İbrahimbəyovun erməni sevgisinin sirri

Son illər kino sahəsində durğunluq illərini yaşayan, bu sahədə heç bir uğura imza ata bilməyən kinorejissor   Rüstəm İbrahimbəyov o qədər də anlayışı olmayan siyasi proseslərə qoşulub. Günaşırı mənasız və heç bir siyasi yükü olmayan açıqlamalar səsləndirən kinorejissor gah Rusiya, gah da Avropaya üz tutaraq özünə siyasi dəstək qazanmağa çalışır. Lakin Rüstəm İbrahimbəyovun  Azərbaycandan kənarda keçirdiyi görüşlər  onun üçün heç də uğurlu alınmayıb desək yaılmarıq. Əldə edilən məlumatlara görə, siyasi sferada nəzərdə tutduğu dəstəyi qazana bilməyən kinorejissor öz sahəsilə bilavasitə əlaqəli olan antiAzərbaycan meyilli qüvvələr, eləcə də ermənilərlə işbirliyinə girib. Əslində isə burada qəribə bir şey yoxdur. Çünki Rüstəm İbrahimbəyovun erməni sevgisi, ermənilərlə işbirliyi hələ ötən əsrin 80-90-cı illərində hamıya bəlli idi. Hətta bu ərəfədə kinorejissor ermənilərin Bakını tərk etməsindən təəssüfünü də gizlətməmişdi. O zaman Rüstəm İbrahimbəyov utanmadan ermənilərsiz Bakının intellektual potensialının aşağı düşdüyünü, xalqın elitasının olmadığını iddia etmişdi. Araşdırmalardan məlum olur ki, Rüstəm İbrahimbəyovun Dağlıq Qarabağdan olan və Daşnak Partiyasına bağlılığı ilə tanınan rejissor Roman Balayanla da  sıx əlaqələri olub. Hətta İbrahimbəyov Roman Balayanla birlikdə film çəkməkdən də imtina etməyib. Sonradan isə kinorejissor  əli minlərlə azərbaycanlının qanına batmış Ermənistan Daşnak Partiyasının rəsmisini həımkar adı ilə Bakıya dəvət edib.

Rüstəm İbrahimbəyov çalışdığı kino sahəsində də zaman-zaman intriqalar yaratmaq, yaxın ətrafına xəyanət etmək, öz maraqları naminə həmkarlarını zərbə altında qoymaqla da ad çıxarmış kinorejissorlardan olub. Belə ki, o,  uzun illər dostluq etdiyi Rusiya Kinematoqrafçılar İttifaqının  sədri Nikita Mixalkovun tutduğu vəzifədən kənarlaşdırılmasında yaxından iştirak edib. Belə ki, birincinin tutduğu postdan uzaqlaşdırılması arzusunda olan və bu məqsədlə kampaniya aparan Marlen Xutsiyevin qruplaşmasına qoşulan Rüstəm İbrahimbəyov  o zamandan Rusiya Kinematoqrafçılar İttifaqında xəyanətkar, satqın bir sima kimi tanınır. Çünki RKİ-də hamı birmənalı olaraq bilirdi ki, Rüstəm İbrahimbəyovun az-çox yer tutduğu əksər filmlər məhz onun xəyanət etdiyi Nikita Mixalkovun rəhbərliyi ilə çəkilib. Həmçinin kinorejissorun məşhurlaşmasında da Nikita Mixalkovun  əvəzsiz xidmətləri olub. Bütün bunları nəzərə alaraq Rüstəm İbrahimbəyovun Nikita Mixalkova qarşı çıxması onun dönüklüyündən, qeyri-etik keyfiyyətlərindən xəbər verirdi. Rüstəm İbrahimbəyovun Rusiyadakı azərbaycanlı iş adamları ilə  də zaman-zaman əlaqəsi olub. Lakin maraqlı məqam ondan ibarətdir ki, kinorejissor hər zaman onlardan müəyyən hədəfə çatmaq üçün istifadə edib. Sonda isə kinorejissor iş adamlarına sözün əsl mənasında atıb. Necə ki, vaxtı ilə kinorejissor Bakıda Şəhidlər Xiyabanın yaxınlığında əyləncə mərkəzinin tikilməsi məqsədilə Rusiyadakı bir sıra iş adamlarından pul yığmış və onlara "atmışdır".

