistan-Azərbaycan dövlət sərhədində “Sülh evi” tikilir?

Ermənistanda hakimiyyət dəyişikliyindən sonra bu ölkədə qeyri-müəyyənlik qalmaqdadır. İstər daxili. Istərsə də xarici siyasətdə hansı addımları atmalı olduğunu hələ də müəyyənləşdirə bilməyən Paşinyan hökumətinin bu ərəfədə Naxçıvan istiqamətində üzləşdiyi uğursuzluq onu daha da çıxılmaz vəziyyətə salıb.  Bu arada həmsədrlərin Ermənistanda peyda olmaları diqqət çəkməyə bilməzdi. Ermənistanda cərəyan edən proseslər, eləcə də həmsədrlərin işğalçı ölkəyə səfərlərinə diqqət çəkən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu qeyd edib ki, konstitusiya dəyişikliyi və bundan sonra baş verən "məxməri inqilab" Ermənistanın xarici məsələlərdə dövlət təmsilçiliyini dəyişdi və  hakimiyyətə tamamilə yeni adamlar gətirdi. Mərkəz rəhbərinin sözlərinə görə, müstəqil Ermənistanda ilk dəfədir ki, Ermənistan rəhbərliyi bu ölkənin vətəndaşlarından təşkil olunub: "Həm prezident Armen Sərkisyan, həm də baş nazir Nikol Paşinyanın özləri, ataları və babaları Cənubi Qafqaz Ermənistanındandır. Yəni Çar Rusiyasının yaratdığı Ermənistanda anadan olublar". Mübariz Əhmədoğlu onu da diqqətə çatdırıb ki,  Ermənistanı beynəlxalq danışıqlarda kimin təmsil edəcəyi rəsmən mübahisəli məsələdir: "Nikol Paşinyan baş nazir seçildikdən dərhal sonra Avrasiya İqtisadi Birliyinin Soçi iclasında iştirak etməli idi. Bu iştirak əlavə təsdiq tələb edirdi. Ona görə Ermənistan hökumətinin iclasından sonra Ermənistan Xarici İşlər Nazirliyi o zamankı nazir Edvard Nalbandyanın imzası ilə Avrasiya İqtisadi Birliyi rəhbərliyinə rəsmən müraciət göndərdi. Müraciətə görə Ermənistanı baş nazir Nikol Paşinyan təmsil edəcək. Bundan bir neçə gün sonra MDB hökumət başçılarının Özbəkistanda keçirilən iclasında Ermənistanı baş nazir deyil, onun birinci müavini A.Mirzoyan təmsil etdi". Mərkəz rəhbəri hesab edir ki, Ermənistan dövlətinin xarici ölkələrdə, beynəlxalq tədbirlərdə təmsilçilik problemi var və rəsmi Yerevanın yuxarıda göstərdiyimiz iki addımı bunu etiraf etdiklərinin sübutudur: "Erməni materiyasının və kimyasının özünə məxsusluğunu nəzərə alsaq onların Dağlıq Qarabağ danışıqlarında Ermənistanın təmsilçiliyinə daha fərqli münasibət göstərəcəkləri sirr deyil. Nikol Paşinyanın baş nazir seçildiyi andan Dağlıq Qarabağ danışıqları barədə tutduğu mövqe onun uşaq cığallığının sübutudur. Levon Ter-Petrosyanın dövründən Ermənistan rəhbərliyi Dağlıq Qarabağ danışıqlarını aparır. Nikol Paşinyan presedent yaratmayıb. Presedenti qeyri-qarabağlı, Suriya ermənisi Levon Ter-Petrosyan yaradıb". Bu arada vasitəçilərin fəaliyyətinə də toxunan Mübariz Əhmədoğlu deyib ki, hazırda həmsədrlərin qarşısında duran birinci məsələ danışıqların statusudur: "Ermənistanı danışıqlarda kim təmsil edəcək və buna uyğun Azərbaycanı  danışıqlarda kim təmsil edəcək? Həmsədrlər yaydığı bəyanatda danışıqların statusunu ilk məsələ kimi qoymuşdular. Görünür, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşündə ilk