Elsiz “El” Hərəkatı
Köhnələrin qısqandığı yeni qüvvə kimlərdir?
23 Yanvar 2013 15:25 SiyasətKinodramaturq Rüstəm İbraimbəyov yeni yaratmaq istədiyi qurumun təşkilatçılığını Eldar Namazova verərək xaricə gedib. Onun Amerika və Avropada görüşlər keçirəcəyi gözlənilir. İbrahimbəyov fevralın ortalarında qayıdacaq, ona qədər Eldar müəllim təşkilatı işləri başa çatdırmalıdır. Çünki mart ayından gec olmayaraq seçki bloku və ya seçki ilə əlaqədar yaranmalı qurum elan edilməlidir. Yeri gəlmişkən, qurumun hələ "El" hərəkatı və ya Milli Şura adlanacağı bəlli deyil. Qurumun prezidentliyə namizədi də hələ məlum olmayıb. İbrahimbəyov Eldar Namazovu önərib. Amma unutmayaq ki, İbrahimbəyov həm də Moskvada yaranmış Milyarderlər İttifaqının təmsilçisidir, onların da mövqeyi əsas olacaq. Onların sözçüsü isə namizədin Abbas Abbasov olacağını deyib. Bu məsələ hələ açıq qalır. Ola bilər ki, hər iki tərəf sonda razılığa gəlsin. Abbas Abbasovun siyasi oyunlara davam etməyəcəyini nəzərə alsaq, aydın olar ki, namizəd elə Eldar Namazov olacaq. İbrahimbəyovun yeni qurumunun adı da yəqin ki "El" hərəkatı olacaq. Kinodramaturqun ətrafında Milli Azadlıq Hərəkatının yetirmələri var və onlar qurumun milli olmasını tövsiyyə edəcəklər. Qurumun adının türkçə olması İbrahimbəyov və dostları barədə formalaşmış bəlli rusdilli imici pərdələyə bilər. Qurumun adının yox, gücünün, mahiyyətinin önəmi var və bu dəfələrlə sübut olunub. İbrahimbəyovun yeni təşkilatı "El" hərəkatı ola bilər. Amma bu hərəkat eli, ulusu təmsil edə biləcəkmi? İbrahimbəyov tez-tez çıxışlarında "üçüncü qüvvə" terminini işlədir. Ondan öncə bu ifadəni "REAL" hərəkatının lideri İlqar Məmmədov işlətmişdi. Məmmədov köhnə müxalifət tərəfindən qəbul olunmur. Ənənəvi müxalifət yazarları, fəalları sosial şəbəkələrdə, yazılarda onu ələ salır, politoloq barədə qeyri-ciddi imic formalaşdırmağa çalışırlar. Müxalifət mıətbuatını diqqətlə izləyənlər bilir ki, artıq İbrahimbəyov barədə də eyni sözlər deyilir. "Üçüncü qüvvə" kimdi? "Binə tacirləri aksiya keçirdi, üçüncü qüvvə hardaydı"? Bu kimi atmacaların kimlərin ünvanına söyləndiyi bəllidir. İbrahimbəyov keçmiş AMİP-çi İlqar Məmmədov deyil. Onu bir qələmdə (bir köşədə, məsələn radikal Elnur Astanbəylinin köşəsində) silib atmaq olmur. Ona görə də, hələ ənənəvi müxalifət gözləmə mövqeyindədir. İbrahimbəyovun ilk səhvindəcə qara pair maşını işə düşəcək.
Amma maraqlıdır ki, yerini yeni qüvvələrə verməyə hazırlaşmayan, buna qəti şəkildə müqavimət göstərən ənənəvi müxalifəti də anlamaq olar. Doğrudan da üçüncü qüvvə varsa, bəs hanı? Bu qüvvə hardan çıxacaq? Müsavat, Xalq Cəbhələri o gücdə deyillər ki, onların parçalanmasından yeni qüvvə yarana. Gənclər təşkilatları pərakəndədir və çoxu siyasi yetkin olmayan gənclərdən ibarətdir. Siyasi aksiyalarda fəallıq göstərən gənclər təşkilatlarının çoxu ənənəvi müxalifət partiyalarına (Müsavat, VHP, AXCP, ADP) yaxın qurumlardı. Onlar nə Məmmədovu, nə də İbrahimbəyovu müdafiə edən deyillər. İslamçı qüvvələrin fəallığı artıb. Onlar "El" hərəkatının elektoratını təşkil edə bilərlər. Amma bunun üçün İranın razılığı lazımdır. "El" hərəkatı sosial baxımdan narazı olan təbəqələrin dəstəyinə ümid edə bilər. Amma bir iş var ki, kasıb adamlarla "Əsilzadələr Məclisi" üzvlərinin yolu bir deyil və onlarınkı tutmaz. Cəmiyyətdə maraqlı proses gedir: köhnələr sıradan çıxır, eyni zamanda yenilərin ortaya çıxmaısına əngəl olur. Yeni qüvvə adına iddia edən qurumlar var, onların da qüvvəsi yoxdur. Bu durum davam etdikcə, "El" Hərəratı elsiz olaraq qalacaq.
Ərhun Abbas