İsa Qəmbər təxribat müstəvisində gündəmə gətirilir - AÇIQLAMA
Cümşüd Nuriyev: “Müsavat başqanını təxribatlar müstəvisində gündəmə gətirmək yaxşı tendensiya deyil”
24 Yanvar 2013 13:27 SiyasətMüsavat başqanı İsa Qəmbərə Lənkəranda ikinci təxribatın hazırlanması barədə məlumat yayılıb. Siyasi analitiklər hesab edirlər ki, bu cür məlumatlarla Müsavat Əli Kərimli tərəfindən zərbə altında qoyulmuş İsa Qəmbəri kompensasiya etməyə çalışırlar. "Birinci təxribatda müəyyən qədər Əli Kərimlinin əli vardı, amma hələ istintaq gedir. Bütün hallarda isə müxalifətin bir-birini vurması iqtidara ən gözəl xidmətdir. İsa Qəmbərə qarşı təxribatların müxalifət daxilindən gəlməsi sifarişdir" deyən politoloq Cümşüd Nuruyevin sözlərinə görə Lənkəranda İsa Qəmbərə qarşı yeni təxribatın hazırlanması o qədər də inandırıcı deyil: "Bu təxribatların dövlət tərəfindən edilməsi haqqında olan məlumatlar əsassızdır. Bu barədə gəzən məlumatlar dezinformasiya ola bilər. Prezident seçkilərinə çox qalmasına baxmayaraq müxalifət indidən çırmanmağa başlayıb ki, çayı keçsin. İsa Qəmbəri indidən ictimaiyyətə təqdim etmək onu göstərir ki, başqanın politoloqları bu sahədə savadsızdırlar. İsa Qəmbərin görüş keçirməmişdən qabaq onu hər hansı formada elan etmək başqanı reklam etməkdir. Həmçinin də İsa Qəmbəri təxribatlar müstəvisində gündəmə gətirmək yaxşı tendensiya deyil" ("OLAYLAR" İA)