razılaşdırılan məsələ bu olacaqdır. Ermənistanın Dağlıq Qarabağ danışıqlarında ən yaxşı təmsilçisi indiki halda prezident Armen Sərkisyandır. Konstitusiyaya görə o dövlətin başçısıdır. Amma onun səlahiyyətlərində məhdudiyyətlər var. Ona görə Ermənistan hökuməti danışıqları aparmaq üçün lazım olan bütün səlahiyyətlərin prezident Armen Sərkisyana verilməsi ilə bağlı qərar qəbul edir və bu qərarı parlament təsdiq edir. Bundan sonra Ermənistan prezidenti Azərbaycan Prezidenti ilə danışıqlar aparmaq hüququ əldə edir. Digər variant baş nazirlər arasında danışıqların aparılmasıdır. Baş nazir Nikol Paşinyanın konstitusiyaya görə belə səlahiyyəti var. Azərbaycan Respublikasının baş nazirinin də belə hüququ var. Azərbaycan Respublikasının Prezidenti İilham Əliyev əlavə qərar qəbul etməklə baş nazirin səlahiyyətlərini daha da təkmilləşdirə bilər. Yaranmış vəziyyətdə Azərbaycan Respublikasının baş naziri təkcə Azərbaycanda deyil, eləcə də Ermənistanda Dağlıq Qarabağ tənzimlənməsinin gedişini ən yaxşı bilən çox azsaylı şəxslərdən biridir. Ermənistanın rəsmi təmsilçilərində bu məsələdə Azərbaycanın baş nazirinə rəqabət yarada biləcək şəxs yoxdur". Mərkəz rəhbərinin sözlərinə görə, üçüncü format çoxsaylı dəyişikliklərə daha bir dəyişiklik əlavə etməklə yaradıla bilər: "Ermənistan-Azərbaycan dövlət sərhədinin Gorus-Laçın hissəsində yarısı Ermənistan respublikasının, qalan yarısı Azərbaycan Respublikasının ərazisində olmaqla "Sülh evi" tikilir. Hər iki tərəfdən tənzimlənməyə məsul şəxslər təyin olunur. Bu rəsmilər vaxtaşırı işçi qrupunun iclasını təşkil edir. Dördüncü variant da mümkündür. Ermənistanın baş nazirinin danışıqlar formatına yeni iddiaları və prezident Armen Sərkisyanın danışıqlardan imtinası fonunda Azərbaycan və Ermənistan rəhbərliyi Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının dialoquna şərait yaradırlar. Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar ilə may ayındakı görüşdə Dağlıq Qarabağın vətəndaş cəmiyyəti təmsilçilərinin danışıqlar prosesinə cəlb olunmasında maraqlı olduğunu bildirmişdi. Belə danışıqlarda Dağlıq Qarabağ ermənilərinin tərəf müqabili yalnız Dağlıq Qarabağ azərbaycanlıları ola bilər. Ümumiləşdirsək, Dağlıq Qarabağ tənzimlənməsində həmsədrlərin iştirakı ilə yeni mərhələnin başlandığını konstatasiya etmək olar. Həmsədrlər Ermənistan rəhbərliyinin heç bir tənqidə dözməyən, savadsız, reallıqdan uzaq yanaşmalarına dözmək fikrində deyillər. Onların Ermənistana bir günlük səfəri 3 günə çevirmələri bunu əyani göstərir. Yaydıqları bəyanat bunun daha bir sübutudur. Həmçinin həmsədrlərin Azərbaycan Respublikasının danışıqlara hazırlığına heç bir şübhələri yoxdur. Həmsədrlər Yenilənmiş Madrid Prinsipləri əsasında hazırladıqları tənzimlənmə variantını Ermənistan qarşısında müdafiə etməyə iradəlidirlər. Bu kontekstdən əsas məsələ həmsədrlərin Azərbaycan ordusunun tənzimlənmə prosesinə yardım etmək imkanına müraciətinin vaxtı diqqəti xüsusi çəkir.  