Eldəniz Quliyev müxalifəti təhqir etdi - SİYASİ ŞƏRH
Onun qıcıqlandırıcı açıqlamaları düşərgəni parçalayır
24 Yanvar 2013 14:54 SiyasətAvropa və Amerika turnesinə çıxmış kinodramaturq Rüstəm İbrahimbəyov "El" hərəkatının və Milli Şuranın yaradılması işini Eldar Namazova və kinossenarist-aktyor Eldəniz Quliyevə həvalə edib. Eldar Namazovun başı, görünür, partiyalarla danışıqlara qarışdığından mətbuata açıqlamaları Eldəniz Quliyev verir. Azərbaycan siyasi cameəsi üçün yeni adam olan Rüstəm İbrahimbəyov kadr seçimində yanıldığının hələ fərqində deyil. Eldar Namazov siyasətdə o qədər də uğurlu kadr olmasa da, hər halda danışığına fikir verən, sözlərinə diqqət edən adam kimi tanınır. Amma təəssüf ki, bunu Eldəniz Quliyev haqqında demək mümkün deyil. İbrahimbəyovun "El" hərəkatında AXCP, Müsavat və gənclər təşkilatları olacaq" bəyanatından sonra belə bir fikir səsləndi ki, yeni qurum müxalifəti parçalayacaq. İbrahimbəyovun açıqlamasına ADP və Ümiddən anında reaksiya gəldi. Bildirdilər ki, "El" hərəkatı bu siyasətlə müxalifəti birləşdirə bilməyəcək. Görünür, siyasilər haqlı imiş. Eldəniz Quliyevin açıqlamaları göstərir ki, yeni qurum istəsə belə, müxalifəti birləşdirə bilməyəcək. Öncə diqqəti Quliyevin personası üzərinə gətirək. Bu şəxs öncələr Azərbaycançı Qüvvələr Birliyi adlı İranpərəst qurumda fəaliyyət göstərirdi. Sonrakı dövrdə də harda İranın barmağı ilə yaradılmış antiAzərbaycan qurum yaranırdısa, Quliyev orda görünürdü. Eldəniz Quliyev bu yaxınlarda elan edilmiş "Demokratiya Uğrunda Milli Talış Hərəkatı" adlanan qurumun da rəhbərliyində göründü. Bir sözlə, ictimai fikrin diqqətində mənfi persona kimi qalan bu adamın "birlik hərəkatına" ağsaqqallıq etməsi anlaşılmazdır. İbrahimbəyov Eldəniz Quliyevi "El" Hərəkatına gətirməkdə yanlış edib. Düzdür, İbrahimbəyova bu mərhələdə adam lazımdır. Vitrin lazımdır. Amma siyasi vitrini gənclərlə də, yeni simalarla da doldurmaq olar.
Eldəniz Quliyevin siyasi çəkisini, siyasi bacarığını bu günlərdə verdiyi açıqlama bir daha təsdiq etmiş oldu. Jurnalistin suallarına cavab verən Quliyev "El" hərəkatının yaradılması üçün AXCP və Müsavatla danışıqlar aparıldığını bildirir. O, "Demokratik dəyişikliklər, islahatlar istəyən, bu istəkdə səmimi olan digər siyasi partiyalarla da görüşlər keçiriləcək" deyir. Amma bəribaşdan aydındır ki, "partiyalar" sözü artıqdır. Onlar artıq kiminlə danışıq aparacağını, kiminlə birləşəcəyini müəyyən ediblər. Jurnalistin "bu sırada Lalə Şövkət varmı" sualına Eldəniz Quliyev siyasi adama yaraşmayan şəkildə təhqiramiz cavab verir: "Yenə də siz məni konkretliyə çəkirsiniz. Yalnız Lalə Şövkət haqqında deyə bilərəm. Mən onu ləyaqətli siyasətçi sayıram. Bu yaxınlarda biz onunla da görüşməliyik". Belə çıxır ki, tək ALP lideri Lalə Şövkəti "ləyaqətli siyasətçi" hesab edən Eldəniz Quliyev üçün nə Sərdar Cəlaoğlu, nə Etibar Məmmədov, nə Sülhəddin Əkbər, nə Əli Əliyev ləyaqətli siyasətçi deyillər. Bu cür "siyasi quş"larla Eldəniz Quliyev nə özünə, nə də İbrahimbəyovun yeni hərəkatına tərəfdaş toplaya bilməyəcək. Rüstəm İbrahimbəyov öz yeni hərəkatına daha çox siyasi qüvvəni toplamaq istəyirsə, danışıqlara daha səviyyəli, daha təcrübəli ziyalıları yollamalıdır. Ziyalı ağsaqqal, barışdıcı rolda çıxış etməlidir. Partiyaları Fuad Qəhrəmanlı sayaq "ağlara" və "qaralara" bölən ziyalı birləşdirici ola bilməz. İnsanlara, siyasətçilərə, partiyalara Tahir Kərimli sayaq regional düşüncə ilə yanaşan, liderləri "ləyaqətlilərə" və "ləyaqətsizlərə" bölən ziyalı birləşdirici ola bilməz. Yəqin ki, İbrahimbəyov cəmiyyətdə mənfi reputasiyaya malik Eldəniz Quliyevi yeni hərəkat adından aparılan danışıqlardan uzaqlaşdıracaq. Əks halda Ziyalılar Forumu da, "El" hərəkatı da Eldəniz Quliyevin cırtdan "Ziyalılar Birliyi"nin aqibətini yaşayacaq.
Ərhun Abbas