Saakaşvili və İvanişvilinin riyasının arxasında Kreml dayanır - SİYASİ ANALİZ

Milliyyətçi hakimiyyəti sürətlə Azərbaycanı Gürcüstandan uzaqlaşdırır

Gürcüstanın xarici işlər naziri Maya Pancikidze Litva parlamentində Dağlıq Qarabağ münaqişəsi barədə danışdı. Xanım Pancikidze Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin mümkünlüyünü dedi. Sözsüz ki, Maya xanım bu nitqi ilə bir çox azərbaycanlının qəlbinə yol tapdı. Digər tərəfdən bu açıqlama gözlənilən idi, ona görə ki, Azərbaycan prezidenti İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, Abxaziya və Cənubi Osetiya Gürcüstanın tərkib hissəsidir. Yəni ki, Dağlıq Qarabağ kimi Abxaziya və Cənubi Osetiya da Rusiya tərəfindən silah gücünə işğal edilib. Lakin, Maya Pancikidze Tiflisə (Azərbaycanın qədim ərazisi olub) qayıdandan sonra Litva parlamentindəki çıxışını təkzib etdi. Pancikidze Gürcüstan KİV-i qarşısında öz açıqlamasına başqa siyasi don geyindirdi. Xanım Maya bildirdi ki, o nitqində Dağlıq Qarabağ adı çəkməyib və sadəcə Gürcüstanın Azərbaycanın ərazi bütövlüyünə hörmət etdiyini dedi. Az müddət sonra Gürcüstanın baş naziri Bidizna İvanişvili geniş KİV qarşısına çıxaraq Maya Pancikidzenin açıqlamasına şərh verdi. İvanişvilinin sözlərinə görə Gürcüstan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır. Həmçinin İvanişvili deyib ki, Dağlıq Qarabağ probleminin həllinin spesifik yolları var və Gürcüstan dövləti həmin üsulların tərəfdarıdır. Qeyd edək ki, İvanişvili Maya Pancikidzenin açıqlamasına şərhi Ermənistan baş tutacaq səfərindən əvvəl deyib. Çünki, İvanişvili Ermənistana gedəndən sonra orada hansı şəkildə qarşılanacağını çox gözəl şəkildə başa düşürdü. Gürcü baş nazir bir daha geniş media qarşısında Gürcüstanın Ermənistandan çəkindiyini açıq şəkildə bildirdi. İvanişvili bir müddət qabaq Azərbaycana səfəri zamanı publika üçün gülümsəyəndə daha səmimi görünürdü, nəinki Bakıda dediklərini Tiflisdə dananda riyakar adamlara oxşayırdı. Əslində Pancikidze və İvanişvilinin dediklərini danmağa məcbur edən Kreml idi. Burada prezident Mixail Saakaşvilinin də əməyini qeyd etməmək insafsızlıq olardı. Çünki, Maya Pancikidze məhz Saakaşvilinin xəbərdarlığından sonra Dağlıq Qarabağ bəyanatını təkzib etmək məcburiyyətində qalıb. Düzdür, Mixail Saakaşvili dünya ictimaiyyəti tərəfindən demokratik şəxsiyyət kimi görünür. Lakin, cənab Saakaşvili yalnız gürcülər üçün bu dəyərə hörmətlə yanaşır. Saakaşvilinin hakimiyyəti dönəmində yüzlərlə Azərbaycan ailəsinin Borçalıdan qaçaraq Rusiya və Azərbaycana sığınması gürcü prezidentin heç də Qərb dəyərlərinə üstünlük verməməsi qənaətinə gəlinir. Adolf Hitler, Benito Mussolini, Qamsaxurdiya fonunda Saakaşvili əsl radikal milliyyətçidir. Məhz Mixail Saakaşvilinin ara-sıra Borçalıda Azərbaycan ictimaiyyətinin qarşısında gülümsəməsi prezidentin Azərbaycandan enerji dilənməsidir. Gürcüstan zaman-zaman qapı arasında sıxılanda Mixail Saakaşvili hərdən Borçalıya baş çəkir. Saakaşvili hər nə qədər Rusiyaya meydan oxuyurmuş kimi ultimatumlar versə də bir o qədər də Kremldən çəkinir. Bu çəkincəklik Pancikidzeni Dağlıq Qarabağ bəyanatını danmağa məcbur etdi. Qamsaxurdiyadan başlayaraq ən sonuncu baş nazir İvanişviliyədək Gürcüstanı ifrat millətçilər idarə edib. Xanım Pancikidzenin öz açıqlamasını danmasından sonra çox maraqlı məqam ortaya çıxıb. Yəni ki, Gürcüstan hakimiyyəti demək istəyir ki: "Azərbaycan Cənubi Osetiya və Abxaziyanı Gürcüstanın ərazi bütövlüyü kimi tanısın, amma Dağlıq Qarabağ kimin xeyrinə olursa olsun, sülh yolu ilə həll edilsin. Münaqişə Ermənistan və Azərbaycanın daxili siyasətidir!" İvanişvilinin erməni mətbuatı qarşısında dediyi "Dağlıq Qarabağ münaqişəsinin özünün spesifik həll yolları var" açıqlaması onu deyir ki, Gürcüstan dövləti xristian qardaşlığı nöqteyi-nəzərindən Qarabağın müqəddəratının Ermənistanın lehinə həll edilməsini istəyir. Lakin, Saakaşvili və İvanişvili unutmasınlar ki, Azərbaycan regionda yeganə dövlətdir ki, mövcud əraziləri yalnız Azərbaycana məxsusdur. Heç bir dövlət də Azərbaycana qarşı ərazi iddiası qaldıra bilməz ki, respublikanın müəyyən hissəsi onlara məxsusdur. Digər tərəfdən Gürcüstan dövlətinin əraziləri kimi göstərilən Abxaziya, Cənubi Osetiya və Borçalının tarixinə və milli mənsubiyyətinə nəzər yetirəndə bu ərazilərin heç də müasir Gürcüstan əraziləri olmadığı məlum olur. Gürcüstan tarixi e.