Gövhər Baxşəliyeva İƏTPB-nin 8-ci sessiyasında nələrdən danışdı?

Sudanın paytaxtı Xartum şəhərində İslam Əməkdaşlığı Təşkilatı Parlament Birliyinin 8-ci sessiyası keçirilib. Azərbaycan nümayəndə heyətinin rəhbəri deputat Gövhər Baxşəliyeva sessiyada məruzə ilə çıxış edib. Bu barədə "OLAYLAR"a məlumat millət vəkili tərəfindən verilib. Azərbaycan nümayəndə heyəti adından sessiya iştirakçılarını salamlayan Gövhər Baxşəliyeva Fələstin, Şimali Kipr və digər müsəlman xalqlarının haqlı mübarizəsinə öz dəstəyini bildirib. Millət vəkili daha sonra Ermənistanın Azərbaycan torpaqlarına qarşı təcavüzünün hələ də davam etdirilməsindən söhbət açdı, ərazimizin 20 faizinin işğal olunmasından, 1 milyon qaçqın və köçkünün hələ də öz yurdlarına qayıda bilməməsindən, işğalın Azərbaycan xalqına vurduğu mənəvi və maddi zərbələrdən, erməni silahlı dəstələri tərəfindən işğal olunmuş torpaqlarımızda islam mədəniyyətinə aid çoxsaylı mədəni abidələrin, o cümlədən məscidlərin, məqbərələrin, türbələrin yerlə yeksan olunmasından danışıb. Vandalizmin bütün islam aləminə qarşı bir cinayət olduğunu bildirib. G.Baxşəliyeva bildirdi ki, erməni təcavüzü nəticəsində 20 min azərbaycanlı qətlə yetirilib, 50 min azərbaycanlı əlil və şikəst olub, 4 min azərbaycanlı əsir götürülüb və onların arasında uşaqlar, qadınlar və qocalar var. Gövhər xanım xalqımızın dəfələrlə erməni qəsbkarları tərəfindən həyata keçirilən kütləvi qətliyamlara məruz qaldığını deyərək, vurğuladı ki, fevral ayı yaxınlaşır və bu ayın 26-sını Azərbaycan xalqı Xocalı qətliyamının ildönümü kimi qeyd edir. 1992-ci il fevralın 26-da erməni qəsbkarları Xocalı adında Azərbaycan şəhərini tamamilə yer üzündən silmiş, arasında 63 uşaq və 106 qadın olmaqla, 613 azərbaycanlını vəhşicəsinə qətlə yetirmiş, 1275 nəfər əsir götürülmüşdür. 150 əsir, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. G.Baxşəliyeva bütün bunlarla əlaqədar nümayəndə heyətinin təşkilata təqdim etdiyi qətnamə layihələrinin və Yekun Komunikenin, Xartum bəyannaməsinə əlavələrin qəbulunun vacibliyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00