Oqtay Əsədov Uruqvayın dövlət katibini qəbul edib
Spiker: “Beynəlxalq qurumların qətnamələrinə məhəl qoymayan Ermənistan işğalçılıq siyasətini davam etdirir”
22 Yanvar 2013 17:27 SiyasətMilli Məclisin sədri Oqtay Əsədov Uruqvay Respublikası Prezidentinin xüsusi elçisi, Prezident Administrasiyasının dövlət katibi Diyeqo Kanepanı qəbul edib. Spiker qeyd edib ki, müstəqil Azərbaycan dünya dövlətləri, o cümlədən Uruqvayla əlaqələrin inkişafına böyük əhəmiyyət verir. O.Əsədov əlavə edib ki, Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə həyata keçirilən qlobal layihələr dünya iqtisadiyyatı üçün çox önəmlidir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft və qaz kəmərləri, TANAP, Bakı-Tbilisi-Qars dəmir yolu layihələri ölkəmizin iqtisadi qüdrətindən xəbər verir: "Bütün bunlarla yanaşı, Dağlıq Qarabağ münaqişəsi bütöv bir regionun tərəqqisinə ciddi maneə törədir. Problemlə əlaqədar nüfuzlu beynəlxalq qurumların qərar və qətnamələrinə məhəl qoymayan Ermənistan işğalçılıq siyasəti yeritməkdə davam edir. Biz problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn prinsipləri əsasında həllinə tərəfdarıq. Ümid edirik ki, beynəlxalq birliyin dəstəyi ilə problem tezliklə öz ədalətli həllini tapacaq. Ümidvar olduğumu bildirmək istəyirəm ki, uruqvaylı deputatlar bu məsələyə həssaslıqla yanaşacaqlar". Uruqvay Respublikası Prezidentinin xüsusi elçisi, Prezident Administrasiyasının dövlət katibi D. Kanepa Dağlıq Qarabağ münaqişəsinin həllində Uruqvay Prezidentinin və hökumətinin mövqeyini bir daha diqqətə çatdıraraq söyləyib ki, Uruqvay məsələnin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həllinə tərəfdardır və bu mövqe dəyişməzdir:"Biz gələcəkdə Azərbaycanla əlaqələrimizi daha da dərinləşdirmək niyyətindəyik".