Rüstəm İbrahimbəyovun müqavilə bağladığı şirkətin rəhbəri həbsxanada yatır

Şirkətin ümumiyyətlə nəqliyyat vasitəsi olmayıb

Kinematoqrafçılar İttifaqında vergi yayınmaları ilə bağlı cinayət işinin başlanması xəbəri yayıldıqdan sonra mətbuata  müxtəlif səpkili açıqlamalar verilməkdədir. Xüsusən, qurumun rəhbəri Rüstəm İbrahimbəyov  özünə bəraət qazandırmağa hesablanmış aşıqlamasında bildirib ki, guya sözügedən cinayət işi onun siyasi fəaliyyəti ilə bağlıdır, belə faktlar təkrar yoxlamalar zamanı aşkar edilib, sözügedən vergiləri Mədəniyyət Nazirliyi ödəməlidir və sair. Məsələyə Vergilər nazirinin birinci müavini Natiq Əmirov aydınlıq gətirib. Nazir müavini bildirib ki, Kinematoqrafçılar İttifaqında vergi yayınmaları ilə bağlı cinayət işi birdən-birə açılmayıb. Onların əvvəldən məlumatı olub ki, belə faktlara görə cinayət işi açılacaq: "Fikirləşmək lazım deyil ki, birdən-birə Kinematoqrafçılar İttifaqına qarşı cinayət işi açılıb. Bu qurumda yoxlama işləri 2012-ci ildən aparılır,  hələ materiallar Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinə gələnə qədər uzun aylar səyyar vergi yoxlaması aparılıb. Kinematoqrafçılar İttifaqında   növbədənkənar deyil, qanuna uyğun olaraq növbəti yoxlama aparılıb. Yoxlama başlanmamışdan 15 gün əvvəl onlara bildiriş göndərilib və təklif olunub ki, bütün sənədlərinizi qaydaya salın, 15 gündən sonra yoxlama aparılacaq. Bu 2012-ci ilin ortalarında olub, ilin sonuna yaxın isə yoxlama başa çatıb. Bu yoxlama qurumun 2009-2012-ci ilərdəki dövrünü əhatə edir. Yoxlama həqiqətən işgüzar şəraitdə aparılıb, vergi ödəyicisi tərəfindən yoxlamanın aparıldığı müddətdə vergi orqanlarından hər hansi bir şikayət, narazılıq bildirilməyib. Yoxlama bitəndən sonra vergilərin yayındırılması faktı aşkar edilib". Onun sözlərinə görə, qurumun təmsilçiləri  rəsmi olaraq vergi orqanlarına müraciət ediblər ki, "biz vergidən yayınmanın həqiqətən mövcud olduğunu etiraf edir və söz veririr ki, bu vergiləri ödəyəcəyik". Amma qanunvericiliyə görə bu öhdəlik heç bir halda məsuliyyətdən azad olmaq üçün əsas ola bilməz. Hazırda Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentində Kinematoqrafçılar İttifaqının vəzifəli şəxsi Əfəndiyeva Lalə Kamil qızına qarşı AR Cinayət Məcəlləsinin 79.3 2-ci maddəsilə

ittiham elan edilib. Aparıılmış istintaq tədbirləri nəticəsində bəzi rəsmiləşdirilmiş ödəmə əməliyyatının qanunvericiliyə uyğun aparılmaması və bəlli məbləğlərin mənimsənilməsilə əlaqədar olmuşdu. Hazırda istintaq işi davam etdirilir: "Burada qanundankənar, yaxud qərəzli bir mövqe yoxdur. Kimlərsə bu məsələni siyasiləşdirmək, yaxud   bizi siyasətə çəkmək istəyirlərsə, bu çox yanlış yoldur. Çünki Vergilər Nazirliyi öz işini həyata keçirir və vergilərin toplanması  üçün lazım olan addımları atır".  Nazir müavini bəyan edib ki, cinayət işinin nə vaxt başlanmasını heç kim dana bilməz. Çünki vergi orqanının qərarının, onun apardığı yoxlamanın tarixi bəllidir: "Rüstəm müəllim siyasi fəaliyyətini elan etdikdə vergi orqanının artıq rəsmiləşdirilmiş sənədləri Kinematoqrafçılar İttifaqına təqdim edilmişdi. Kinematoqrafçılar İttifaqı yaxşı bilirdi ki, bu iş üzrə cinayət işi açılacaq.  Ona görə ki, konkret vəzifəli şəxs imza edərək pul götürüb ki, həmin vəsaiti nəqliyyat xidmətlərinə istifadəyə sərf edəcək. Nəqliyyat xidmətini təmsil edən şirkət, şirkətin rəhbərliyi ifadə verib ki, biz bu adamları tanımırıq, Lalə xanın adlı şəxsi heç vaxt görməmişəm, onunla heç bir müqavilə bağlamamışıq. Lalə xanım da həmin şirkətlə hər hansı formada müqavilə bağlanması, yaxud hər hansı ünsiyyətin olduğunu sübut edən heç bir sənədi  Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinə təqdim etmir. Lalə xanımın təqdim etdiyi sənədlər özlərinə aiddir. Nəzərə almaq lazımdır ki, həmin pullar nəğd şəkildə verilib, təbii ki, harada nəğd pul varsa, orada korrupsiya ehtimalı var. O pullar nəğd şəkildə alındığından qarşı tərəfin heç bir imzası ilə təsdiq olunmur. Əksinə, pulu alan tərəf ifadə verərək bildirir ki, bu böhtandır və heç bir vaxt pul almayıb. Maraqlı məsələ odur ki, müqavilə bağlanan şirkətin ümumiyyətlə nəqliyyat vasitəsi yoxdur, şirkətin rəhbəri isə həbsxanada yatır. Bu səbəbdən aparılan proses zamanı heç bir icarə müqaviləsi bağlanmayıb".

Nazir müavini vergilərin Mədəniyyət Nazirliyi tərəfindən ödənilməli olmasına da aydınlıq gətirib: "Mədəniyyət Nazirliyi Kinematoqrafçılar İttifaqına Şərq-Qərb Festivalının keçirilməsilə bağlı pul köçürüb. Onlar arasında bağlanan müqaviləyə əsasən Mədəniyyət Nazirliyi onların fəaliyyətinə görə, vergiləri də  ödəyəcəyi barədə öhdəliyi yoxdur: " Hüquqi münasibətlər rəsmi sənədlər əsasında yaranır. Mən praktikada elə bir məsləyə rast gəlməmişəm ki, pulu verən adam hələ bu fəaliyyətdən sonra onun vergilərini də ödəsin".

Alim  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00