Müxalifətin İsmayıllı şousu da iflasa uğradı - AKTUAL
24 Yanvar 2013 18:44 SiyasətAzərbaycanda uzun illər hökm sürən ictimai sabitliyi pozmaq istəyən qüvvələrin daha bir cəhdi uğursuz alındı. 1 mart Quba hadisəsindən ağızlarında şirə qalan bu qüvvələr yenidən ölkədə ara qarışdırmaq, Azərbaycanın imicinə zərbə vurmaq istəsələr də, bu alınmadı. Söhbət yanvarın 23-də İsmayıllıda baş verən avtoqəza nəticəsində iki sürücü arasında yaranan mübahisə və münaqişənin siyasiləşdirilməyə cəhdindən gedir. Həmin gün axşam saatlarında iki sürücünün mübahisəsinin bir az səs-küylü olması Azərbaycanda təxribatçılıqla məşğul olan insanların yadına nəsə saldı və bu nəsədən istifadə edib aranı qarışdırmaq istədilər. İki sürücünün söhbətini olduqca qlobal problemə çevirən həmin şəxslər İsmayıllı camaatı arasında panika salıb onları təxribata sürükləməyə cəhd etdilər ki, guya İsmayıllıda sosial partlayış olub. Amma, həmin şəxslər düşünmədilər ki, İsmayıllı camaatı həddindən artıq uzaqgörən, sülhsevər və mədəni camaatdır. Bu rayonun əhalisi Şirvan zonasında mədəni və insansevərliyi ilə tanınan, sayılıb-seçilən insanlardır. İsmayıllı sakinləri ağsaqqalları ilə seçilən, ağsaqqal sözünü qanun hesab edənlərdir və bunu hamı bilir. Müxalifətçi qüvvələrin isə bunu tərsinə zənn edib İsmayıllıda şou yaratmaq istəməsi elə onların özlərinin bəsit dünyagörüşünün nəticəsidir və bu nəticə də tezliklə özünü biruzə verdi. Məlum oldu ki, aksiya keçirən şəxslər arasında heç də sadə, dinc İsmayıllı sakini yoxdur və aranı qarışdıran da, aksiyanı təşkil edənlər də elə həmin qüvvələrdir.
YAP bəyanat yaydı
Məsələyə hakim Yeni Azərbaycan Partiyası da münasibətini açıqladı və xalqa ara qarışdıranların kim olduğunu çatdırdı. Yeni Azərbaycan Partiyası hesab edir ki, radikal müxalifət və onun mətbuatı hər bir hadisədən hakimiyyətə qarşı istifadə etmək və bu hadisələri də məxsusi şəkildə öz xeyrinə yozmaq istəyir. "İsmayıllıda baş verən hadisədən sui-istifadə edərək bunu bütovlükdə hakimiyyətə qarşı yönəltməyə cəhd etmək, əlbəttə, tamamilə müxalifətçiliyin radikallığının təzahürlərindən biridir". Bu barədə millət vəkili, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı bildirib. O qeyd edib ki, əlbəttə, İsmayıllıda baş verən hadisədən, ümumiyyətlə, istənilən hadisədən, istəyir, lap təbii hadisə olsun, çay daşsın və s., müxalifət hökumət əleyhinə istifadə etmək istəyir: "Amma İsmayıllıda proses nəzarətdədir və orada baş verən hadisə də araşdırılır. Hesab edirəm ki, orada olan hüquq-mühafizə orqanlarının nümayəndələri məsələni tam obyektiv şəkildə ictimaiyyətə çatdıracaqlar və ilkin açıqlamalar da verilib".
O hesab edir ki, müxalifət mətbuatı bu hadisəni ümumiləşdirərək özünə reytinq qazanmaq üçün istifadə etmək istəyir: "Hesab edirəm ki, müvafiq qurumların gün ərzində açıqlamaları hər şeyin obyektiv şəkildə ictimaiyyətə çatdırılmasını təmin edəcək. Amma hadisənin dərin qatlarına gedəndə bəlli olur ki, narazı olanlar heç də müxalifətin düşündüyü kimi hakimiyyətə, bütövlükdə Prezidentin apardığı siyasətə qarşı yox, hansısa yerlərdə baş vermiş qanun pozuntusuna və ya baş vermiş hadisəyə qarşıdır".
