İran dünyəvi dövlətə doğru - SİYASİ ANALİZ

Ateizm yayılır, Avropanın təsiri ilə gənclər islamdan uzaqlaşır

İslam Respublikası adlansa da, İranda islam dininin hazırkı durumunun ürəkaçan olmadığna dair çox yazılıb. Güney Azərbaycandan Bakıya mühacirət edənlər İranda həqiqi islamın olmadığını bildirirdilər. Gedib-gələnlər də qonşu ölkədə dinin siyasətə alət edildiyini, əslində ölkəyə rəhbərlik edənlərin həqiqi islam ehkamlarından uzaq olduğunu deyirdilər. İranın özündə düşünən adamlar bu rejimin islamın axırına çıxacağını, müqəddəs dinə inamsızlıq yaradacağını söyləyirdilər. 1979-cu ilə qədər İranda dünyəvi dövlət, dünyəvi təhsil vardı. Şah və ailəsi Avropasayağı həyat tərzi keçirirdi. Xomeyninin rəhbərliyi ilə islam inqilabı qalib gələndən sonra ölkə şəriət qaydaları ilə idarə olunmağa başladı. İslam dinində zorakılıq yoxdu, buna rəğmən rejim xalqı zorla namaz qılmağa, oruc tutmağa vadar edirdi. Nəzərə alsaq ki, İran əhalisi tarixən ortodoksal islamı qəbul etməmiş, şiəlik pərdəsi altında öz milli adət-ənənələrini, inanc sistemini saxlamış bir toplumdur, üstəlik ateist Sovet İttiqafı ilə qonşudur və xeyli dərəcədə kommunist hərəkatının təsirinə məruz qalıb, o zaman İranda islamın həqiqi durumu ortaya çıxmış olar. İran əhalisi islam inqilabından sonra da islama könül vermədi. Namazı könülsüz qılan, orucu çox zaman tutmayan bir toplumu bu rejimdə saxlamaq mümkün olmayacaqdı. Artıq islam inqilabından 30 il keçib. İran cəmiyyəti xeyli dəyişib. Dünyada gedən qloballaşma, miqyasların kiçilməsi, İKT inqilabı İrandan da yan keçməyib. Ərəb inqilablarını doğuran sosial şəbəkələr iran rejiminə də zərbə vurub. Onsuzda zorakı yollarla dinə çağırılan İran əhalisi bundan bezmişdi. Amma rejim islam ehkamlarına dayandığından buna açıq etiraz etmək mümkün olmurdu. Bu gün sosial şəbəkələr var və ateizmin, sol və liberal cərəyanların təsirinə məruz qalan İran gənci ateist ruhda böyüyür. Və mövcud rejimin əleyhinə təbliğat aparır. Bu günlərdə İran İnqilab Keşikçiləri Korpusunun keçmiş komandanı, Sistemin Məsləhətini Müəyyənləşdirən qurumun üzvü Möhsün Rzayiyə bağlı olan "Baztab" saytının dərc etdiyi yazı durumun nə qədər ciddi olduğundan xəbər verir. "Gənclər arasında allahsızlığın yayılması dindən maksimum dərəcədə bir vəsilə kimi istifadə edib xurafatı yaymağın nəticəsidir" başlıqlı yazıda qeyd olunur ki, bəzi ruhanilərin dindən sui-istifadə etməsi nəticəsində İranda islam quruluşu dövründə doğulub boya-başa çatan yeni nəsil dindən uzaqlaşaraq allahsızlığa üz tutmağa başlayıb. Yazı müəllifi həyəcanla vurğulayır ki, uzun illərdir bir sıra düşüncə sahibləri ürək yanğısı ilə dindən sui-istifadə olunmasının sonrakı fəsadları haqda xəbərdarlıq edirlər. Təəssüf ki, bu xəbərdarlıqlara vaxtında diqqət yetirilməyib və biz indi ölkə gənclərinin böyük hissəsinin kütləvi şəkildə dindən uzaqlaşdığına, Allahı inkar etdiyinə şahid oluruq.

Göründüyü kimi artıq rejim başbilənləri də durumun ciddiliyini anlayırlar. İranda baş verənlərin məntiqi nəticəsi ona gətirib çıxaracaq ki, qısa vaxtdan sonra hazırkı rejim tarixin arxivinə yollanmalı olacaq. 30 ilin mənfi təcrübəsi göstərdi ki, İranda zorla islam rejimi qurmaq və qoruyub saxlamaq mümkün deyil. İranda gec-tez dünyəvi sistem qurulacaq. Çünki İran adlanan ölkənin xalqlarını mövhuçmat bataqlığında saxlamaq mümkün deyil.

Hüseyn Meşkinli

r. Və m

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00