“Radikal namizəd” kimdi? - SİYASİ ANALİZ

Müsavat mətbuatı Ərəstun Oruclunu hədəfə çıxardı

Müxalifət mətbuatı  2013-cü ilin prezident seçkiləri ərəfəsində hakimiyyət tərəfindən "radikal namizəd"in hazırlanması ilə bağlı versiya irəli sürüb. Versiyaya görə, adı hələlik çəkilməyən QHT rəhbərlərindən birinin timsalında cəmiyyətə təqdim ediləcəyi ehtimal olunan həmin "radikal namizəd" seçki dövründə hakimiyyət əleyhinə ənənəvi müxalifət liderlərindən də sərt, bəzi hallarda isə hətta təhqiramiz bəyanatlar verəcək, narazı elektoratın etimadını qazanmağa çalışacaq. Seçkinin nəticələri elan olunduqdan sonra isə "radikal namizəd" "uduzduğuna" görə xalqdan üzr istəyəcək, qalibi təbrik edəcək. Hesab olunur ki, həmin radikal namizəd artıq namizədliyini elan etmiş  Müsavat başqanı İsa Qəmbərə qarşı "qara pair" aparacaq. "Yeni Müsavat" yazır ki, "radikal namizəd"in bloku Novruz bayramından sonra elan edlicəcək. Qəzet iddia edir ki, bu seçkidə daha idarə olunan alternativlər lazımdı. Həm də elə namizəd olsun ki, müxalifətin toplantılarında iştirak edib cəmiyyətdə "radikal ictimai xadim" imicini qazanmış olsun. Hesab olunur ki, projeni uğurla tamamlasa, qarşıdakı parlament seçkilərində ona mandat da veriləcək. Qəzet iddia edir ki, bilərəkdən "radikal namizəd" təşkilatçılıq qabiliyyəti olmayan, xarizmasız QHT rəhbəri seçilir ki, sonradan siyasi iddia qoymasın. Proje bitən kimi çıxıb getsin. Yazıda "radikal namizəd"in Rüstəm İbrahimbəyovun yaratdığı təşkilata alternativ olacağı vurğulansa da, fikrimizcə, bu AXCP təbliğat maşınının hücumlarından qorunmaq məqsədi daşıyır. Bu qeyd vurğulanmasaydı, AXCP-nin piar maşını Rauf Arfioğlunu Rüstəm İbrahimbəyova qarşı əks-təbliğat aparmaqda suçlandıracaqdı. Əslində, AXCP tərəfi haqlı görünəcəkdi. Çünki "bitərəf, radikal namizəd, QHT sədri" deyiləndə diqqət Ziyalılar Forumuna, Eldar Namazova, lap elə İbrahimbəyovun özünə də gedə bilər. Amma bizə çatan xəbərlərə görə, bu yazıda nəzərdə tutulan şəxs başqa adamdır, Ziyalılar Forumunun üzvü deyil. Bu iddia ilə məntiqlə Müsavatın namizədinə qarşı çıxan hər kəs vurulur. Nə qədər hörmətlə yanaşılsa da, İbrahimbəyovun özünə də şübhə oyanır. Amma hədəf konkret şəxsdir və bizə məlumat verən mənbə bunun Ərəstun Oruclu olduğunu bildirir. Müsavat mətbuatının nəzərdə tutduğu "radikal namizəd"in Ərəstun Oruclu olduğunu iddia etməyə xeyli səbəb var. Qeyd edək ki, Ərəstun Oruclu QHT sədridir, "Şərq-Qərb" Araşdırma Mərkəzinin rəhbəridir. Beynəlxalq təşkilatlarla yaxşı əlaqələri var. Bu günə qədər müstəqilliyini qoruyub saxlamış Ərəstun Oruclu son zamanlar sosial şəbəkələrdə radikallığı ilə seçilir. Bu yaxınlarda İctimai Palatadan da istefa verib. Əsas arqumenti vahid namizədin müəyyən edilməməsi olsa da, ortaya konkret mövqe də qoymayıb. Davranışlarından görünür ki, Ərəstun Oruclu prezidentliyə namizədliyini irəli sürmək niyyətindədir. Görünür, Müsavatın piar maşını onu fikrindən döndərmək üçün bu cür preventiv addım atıb. Rauf Arifoğlu həm də, müstəqil politoloq barədə şübhə yaymaqla ondan qisas almaq məqsədi güdüb. Xatırladaq ki, bir müddət öncə, Ərəstun Oruclu da Arifoğlunun İP Koordinasiya Şurasına seçilməsinə qarşı olmuşdu.

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00