AXCP-Müsavat qarşıdurması - AÇIQLAMA

Əhməd Oruc: “Müttəfiqlik münasibətlərinə xələl gətirir”

Prezident seçkiləri yaxınlaşdıqca İctimai Palatada müttəfiq olan Azərbaycan Xalq Cəbhəsi və Müsavat Partiyası arasında ziddiyətlər, qarşıdurma kəskinləşir. Hətta qarşıdurma elə bir səviyyəyə çatıb ki,  hər iki partiyanın təmsil olunduğu İPT daxili ziddiyyətlər səbəbindən idarəolunmaz bir quruma çevrilib.

Azadlıq Partiyasının sədri Əhməd Oruc hesab edir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə Müsavat arasında problem, qarşıdurma yeni meydana çıxmayıb. Onun sözlərinə görə, zaman-zaman bu iki partiya üzdə özünü müttəfiq kimi göstərsə də, lakin əməldə bu müttəfiqlik özünü büruzə verməyib: "Hələ biz o zaman bəyan etmişdik ki, İctimai Palata daxilində münasibətlər heç də normal deyil və bu qurumda təmsil olunan  partiyalar arasında səmimi şəkildə əməkdaşlıq yoxdur. Artıq bizim zamanında dediyimiz fikirlər öz təsdiqini tapır". Əhməd Oruc qeyd edib ki, prezident seçkiləri yaxınlaşdıqca Azərbaycan Xalq Cəbhəsi və Müsavat Partiyası arasında qarşıdurmalar daha da artacaq: "Təbii ki, hər bir partiya özünü təbliğ etməyə çalışır. Həm AXCP, həm də Müsavat Partiyası prezident seçkilərində öz namizədi ilə çıxış edəcəyini, onun namizədindən yaxşı namizəd olmadığı haqqında təbliğat aparır. Heç şübhəsiz ki, bu da müttəfiqlik münasibətlərinə müəyyən dərəcədə xələl gətirir". Əhməd Oruc hesab edir ki, müxalifətin yekdil mövqeyə gələ bilməməsi, vahid namizəd müəyyən edə bilməməsinə sözügedən iki təşkilatın bir-birinə olan mənfi münasibəti də təsir göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00