Konstruktiv mühit mövzusu həmsədrlərlə Ermənistan arasında yeganə fikir ayrılığı deyil. Həmsədrlərin Yerevana son səfərini xarakterizə edən əm mühüm məsələlərdən biri konstruktiv mühitlə bağlı mübahisəyə son qoymalarıdır. Ermənistan tərəfi atəşkəs rejiminin tez-tez pozulmasını bəhanə edərək danışıqlar üçün konstruktiv mühitin olmadığını bildirirdilər. Ermənistanın yeni rəhbərliyinin fikrincə, əvvəlcə danışıqlara konstruktiv mühit yaradılmalı sonra isə danışıqlar bərpa edilməlidir. Ermənistan tərəfi danışıqlara konstruktiv mühitin yaradılması dedikdə təmas xəttində və dövlət sərhədində heç bir atəşin açılmamasını, qoşunların təmas xəttində monitorinq və təhqiqat mexanizmlərinin qurulmasını nəzərdə tuturlar. Ermənistan monitorinq və təhqiqat mexanizmlərinin qurulmasını ATƏT-in büdcəsi üçün bahalı məsələ olduğunu bilir və ATƏT-in ziyana düşməsini arzulayır. Bu məsələnin həm ATƏT-in həm də Ermənistanın dövlət büdcəsinə faydalı həll variantını isə Ermənistanın yeni rəhbərliyi inkar edir. Ermənistan qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxaracağı təqdirdə atəş də açılmayacaq, ölən də olmayacaq. Nəticədə, Ermənistan dövlət büdcəsi Azərbaycanın işğal olunmuş ərazilərində qoşun saxlamağın xərcindən azad olacaq, ATƏT-in büdcəsi də monitorinq mexanizminə vəsait axtarmayacaq". Mərkəz rəhbəri qeyd edib ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun həmsədrlərlə sonuncu Paris görüşündə müzakirə olunan məsələlərdən biri də qoşunların təmas xəttində atəşkəs rejiminin pozulması idi: "Bu barədə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi A.Kaspşik məlumat verdi. Azərbaycan və həmsədrlərin fikrincə, qoşunların təmas xəttində gərginlik yoxdur və bu danışıqlara konstruktiv mühit yaradır. Həmsədrlər Ermənistana səfərin yekunlarına dair bəyanatında konstruktiv mühitin yaradılmasından deyil, saxlanılmasından danışırlar. Qeyd edək ki, konstruktiv mühit mövzusu həmsədrlərlə Ermənistan arasında yeganə fikir ayrılığı deyil. Həmsədrlər Ermənistana gəlməzdən əvvəl Ermənistan rəsmilərinə həmsədrlərin adından danışmağı qadağan etdi. Həmsədrlərin Ermənistana səfər proqramında ayrıca Dağlıq Qarabağa baş çəkmək nəzərdə tutulmamışdı. Həmsədrlər ermənilərin davranışına başqa sözlə, materiya və kimyasına bələd olduqları üçün Ermənistana 1 gün əvəzinə üç günlük səfərə gəldilər. Rəsmən səfər iyunun 13-nə təyin olunsa da, həmsədrlər iyunun 12-də Ermənistana daxil olub, iyunun 14-də oranı tərk etdilər. Ermənistanın prezidenti və baş naziri həmsədrlərlə görüşdən yayına bilmədilər. Yeni prezident Armen Sərkisyan Ermənistanın keçmiş prezidenti R.Köçəryanın "tualetə səfər diplomatiyası"na bənzər "Qarabağa səfər diplomatiyası"nı işə salsa da, həmsədrlər iyunun 14-də onunla Yerevanda görüşdülər. Həmsədrlər bu iradə ilə danışıqların statusu problemini də həll edə biləcəklər. Danışıqların statusu həmsədrlərin Yerevana səfərindən sonrakı bəyanatlarında birinci məsələdir".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31