Özünü ziyalı kimi qələmə verən, addımbaşı milli-mənəvi dəyərlərdən danışan Rüstəım İbrahimbəyovda bu sahədə çatışmayan cəhətlərin olduğunu onun həyatına nəzər saldıqda aydın görmək olar. Belə ki, millətə, xalqa mənəviyyat dərsi keçən Rüstəm İbrahimbəyov iki dəfə rəsmi şəkildə ailə həyatı qurub. Bununla yanaşı kinorejissor müxtəlif qadınlarla vətəndaş nikahında olub. Əldə edilən məlumata görə, Rüstəm İbrahimbəyovun birinci həyat yoldaşı Şövkət İbrahimbəyovadan Fuad adlı bir oğlu var. Onun vətəndaş nikahında olduğu ikinci həyat yoldaşı Lyudmila Duxovnaya adlı qadından isə Fatimə adlı qızının olduğu bildirilir. Kinorejissorun  vətəndaş nikahında olduğu digər qadın - Lalə Əfəndiyeva isə 2006-cı ildə Rüstəm İbrahimbəyovdan bir oğlan uşağı dünyaya gətirib. Hazırda həmin uşağın İsmayıllı rayonunun İvanovka kəndində yaşadığı deyilir. Maraqlıdır ki, Lalə Əfəndiyeva həm də Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Kinematoqrafçılar İttifaqında çalışır və "Dünya Kinosu 100 illiyi" Fondunun rəhbəridir. Bir müddət əvvəl Vergilər Nazirliyinin əməkdaşları ittifaqda yoxlama apardıqları zaman Rüstəm İbrahimbəyov iddia etmişdi ki, onlar həm də Lalə Əfəndiyevanın evində olublar. Bu isə kinorejissorun heç də xoşuna gəlməyib. Cari ilin noyabrında isə Dövlət Neft Şirkəti Rüstəm İbrahimbəyovun neft şirkətinə məxsus torpaq sahələrini öz qohumlarının adına rəsmiləşdirmək istədiyi, lakin bunun qarşısının alındığı barədə məlumat yaymışdı. Həmin məlumatda da qeyd olunurdu ki, bəzi sahələr, xüsusilə də Bayılda 6 sotluq ərazi ilə bağlı Lalə .Əfəndiyevanın adına bələdiyyədən qərarlar alınıb. Bu arada Lalə Əfəndiyevanın adı R.İbrahimbəyovun fəaliyyətinin daha bir daha bir epizodu ilə bağlı ortaya çıxıb. Belə ki,  "Şərq-Qərb" festivalı üçün yaradılan xüsusi firmaya Rüstəm İbrahimbəyov rəhbərlik edib. Ancaq "məşhur" kinorejissor bu vəzifədən festivalın yüksək səviyyədə təşkil olunması üçün deyil, şəxsi maliyyə imkanlarını artırmaq üçün istifadə edib. Kinorejissor dövlətin festival üçün ayırdığı pulları nəzarətində olan bir firmaya yönəldib. Sonrakı mərhələdə isə vəsaitin böyük hissəsi oradan oğurlanıb. Bütün bu maliyyə fırıldaqları isə bir deyil, bir neçə firmaya sahib olan Lalə Əfəndiyeva və Şükür adlı mühasib tərəfindən yerinə yetirilib. Onların arasında "İbrus" teatrı, "İbrus" kinoşirkəti, həmçinin, İttifaqın əməkdaşı Zemfira Babayevanın rəhbərlik etdiyi "Ayan" firmaları da var. Bütün bu firmalara İttifaqın cari hesabından pul köçürülüb, daha sonra həmin pullar məlum olmayan səbəblərdən sadəcə "yoxa çıxıb".

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00