Məruzəçi Kristofer Ştrasserin etirafı
"Mənim missiyam bitdi, mən məğlub oldum"
24 Yanvar 2013 15:15 SiyasətAvropa Şurası Parlament Assambleyasının qış sessiyasının yanvarın 23-də keçirilən plenar iclasında qurumun Monitorinq Komitəsi adından həmməruzəçilər Jozef Debona Qrex və Pedro Aqramuntun Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərinin yerinə yetirilməsi və İnsan hüquqları, hüququ məsələlər üzrə komitə adından məruzəçi Kristofer Ştrasserin hazırladığı Azərbaycanda siyasi məhbusların vəziyyətinə dair iki hesabat Assambleyanın plenar iclasında bir yerdə müzakirəyə çıxarılıb. Məruzəçilər Azərbaycan Avropa Şurasına üzv olduqdan sonra bu ölkədə demokratik institutların fəaliyyəti və korrupsiya ilə mübarizə istiqamətində qanunverici sənədlərin qəbul edildiyini, bununla belə, bu qanunların icrasında müəyyən problemlərin olduğunu da qeyd ediblər. Onların fikrincə, Azərbaycandakı əsas problemlər ölkədə məhkəmə sisteminin müstəqil olmamasıdır ki, bu da insan hüquqları və qanunun aliliyi kimi məsələlərə əsas maneədir. Bundan başqa, həmməruzəçilər ölkədə fundamental azadlıqlar, söz və fikir azadlığı, sərbəst toplaşma azadlığı kimi məsələlərin narahatlıq doğurduğunu bildiriblər. K. Ştrasser isə çıxışında artıq AŞPA-nın ümumi olaraq siyasi məhbuslar anlayışını göstərən sənədinin olduğunu bildirib, hazırda Azərbaycan üzrə bu məsələnin araşdırılmasının vacibliyini vurğulayıb. O, belə hesabatların başqa üzv ölkələr üçün də hazırlanmasının mümkünlüyünü deyib. Məruzəçi Azərbaycanda siyasi məhbus problemi sahəsində son 4 ildə müəyyən irəliləyişlərin olduğunu, bir çox məhbusun azad edildiyini desə də, bu sahədə hələ də problemlərin olduğunu diqqətə çatdırıb.
Sonra məruzələr ətrafında çıxışlar başlayıb. Deputatlar əsasən K. Ştrasserin məruzəsinə münasibət bildiriblər. Yunanıstanlı deputat, xanım Teodora Bakoyannis Azərbaycan barədə məlumatlı olduğunu, ölkədə bir çox işlərin görülməsinin vacibliyini qeyd edib: "Amma bu ölkədə bu gün xanımlar azad gəzə bilirlər, dini tolerantlıq var. Ona görə də bu məsələdə Ştrasser ehtiyatlı olmalıdır. Bu, doğru olmayan, qərəzli hesabatdır. Biz ilk hesabata səs verməliyik, ikincisinə isə yox. Yaxşı olar ki, biz siyasi məhbus məsələsini danışıqlar yolu ilə həll edək".
Ukraynalı deputat Sergey Sobolev də Ştrasserin hesabatına səs verməməyə çağırıb: "Belə məruzəni qəbul etməkdənsə, bu sahədə əməkdaşlıq etmək, siyasi məhbus problemini həllinə nail olmaq daha düzgün olardı". Norveçdən olan deputat, xanım Liz Kristoffersen Azərbaycanda problemlərin olduğunu deyib, insan haqlarının pozulduğunu bildirib. Fransadan olan deputat Jan Mari Boçkel həmməruzəçilərin hesabatını dəstəklədiyini deyib, Ştrasserin hesabatının isə yarımçıq olduğunu bildirib. O, Azərbaycanda gedən iqtisadi inkişafın demokratiyaya da təkan verəcəyini vurğulayıb. Deputat, həmçinin AŞ-nı Dağlıq Qarabağ münaqişəsinin həllində aktiv olmağa çağırıb. Müzakirələrdə söz alan Azərbaycan nümayəndə heyətinin üzvü Rövşən Rzayev AŞPA-nın Azərbaycana qarşı ikili və qərəzli yanaşmasını anlamadığını deyib: "Azərbaycanda bu gün kimsə azad şəkildə öz fikrini ifadə etdiyi üçün cinayət məsuliyyətinə cəlb olunmur. Azərbaycan hazırda hüquqi dövlət quruculuğu ilə məşğuldur. Avropa Şurasından da bu işdə bizə öz yardımını göstərməsini gözləyirik. Amma yardım etmək əvəzinə belə qərəzli hesabatla üzərimizə gəlir. Son vaxtlar ölkə başçısı tərəfindən verilmiş bir neçə əfv sərəncamı ilə bir çox məhbus artıq azad edilib. Kristofer Ştrasser isə yenə də hesabatında 85 nəfər siyasi məhbusun olduğunu qeyd edir. Bu rəqəmlərin haradan götürüldüyü anlaşılan deyil". Azərbaycanla bağlı məruzələri tənqid edən erməni deputat Naira Zöhrabyan Ermənistan nümayəndə heyətinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təklif etdiyi müddəaların heç birinin həmməruzəçilər tərəfindən qəbul edilmədiyini bildirib. Müzakirələrdən sonra Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərinin yerinə yetirilməsinə dair hesabat qəbul edilsə də Kristofer Ştrasser hesabatı qəbul olunmayıb. Bununla əlaqədar Ştrasser mətbuat konfransı keçirərək "mənim missiyam bitdi, mən məğlub oldum" deyə bəyənat verib.