Hadisə ilə bağlı İsmayıllı rayonunun icra başçısı Nizami Ələkbərov da mətbuata açıqlama verib. O bildirib ki, hadisənin onunla heç bir əlaqəsi yoxdur. İcra başçısı bildirib ki, hadisə dünən başqa isiqamətdə cərəyan etsə də, səhəri gün radikal qüvvələr ortaya çıxıb və aranı yenidən qarışdırmaq istəyiblər. Hətta sakinləri icra başçısı qəbula çağırsa da, müxalif qüvvələr vətəndaşlar arasında şaiyələr yayaraq onları bu görüşdən çəkindirməyə çalışıb. Amma, müxalifətin bu istəyi də yerinə yetməyib və camaat qarşıdurmaya "yox"deyib. Bu vaxt əlacsız qalan araqarışdıranlar Bakıdan və digər rayonlarda olan "tərəfdarlar"ını İsmayıllıya çağırıb ki, aksiya keçirməyə bir neçə insan olsun. İcra başçısı təsdiq edib ki, müəyyən qüvvələr camaat arasında təxribat yönümlü təbliğat aparırıb və həmin şəxslərin hərəkətləri müəyyən edilib, bu təxribatın qarşısı alınıb. Nə qədər çalışsalar da, rayonda ictimai sabitliyi pozmaq mümkün olmayıb, məsələ siyasiləşməyib. Yəni, aksiyada dinc sakinlər iştirak etməyib və onlar müxalifətçilərin felinə uymayıblar.
Bakıdan İsmayıllıya gedən araqarışdıran qrupun sonu
Hadisədən sonra maraqlı məqamlar üzə çıxıb. Artıq yanvarın 24-də aksiya təşkil etdiyi, camaat arasında təxribat xarakterli məlumatlar yaydığı üçün 17 nəfər saxlanılıb. Məlum olub ki, həmin şəxslər hamısı özlərini müxalifət adlandıran bir sıra səriştəsiz partiyaların nümayəndələridir. Hətta, biabırçılıq orasındadır ki, saxlanılan təxribatçılar arasında Bakıda yaşayan, özünü müxalifət fəalları adlandıranlar da var. Elə saxlanılanlardan biri də müxalifətçi kimi tanınan, "Müsavat" Partiyasının üzvü, Bakıda yaşayan və İsmayıllı ilə heç bir bağlılığı olmayan Tofiq Yaqubludur. Gör iş nə yerə çatıb ki, ara qarışdıran qüvvələrin cəhdi uğursuz alındığından onlar artıq Bakıdan özlərinə kömək çağırıblar. Tofiq Yaqublu və onlarla digər müxalifət nümayəndələri İsmayıllıya yollanıblar ki, aranı qarışdırmağa cəhd etsinlər. Bütün bunlar azmış kimi onlar rayonlarda təxribatlarla məşğul olan dəstə üzvlərini də köməyə çağırıblar. Hətta həmin insanlardan da bir qrup İsmayıllıya gedib. Amma, təəssüf ki, onlar da əliboş qayıtmalı olublar.
Başı daşa dəyən təxribatçılar düşünmək məcburiyyətində qaldı
Çünki, xalq gördü ki, bu etiraz aksiyası, xalqın hüquqlarını müdafiə etmək deyil, ara qarışdırmaqdır. Küçələrdə maşın yandırmaq, ev yandırmaq, kimlərisə döymək, kimlərisə söymək müəyyən qüvvələrin marağındadır və bu milli maraqlar deyil, şəxsi maraqlardır. İsmayıllı camaatı bu hadisəni Qubada görmüşdü və ondan zənn etdilər ki, bu hadisə kimlərsə tərəfindən təşkil olunmuş təxribatdır. Necə deyərlər, müxalifətçilər artıq başlarını yenidən bəlaya saldıqlarını düşünüb geri çəkilmək məcburiyyətində qalıblar. Bu qüvvələr hər dəfə aranı qarışdırmağa cəhd edir, amma ictimai qınağa tuş gəlib geri çəkilirlər. Amma, yenə də bunlara dərs olmur.
Və nəhayət, indi də anladılar ki, xalq birdir və xalq dövlətçilik və dövlətin inkişafı uğrunda mübarizə aparanların tərəfindədir və onları dəstəkləyir. Azərbaycan xalqı artıq çoxdan oyanıb, ruspərəst, ermənipərəst qüvvələrin kim olduğunu, hansı məzhəbə qulluq etdiyini yaxşı anlayır. Ona görə də bu xalqa "aga qara dedizdirmək" çətin məsələdir, cənablar. Daha doğrusu, bu mümkün deyil.
Sonda bir daha demək istəyirəm ki, İsmayıllı əhalisi daim ziyalıları, ağsaqqalları ilə respublika səviyyəsində tanınıb və hər şeyə dərindən düşünüb qiymət verməyi bacarır. Ona görə də bu camaat heç bir halda təxribata uymayacaq və daim dövlətçiliyin, haqqın tərəfində duracaq. Özünüzü yormayın, cənablar!
Əli