İşğal edilmiş ərazilərin azad edilməsi üçün hüquqi baza yaradılıb
29 May 2018 12:05 Siyasətİlham Əliyev: "Dağlıq Qarabağ münaqişəsinin həllinin bir yolu var, o da Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünün bərpasıdır"
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü otuz ilə yaxındır ki, davam etməkdədir. İşğalçı ölkə BMT Nizamnaməsinin müvafiq maddələrini kobud şəkildə pozaraq, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı güc tətbiq edib və Azərbaycanın ərazilərini işğal edib. Münaqişənin sülh yolu ilə həlli məqsədilə 1992-ci ilin martında ATƏT-in Helsinki Nazirlər Şurasının qərarı ilə Minsk qrupu yaradılıb. Məlum qərarda münaqişə tərəfləri kimi Ermənistan və Azərbaycan, münaqişədə maraqlı tərəflər kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları tanınıb. Lakin ötən müddətdə göstərilən bütün səylərə baxmayaraq münaqişənin həlli istiqamətində elə bir ciddi naliyyət əldə olunmayıb. Daha doğörusu, Ermənistan heç bir beynəlxalq qanuna məhəl qoymadan status-kvonu saxlamağa çalışır. Azərbaycan tərəfi isə hələ ki, münaqişənin dinc yolla həlli istiqamətində imkanların tükənmədiyini əsas gətirərək problemin sülh yolla nizama salınmasına üstünlük verir. Elə bu məqsədlə də yürütdüyü xarici siyasətdə Ermənistanın beynlxaq hüquq normalarını kobud şəkildə pozduğunu, Azərbaycanın tarixi torpaqlarını işğal etdiyini, Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq işğal etdiyi Azərbaycan ərazilərinin coğrafi adlarını dəyişdirdiyini beynəlxalq ictimaiyyətə çatdırır. Bəyan edir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonların Ermənistan silahlı qüvvələri tərəfindən işğalı, işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğal yolu ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirir.
Etiraf edilməlidir ki, artıq bi istiqamətdə xeyli naliyyətlər əldə olunub. Belə ki, Ermənistanın kəskinləşən hərbi təcavüzü şəraitində BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələri qəbul edərək, Azərbaycan ərazilərinin işğalını pisləyib, Azərbaycanın ərazi bütövlüyü, suverenliyini və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edərək işğalçı qüvvələrinin zəbt olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edib. Qeyd edək ki, beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın haqq mövqeyini müdafiə edən bir sıra analoji qərarlar da qəbul edilib. Bu isə deməyə əsas verir ki, Azərbaycan yürütdüyü uğurlu xarici siyasət nəticəsində Dağlıq Qarabağ probleminin həlli məqdəilə hüquqi bazanı yaradıb. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı keçirilən rəsmi qəbulda çıxışında çıxışı zamanı qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son illər ərzində aparılan işlər münaqişənin həlli üçün hüquqi bazanı daha da genişləndirib: "BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi və ATƏT-in qərarları, əlbəttə, bu hüquqi bazanın əsasını təşkil edir. Həmçinin 2003-cü ildən bu günə qədər digər beynəlxalq təşkilatlar oxşar qərar və qətnamələr qəbul ediblər. Onların arasında Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, GUAM, ECO və digər təşkilatlar var: "Bu, münaqişənin həlli üçün hüquqi bazanın yaradılması deməkdir. Biz münaqişənin həlli üçün iqtisadi zəmin də yaratmışıq, güclü ordu formalaşdırmışıq. Görülən kompleks tədbirlər nəticəsində Azərbaycan bu məsələ ilə bağlı siyasi və diplomatik üstünlüyü tam təmin edibdir. Məhz bunun nəticəsidir ki, nə qədər dünya erməniliyi çalışsa da, heç bir dövlət qanunsuz Dağlıq Qarabağ rejimini tanımayıb".
