Azərbaycanlı siyasətçi: "Bəzi insanların hərəkətləri..."
24 Yanvar 2013 17:51 Siyasət"İsmayıllı rayonunda yaşanan hadisələr və yerli sakinlərin narazılığının səbəbləri bəzi siyasətçilərin bəyan etdikləri kimi, ölkədəki daxili siyasət və hakimiyyətdən narazılıq yox, camaatın konkret adamlar və onların əməllərindən, İsmayıllıda bu adamların hərəkətlərindən narazılığıdır". Azərbaycan Liberal-Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Milli.Az-a açıqlamasında belə dedi. Onun sözlərinə görə, İsmayıllıda olan hadisələr bilavasitə orada olan bəzi insanların fəaliyyəti ilə bağlıdır.
"Bəzi şəxslər rayonlarda düzgün davranmırlar. Onlar yerli sakinlərə də normal münasibət bəsləmirlər. Onların arxayın davranışlarının səbəbi də İsmayıllı hadisələrinin səbəbidir", - F.Əliyev söylədi.
Azərbaycan liberal-demokratlarının lideri hesab edir ki, bəzi insanların arxayınlıq hissi çox əsassız, yanlışdır. "O insanlar anlamalıdırlar ki, xalqda narazılıq yaratmaq, xalqla hakimiyyətin münasibətlərinə kölgə salmaq olmaz. Əminəm ki, bu hadisələrdə günahkar olan şəxslər cəzalarını alacaqlar", - F.Əliyev dedi.