Rusiya yenidən Gürcüstana müdaxilə edəcək - REGİON
Gümrü bazasının İrana dəstəyini təmin etmək üçün Rusiya Gürcüstan daxilindən Ermənistana dəhliz aça bilər
24 Yanvar 2013 15:09 SiyasətABŞ və NATO-nun planlarında İrana hücum barəsində məlumatlar yer almasa da rəsmi Moskva tezliklə həmin qüvvələrin İranı vuracağını bildirir. Rusiya hakimiyyət dairələrinin fikirlərinə görə İsrailin baş naziri Binyamin Netanyahunun parlament seçkilərindən sonrakı açıqlaması buna rəvac verir. Netanyahu İsrail mətbuatına bildirmişdi ki, İsrailin bundan sonrakı ilk işi İran olacaq. Buna görə də Rusiya məsələ barədə Mahmud Əhmədinecadı daha ehtiyatlı olmağa çağırır. Qeyri-rəsmi mənbələrdən Avropa mətbuatına sızdırılan məlumatlara əsasən Rusiya Silahlı Qüvvələri müharibə əsnasında Gürcüstandan Ermənistana, oradan isə İrana daxil olacaq. İnformasiya bir neçə ay bundan qabaq Rusiya Təhlükəsizlik Şurasının başçısı Viktor Ozerov tərəfindən də təsdiq edilib. V.Ozerovun sözlərinə görə İsrail İranın müdafiə sistemlərini təkbaşına vura biləcək gücdə deyil və mütləq ABŞ-ın köməyinə ehtiyac deyacaq. Rus hərbi qüvvələrinin İrana daxil olması İsrail və ABŞ-a qarşı Rusiya müharibəsi kimi başa düşülür. Rusiyalı politoloqların fikirlərinə görə Rusiya Silahlı Qüvvələrinin ABŞ və İsrail ordusu ilə İran ərazisində vuruşması mümkündür. Rusiya həm Suriya, həm də ki, İrandakı siyasi gərginliyə görə əsasən Xəzər dənizindəki hərbi donanmasını gücləndirir. Rusiyanın Ermənistandakı Gümrü bazası da Suriya və İrandakı siyasi inkişaflara uyğun olaraq iki il əvvəl modernləşdirilib. Müharibənin mümkünlüyünə görə Vladimir Putin həm Suriya, həm də gizli şəkildə İrandakı Rusiya vətəndaşlarını çıxarmaq əmri verib. Rusiyanın bu gedişi həqiqətən də bölgədə kritik vəziyyətdən xəbər verir. Digər tərəfdən Rusiyanın İran sərhədinə əsgəri qüvvələrin cəm etməsinin konkret səbəbləri var. Gümrüdəki hərbi baza RF-dan ayrı vəziyyətdədir. Digər tərəfdən indki məqamda Gürcüstan və Azərbaycanın ABŞ-İsrail koalisiyasına daha yaxın olmasını nəzərə alaraq rusların quru yollarla müttəfiqlərə zərbə endirməsi mümkün olmayacaq. Rusların İrana daxil olmaq üçün yeganə yolu havadır və bu variant Rusiya üçün daha məqsədəuyğundur. İrana hücum vəziyyətində Gümrü bazasının məntiqi dəstəyini təmin etmək üçün rus ordusu Gürcüstan daxilindən dəhliz aça bilər. Bu isə Rusiyanın yenidən Gürcüstana müdaxilə etməsi deməkdir. Dəhliz Gürcüstanın mərkəzindən Tiflis ətrafından keçəcək. Rusiyanın Şimali Qafqaz və Xəzər dənizindəki hərbi manevrləri sırf İsrail və ABŞ-a qarşı hazırlıq məqsədi daşıyır. Rusiya Silahlı Qüvvələrinin ən müasir komanda birlikləri artıq Şimali Qafqaz və Xəzər dənizində müharibəyə hazır vəziyyətə gətirilib. Düşmən raketlərinin yerini təyin etməyi bacaran "GPS" sistemləri də bölgədə yerləşdirilib. Rus ordusunun Cənub birlikləri ən müasir silahlarla təchiz edilib. Rəsmi Moskvanın iddiasına görə müharibə əsnasında ABŞ Xəzər dənizindən Azərbaycan vasitəsilə Gürcüstana hərbi texnika göndərəcək, həmçinin İsrail İrana ilk zərbəni Azərbaycandan endirəcək. Azərbaycan tərəfinin bunu təkzib etməsinə münasibət bildirən Rusiya isə buna fakt kimi İsrail-Azərbaycan əlaqələrinin sürətlə inkişaf etdirilməsini göstərir. Həmçinin Rusiya iddia edir ki, İsrail və Azərbaycanın gizli şəkildə hərbi əlaqələri var və İsrailin respublikada çoxlu sayda hərbi bazaları mövcuddur. Rusiya isə İrana müdaxiləsini Abxaziya və Cənubi Osetiyadan reallaşdıracaq. Rusiyanın İsrail-İran müharibəsindəki əsas vəzifəsi ABŞ-ın maraq dairəsində olan mühüm enerji obyektlərini nəzarət altına almaqdır. Digər tərəfdən bunlar sadəcə olaraq ehtimallardır. Nəzərə alsaq ki, bu müharibə Rusiya-ABŞ müstəvisinə keçsə bundan nəinki region, hətta bütün dünya zərər görəcək. Ona görə də nə Rusiya, nə də ki, ABŞ İsrail-İran müharibəsinin başlanmasını istəmir. Belə olan təqdirdə də ən inanılan ehtimal bunların Rusiya və ABŞ tərəfindən atılan təxribat addımı kimi qəbul etməyimizidir. Yəni ki, region artıq Kreml və Ağ Ev arasında razılaşdırılıb. İsrail-İran müharibəsinin əsas təşkilatçılarından biri məhz Rusiyadır.
Mənsur Rəğbətoğlu