Rusiya Azərbaycanla müharibəyə hazırlaşır? - AÇIQLAMA
Cümşüd Nuriyev: “Moskva öz ideyasını həyata keçirmək üçün Gümrüdəki 102-ci bazasını kifayət qədər fəallaşdırıb”
22 Yanvar 2013 11:25 SiyasətRusiyanın "Nezavisimaya qazeta"-sının iddiasına görə Rusiya Dağlıq Qarabağda müharibəyə hazırlaşır. Bununla əlaqədar Rusiyanın və onun bölgədəki müttəfiqlərinin hərbi qüvvələrinin döyüş hazırlığının artırıldığı bildirilir. Qəzet həmçinin qeyd edir ki, bu hazırlıqlar Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyətlə əlaqədar Azərbaycan tərəfdən Ermənistana, İsrail tərəfdən isə İrana qarşı mümkün hərbi əməliyyatların başlaması ilə bağlıdır. "Rusiya mətbuatı və politoloqları bu müharibə üçün münbit şərait yaratmağa çalışırlar. Bu bir siyasi texnologiyadır, eyni zamanda Ermənistanın Xocalı, Xankəndi aeroportundan uçuş elan etməyi də təxribat xarakteri daşıyır. Azərbaycan da bununla bağlı bəyanat verdi ki, əgər uçuşlar olsa təyyarələr vurulacaq. Bu Beynəlxalq Mülki Aviasiya Konvenisyasına da uyğundur" deyən politoloq Cümşüd Nuriyevin sözlərinə görə bu tip bəyanatlarla Azərbaycanı məcburi şəkildə oyuna gətirmək istəyirlər: "Azərbaycanın da belə bir təhlükəli oyuna girəcəyi inandırıcı deyil. Hətta Ermənistan tərəfi təyyarə uçuşu ilə bağlı açıqlama verdi ki, guya Xankəndindən qalxan təyyarənin ilk sərnişinləri ATƏT-in Minsk Qrupunun həmsədrləri olacaq. Bununla Ermənistan üç böyük dövləti Azərbaycanla qarşı-qarşıya qoymaq istəyir. Həm Ermənistan, həm də Ruisya Azərbaycanı tamamilə parçalamaq niyyətindədir. Əgər uçuş baş tutsa belə, Azərbaycan bu addımı atmamalıdır. Buna görə Azərbaycan azacıq da olsa tənqid oluna bilər, lakin biz öz müstəqilliyimizi itirə bilərik. Bu Rusiyanın çoxdankı arzusudur. RF öz ideyasını həyata keçirmək üçün Gümrüdəki 102-ci bazasını kifayət qədər fəallaşdırıb. Azərbaycan rusların oyununa getsə və Ermənistana cavab versə buranı 2-3 günə işğal edəcəklər" ("OLAYLAR" İA)