ə II minillikdən başlayır. Abxaziya və Cənubi Osetiyanın yaradılış tarixi e.ə IV minilliyə gedir. Yəni ki, bu iki ərazi indiki Gürcüstandan 2 000 yaş böyükdür.  Qədim yunan tarixçisi Strabonun tarixi kitablarında bu faktor özünü əyani şəkildə sübut edir. Strabona görə osetinlər alanlardan törəmiş millətlərdir. Kvemo-Kartli kimi adlandırılan Borçalı isə Azərbaycanın qədim ərazisi olub. Bu fakt gürcü tarixçilərinin kitablarında da öz əksini tapır. Borçalı toponimi "börü" və "çala" sözlərinin birləşməsindən əmələ gəlib, mənası "qurd çalası" və ya "qurd oylağı" deməkdir. 1736-cı ildə Nadir şahın fərmanı ilə Borçalı Qazax mahalı ilə birlikdə Gəncə bəylərbəyliyindən alınaraq Kartli-Kaxeti çarlığına verilib. Hələ bu azmış kimi Saakaşvilinin hakimiyyətinin ilk illərində Gürcüstanın bəzi hakimiyyət dairələri məhz Saakaşvilinin tapşırığına əsasən Azərbaycanın Qax, Zaqatala və Balakən rayonlarına iddia irəli sürdülər ki, həmin ərazilər Gürcüstana məxsusdur və geri qaytarılmalıdır. Bu kiçik viki-mənbəni xatırlatmaqda əsas məqsəd ondan ibarətdir ki, Rusiya, Nikaraqua, Venesuela, Nauru və Vanautudan sonra Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyan dövlətlərin sırası artsa bu heç də qanunsuz olmayacaq. Gürcüstan ən azından Azərbaycanın ərazi bütövlüyünə hörmət etmədiyi üçün və tarixi faktları da nəzərə alaraq Cənubi Osetiyanın, Abxaziyanın de-fakto müstəqil olmaları qanunauyğundur. Rəsmi Suxumi müstəqil Abxaziya Respublikasının paytaxtı, Aleksandr Ankvab prezidenti, rəsmi Psixinvali Cənubi Osetiya dövlətinin mərkəzi, Leonid Tibilov isə dövlət başçısı kimi tanınmalıdır. Bu Cənubi Osetiya və Abxaziyanın ən təbii haqqıdır. Çünki, bir milləti və dövləti əsrlərlə əsarət altında saxlayaraq müsadirə etmək müasir zamanın tələblərinə uyğun gəlmir. Ən azından Saakaşvili Dağlıq Qarabağ haqqında mövqe nümayiş etdirəndə bir şeyi nəzərində saxlamalıdır ki, Azərbaycanın tərkib hissəsi Dağlıq Qarabağ və Gürcüstan ərazisi olduğu iddia edilən Abxaziya və Cənubi Osetiya Rusiya tərəfindən işğal edilib. İndiki məqamda Gürcüstan Azərbaycanla birlik nümayiş etdirib Rusiyaya qarşı çıxaraq münaqişələri həll etmək əvəzinə gürcü hakimiyyəti işıq sürətilə Azərbaycanı özündən uzaqlaşdırır. Çünki, hər iki münaqişənin ən xırda detalına qədər Azərbaycan və Gürcüstandan başqa yaxşı bilən üçüncü dövlət yoxdur. Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağın müqəddəratının həll edilməsi Gürcüstan-Azərbaycan müttəfiqliyindən keçir. Lakin, Azərbaycanın türk dövləti faktorunu nəzərə alaraq Azərbaycan dövləti heç vaxt nə Saakaşvili, nə də ki, İvanişvili kimi dediyini geri götürməyəcək. Çünki, türklüyün əsas xarakteri verdiyi sözün üstündə mərd kimi durmaqdır. Öz maraqları naminə düşmən əlindən canını sağ qurtarmaq riyakar xislətidir. Saakaşviliyə gəlincə isə gürücü prezident bir az romantikaya qapılmasından xəbərsiz insandır. Saakaşvili başa düşmədi ki, Gürcüstana Qərb dəyərlərini gətirməklə səhv edib. Bidzina İvanişvili hakimiyyətə gələndən sonra bunu yaxşı anladı. Çünki, Rusiyanın qonşuluğunda olub demokratik olmaq kimi bir anlayış yoxdur. İvanişvili Saakaşvilini aldatdığı kimi gürcüləri də aldatdı. Gürcüstanda parlament seçkilərində "Gürcüstan arzusu" koalisiyası qalib gələndə Saakaşvili kimi region ictimaiyyəti bunu demokratiyanın təntənəsi kimi qarşıladı. Lakin, az müddətdən sonra Saakaşvili komandasının İvanişvili tərəfindən təqiblərə məruz qalması onu göstərdi ki, Bidzina heç də göründüyü kimi deyil. Baş nazir sübut etdi və edir ki, o, Moskvada "KQB-nin qaranlıq zirzəmisi"ndə doğulub. Gürcüstan nümunəsindən də göründüyü kimi Tanrı heç də Azərbaycana səmimi qonşular qismət etməyib!

Mənsur Rəğbətoğlu       

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00