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, millət vəkili Sahibə Qafarova Azərbaycanın, bir dövlət olaraq, fərqli xalqların nümayəndələrinin mehriban, dostluq şəraitində yaşadığı bir məkana çevirdiyini, bu gün xristian icmasının da, ölkəmizdə əsas çoxluq təşkil edən müsəlman cəmiyyəti ilə eyni hüquqlara, eyni haqlara sahib olduğunu diqqətə çəkib: "Onu da qeyd etmək lazımdır ki, bu gün Azərbaycanın həll olunmamış Dağlıq Qarbağ problemi , mürəkkəb geosiyasi vəziyyət, Azərbaycan ərazisinin 20%-nin işğalı bütövlükdə ölkənin iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi üçün imkan vermir. Hələ də ölkədə qaçqın və məcburi köçgün insanlarının, yurd-yuvalarından didərgin düşdükdən sonra dünya gəlmiş uşaqların problemləri gündəmdədir. Sözsüz ki, dövlət tərəfindən onlar üçün hər bir şərait yaradılıb, lazımi maliyyə dəstəyi ilə təmin edilir, müasir tipli şəhərciklər tikilir ,yeni iş yerlərinin yaradılmasına kömək olunur. Lakin hər bir kəs yaxşı anlayır ki, onların normal həyata inteqrasiya olunmaları və mənəvi rahatlıq tapmaları məcburi qovulduqları doğma torpaqlarına qayıtdıqdan sonra mümkün ola bilər. Lakin çox təəssüflə qeyd etməliyəm ki, ötən il Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində durğunluq prosesi getdi. ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı göstərdiyi fəaliyyətdə heç irəliləyiş olmadı". S.Fətəliyevanın bildirdiyinə görə, rəsmi Yerevanın destruktiv mövqe nümayiş etdirməsi bu məsələnin cari ildə də həll olunmasını kölgə altında qoyur:
"Biz cənab Kristof Ştrasser tərəfindən " siyasi məhbus"larla bağlı hesabatı dinləmişik. Ştrasserin fikrincə, onun siyahısına Azərbaycanda siyasi əqidəsinə görə məhkum edilən, 85 nəfər daxildir. Həmin insanların müxtəlif qanun pozuntularına görə həbs olunmalarını nəzərə alaraq, qeyd etməliyik ki, cənab məruzəçi yalnız öz subyektiv fikirləri əsasında , məsələni araşdırmadan bu qənaətə gəlib. Azərbaycanda bu məsələ ilə bağlı səfərdə olmayan məruzəçi öz hesabatını hazırlayarkən, heç bir fakta əsaslanmayıb. AŞPA-da "siyasi məhbus" məsələsini müzakirə edərkən, ikili standartlardan çəkinmək məqsədilə təşkilata üzv ölkə arasında heç bir ayrı-seçkiliyə yol verilmədən ümumi qəbul edilmiş meyarlar qəbul olunmalıdır. Bu zaman sual doğur , nədən Ermənistanda vəziyyət acınacaqlı olduğu halda , bu məsələ və insan hüquqlarının qorunması onlara şamil olunmur? Hesabatı dinləyərkən məruzəçinin qərəzsiz mövqedə olduğu şübhə doğurur".
Alim