Moskva-Tehran-İrəvan “deltası” Azərbaycana qarşı - REGİON

Rəsmi Tel-Əviv və Vaşinqton isə artıq Rusiyanı güclü rəqib kimi qəbul etmir

Ermənistanın Dağlıq Qarabağ problemində məsul tutulması ölkəni bütün layihələrdən təcrid edib. Hazırda Ermənistanın dünya ilə əlaqəsi yalnız Rusiya ilədir. Yalnız Rusiya sayəsində iqtisadiyyatını qoruyub saxlayan Ermənistanın təhlükəsizliyindən də Rusiya sorumludur. Ancaq Rusiyanın "dəstəyi" Ermənistana baha başa gəlir. Dövlətin atom və enerji müəssisələri, şəbəkə və sistemləri, hava yolu və bank başda olmaqla strateji mahiyyət daşıyan bütün sahə və təşkilatlar Moskvanın əlindədir. Qafqazda Ermənistan kimi müttəfiq sözsüz ki, Rusiyanın işinə yarayır. Ermənistan Rusiyanın tək dayağı olmaqla yanaşı Azərbaycana qarşı Moskva və Tehranla birlikdə hərəkət edir. ABŞ, NATO, Aİ və İsrail kimi güclərin Azərbaycanda maraqları olduğundan Rusiyanın Azərbaycan siyasətini Moskva-İrəvan-Tehran üçbucağı vasitəsilə izləyir.

Azərbaycan MDB dövlətləri arasında ən problemli ölkə kimi qarşısına çıxır. Çünki, Azərbaycan postsovet dövlətləri arasında ən ifrat Qərbmeyilli ölkə olaraq tanınır.  Digər tərəfdən bölgədən keçən əhəmiyyətli layihələrə görə ikitərəfli bloklaşma paralel inkişaf edir. İndiki məqamda Azərbaycana görə Qərb-Şərq (Bakı-Tel-Əviv-Vaşinqton) və Şimal-Cənub ( Moskva-İrəvan-Tehran) blokları mübarizə aparır. Bölgədəki tarazlıqlar və bloklaşmalar Rusiya-Ermənistan-İran əlaqələrini istiqamətləndirən faktorlardır. Necə ki, Rusiyanın Cənubi Qafqaz siyasəti Ermənistanın maraqlarına uyğundur və İrəvan bölgədə ABŞ-ın maraqlarına qarşı çıxır, İran da Ermənistan kimi Rusiyanın yer almadığı layihələri boykot etməyə çalışır və Çeçenistan siyasətini dəstəkləyir. Digər tərəfdən 2011-ci ildən  İran və Qərb arasında yaşanan Hörmüz böhranı və İsrail təhlükəsindən sığortalanmaq üçün Mahmud Əhmədinecad da Rusiya ilə müttəfiq olmağa məcburdur.  RF prezidenti Vladimir Putin öz çıxışlarında dəfələrlə İsrail və ABŞ-ı tənqid edərək onların əsl məqsədlərinin İranda rejim dəyişikliyi etmək olduğunu bildirib. "İran Rusiyanın qonşusudur və bu ölkəyə hərbi müdaxilə edilməsi Rusiyanın təhlükəsizliyinə təhdiddir". Bunlar da Rusiya hakimiyyət dairələrinə məxsus fikirlərdir. Kreml bütün imkanlardan istifadə edərək İrana müdaxilə ediləcəyi təqdirdə Rusiya tərəfindən həmin qüvvələrə cavab veriləcəyi siqnalını verir. Bu məzmunda Rusiya Suriyada baş verən "Ərəb Baharı" böhranı ilə əlaqədar Livandan sonra əhəmiyyətli silah bazarı olan İranı itirmək istəmir. İran Rusiya üçün ən böyük silah bazarıdır. İranın müharibə sonrası parçalanıb Böyük Azərbaycan dövlətinin qurulması Rusiya xarici siyasətində istənilməyən məqamdır. İranın parçalanmasından sonra fars dövlətində yaşayan 45 milyonluq azərbaycanlının hüquqları tanınacaq. Bundan sonra Rusiyanın qonşuluğunda olduqca böyük türk qurşağı yaranacaq. Bu vəziyyət Rusiyaya görə Xəzərin statusu və bölgədəki geosiyasi tarazlıqlar baxımından problem təşkil edəcək. Bölgəyə baş verəcək kiçik bir müdaxilə belə Rusiyada xaotik vəziyyət yaradacaq. İsrail-İran müharibəsi digər tərəfdən Rusiya daxilində etnik qarşıdurmalara gətirib çıxaracaq. Güney Azərbaycanın Azərbaycan Resbublikasına birləşmək təhlükəsi, Rusiya daxilində partlamaq üzrə olan etnik azlıqlarla-rus qarşıdurmaları, ABŞ və İsrailin Rusiya ətrafında möhkəmlənmək xaosu artıq Kremli xeyli qayğılandırır. İsrail prezidenti Şimon Peresin "ABŞ mütləq İranı vuracaq!" açıqlaması Rusiyanı regionla bağlı daha ağıllı və adekvat addımlar atmağa məcbur edir. Rusiya üçün bütün fəlakət İrandan başlayacaq. Suriyadakı vətəndaş müharibəsindən sonra Bəşər Əsədin aşağı düşmüş nüfuzu Rusiyanın Yaxın Şərqdəki dayaqlarını əməlli-başlı laxlatdı. Odur ki, Rusiya müttəfiqlərə qarşı Moskva-Tehran-İrəvan üçbucağı ilə hərəkət etməyə vadar olub. Ermənisitan bu birləşmədə formal xarakter daşıyır. Vladimir Putin sadəcə olaraq Ermənistandan Azərbaycanı Kremlin gündəmində saxlamaq üçün istifadə edir.  Brüsseldə yerləşən Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi adlı təşkilat İran-Ermənistan münasibətlərilə bağlı hesabat yaydı. Hesabatda bildirilir ki, İslam dövləti olan İranla xristian Ermənistan arasında ittifaq yaranıb. Birlik qərbli politoloqlar tərəfindən "müqəddəs olmayan" ittifaq kimi xarakterizə edilir. İttifaq Kreml tərəfindən Azərbaycana qarşı yaradılıb. Regiondakı siyasi hərəkətliliyin sonrakı inkişaflarında Moskva da açıq şəkildə həmin ittifaqa qoşulacaq. Ona görə də İranda vəziyyət qarışmamış Rusiya Azərbaycanla bağlı siyasətini mümkün qədər tez həll etmək niyyətindədir. Lakin, rəsmi Tel-Əviv və Ağ Ev Rusiyanın bu ideologiyasının gerçəkləşməsi üçün münbit şəraitin yaradılmasına imkan verməyəcək. Barak Obama və Şimon Peresin açıqlamaları artıq Rusiyanı real güc kimi qəbul etmədiklərini deyir. Ortada olan mövcud həqiqət var ki, Rusiya Azərbaycanı itirib və RF kiçik dövlətlərə parçalanmaq üzrədir.

Mənsur Cəfərov  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00