Ştrasserin hesabatı Azərbaycana qarşı yönəlmiş qara niyyətli dairələrin planları idi
24 Yanvar 2013 17:07 Siyasət"Azərbaycan dövlətinin AŞPA-nın məruzəçisinin "siyasi məhbus" məsələsi ilə əlaqədar hesabatına dair mövqeyi əvvəlcədən aydın idi və biz öz mövqeyimizi dəfələrlə bəyan etmişdik. Biz Azərbaycana qarşı təzyiqə əsaslanan hansısa fəaliyyəti qəbul etmirdik. Çox haqlı olaraq Ştrasserin hesabatı qəbul olunmadı". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına Milli Məclis sədrinin müavini Bahar Muradova deyib. Vitse-spiker deyib ki, AŞPA-nın rəhbərliyi, rəsmi qurumları bundan müvafiq nəticə çıxaracaqlar: "Bu hadisə eyni zamanda, Azərbaycanın Avropa Şurasına üzv olan bir dövlət kimi öz üzərinə götürdüyü öhdəliklərə sadiq olduğunun və insan haqları, söz və vicdan azadlığı, demokratik cəmiyyət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması ilə bağlı öhdəliklərə nə qədər sadiq olduğunun göstəricisidir". Bahar Muradova deyib ki, bu hesabatın da meydana çıxması təsadüfi deyildi və onun hansı dairələrə xidmət etdiyi, kimlərdən təkan aldığı da bəlli idi. Onun sözlərinə görə, hazırki hesabat Azərbaycana qarşı yönəlmiş qara niyyətli dairələrin planlarının bir mərhələsi idi.