Lakin buna baxmayaraq, beynəlxalq təşkilatların ikili siyasəti, işğalçı dövləti adı ilə çağırmaması Ermənistana işğalçı siyasətini davam etdirməyə imkan yaradır. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirməyərək işğal olunmuş Azərbaycan ərazilərinin ilhaq edilməsinə yönəlmiş siyasət yürüdür. Beynəlxalq hüququn imperativ normaları və BMT Nizamnaməsinə zidd olaraq Ermənistan tərəfindən Azərbaycana qarşı qeyri-qanuni gücdən istifadə, həmçinin Azərbaycanın işğal olunmuş ərazilərindən Azərbaycan əhalisinin zorla qovulması ilə onların fundamental hüquq və azadlıqlarının kütləvi pozulması heç bir mənəvi, hüquqi və siyasi çərçivəyə sığmır. Dövlət başçısı haqlı olaraq qeyd edib ki, bu gün beynəlxalq hüququn normaları bir çox hallarda pozulur, işləmir: "Güc amili ön plana çıxır və bu, reallıqdır. Ona görə dünya birliyinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim mövqeyimizi dəstəkləməsi böyük nailiyyətimizdir. Hesab edirəm ki, beynəlxalq hüququn normalarından başqa, burada güclü Azərbaycan amili dayanır. Biz güclü dövlət qura bilmişik. Bir daha demək istəyirəm ki, bizimlə əməkdaşlıq edən və etmək istəyən ölkələrin sayı artır. Bizə hörmət artır, bizim işimizə göstərilən rəğbət göz qabağındadır. Belə bir vəziyyətdə heç bir ölkə qanunsuz rejimlə heç bir əlaqə qura bilməz və biz buna heç vaxt imkan verməyəcəyik. Biz heç vaxt imkan verməyəcəyik ki, tarixi torpağımızda ikinci erməni dövləti yaradılsın. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin bir yolu var, o da Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünün bərpasıdır".
Nəhayət Ermənistan başa düşməlidir ki, Azərbaycan ərazilərinin işğal altında saxlanması heç zaman Ermənistanın güddüyü siyasi nəticələri verə bilməz və işğala əsaslanan status-kvo Ermənistanın özünü təcridinin və bugünkü sistematik sosial-iqtisadi və demoqrafik böhranının əsas səbəblərindəndir. Azərbaycan ərazilərinin işğalına son qoyulması və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması hərtərəfli regional əməkdaşlıq üçün imkanlar aça və davamlı sülhün təmin olunmasına töhfə verə bilər. O da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi, işğal olunmuş rayonlarından olan məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaq kimi hüquqlarının təmin edilməsi və ümumilikdə münaqişənin ağır fəsadlarının aradan qaldırılması beynəlxalq ictimaiyyətinin öhdəliyi olmaqla yanaşı, BMT Nizamnaməsində təsbit edildiyi kimi Azərbaycan dövlətinin şəksiz ayrılmaz hüququdur. Azərbaycan tərəfi münaqişənin tezliklə həlli istiqamətində beynəlxalq səylərinin artırılmasını dəstəkləyərək beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini və vətəndaşlarının pozulmuş hüquqlarını bərpa etmək hüququnu özündə saxlayır.
Azərbaycan yürütdüyü çoxşaxəli xarici siyasət sayəsində ildən ilə öz mövqelərini həm regionda, həm də dünyada möhkəmləndirməkdədir. Azərbaycan Birləşmiş Millətlər Təşkilatı üzvlərinin tam əksəriyyətinin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən zaman özünü beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsi işinə böyük töhfə vermək bacarığı olan etibarlı tərəfdaş kimi təsdiq edib. Lakin buna baxmayaraq bütün dövlətlərlə mehriban qonşuluq münasibətlərini qoruyub saxlayan Azərbaycan işğal olunmuş ərazilərini hərbi yolla azad etmək hüququna malikdir.
Azərbaycana qarşı gücdən istifadəyə və Azərbaycan ərazilərinin hərbi işğalına görə daşıdığı beynəlxalq hüquqi məsuliyyətinə əsasən münaqişə tərəfi məhz Ermənistan Respublikasıdır. İşğalçı dövlət olaraq Ermənistanla 30 ilə yaxındır ki, danışıqların aparılması Azərbaycanın ən böyük güzəştidir. Ermənistanın əvvəlki rejimin səhvlərini təkrarlamayaq işğal və etnik təmizləmə siyasətinə son qoyması və öz qoşunlarını BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarması ilə regionda davamlı sülh və təhlükəsizlik təmin oluna bilər. Əks halda Azərbaycanın güclü ordusu ilə işğal altında olan torpaqlarını azad edəcəyi heç kimdə şübhə yaratmamalıdır. Prezident İlham Əliyev qeyd etdiyi kimi "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin bir yolu var, o da Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünün bərpasıdır".
Alim