“Hüquq müdafiəçisi”nin erməni sevdası
Leyla Yunusu ermənilərlə birləşdirən nədir?
21 Yanvar 2013 17:03 SiyasətCənubi Qafqazda maraqları tükənmək bilməyən bəzi xarici qüvvələr regionda yenidən fəaliyyətlərini bərpa ediblər. Özlərini guya Azərbaycan və erməni xalqlarının barışdırıcısı kimi qələmə verən siyasət dəllalları bu dəfə də vətəndaş cəmiyyyətlərinin rolundan istifadə etməyə start veriblər. Acınacaqlı hal odur ki, Azərbaycanın vətəndaş cəmiyyətləri bu vaxta qədər Azərbaycana heç də xoş münasibətdə olmayan qərb dövlətlərinin toruna asanlıqla düşə bilirlər. Məlumat üçün qeyd edək ki, Böyük Britaniyanın Azərbaycandakı və Ermənistandakı səfirliklərinin dəstəyi ilə Ermənistanın "Region" araşdırma mərkəzi və Azərbaycandakı Sülh və Demokratiya İnstitutu tərəfindən yeni layihə həyata keçirilməyə başlayıb. Layihə çərçivəsində publicdialogues.info adlı sayt yaradılıb və fəaliyyət göstərir. Sayt çox gözlətmədən, elə fəaliyyətə başlayan kimi azərbaycanlı və erməni jurnalistlər "İrs" partiyasının sədri Raffi Ovannisyandan müsahibə alıblar. O, müsahibədə Azərbaycanın işğal altındakı ərazilərini "Dağlıq Qarabağ Respublikası" kimi təqdim edib. Raffi Ovannisyan Azərbaycan və Dağlıq Qarabağ arasında sərhədlərin demarkasından, mehriban qonşuluq münasibətlərindən dəm vurub. Nə qədər qəribə olsa da, müsahibədə iştirak edən azərbaycanlı jurnalistlər Raffi Ovannisyana münaqişə ilə bağlı yox, Ermənistandakı siyasi vəziyyət və prezident seçkiləri ilə bağlı suallar veriblər. Onu da qeyd edək ki, artıq "İctimai dialoqlar" (www.publicdialogues.info) saytının İrəvanda və Bakıda təqdimatı keçirilib. Təəssüf ki, Böyük Britaniya, Fransa, Almaniya və bir sıra digər ölkələrin səfirləri və səfirlik əməkdaşları yanvarın 18-də keçirilən təqdimetmə mərasimində iştirak ediblər. Əldə etdiyimiz məlumata görə, təqdimat zamanı iki qadın tədbirin keçirildiyi yerə daxil olaraq Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun ermənilərlə əməkdaşlığına kəskin etiraz edib, həmçinin tədbirə qatılan xarici ölkələrin səfirlərini tənqid ediblər. Bəs Leyla Yunus kimdir, o, Azərbaycanda necə xarakterizə edilir? Xatırladaq ki, Leyla Yunus fəaliyyətinin bütün dövrlərində anti-milli, anti-Azərbaycan mövqeyi ilə tanınıb. O, belə mövqeyi ilə əlaqədar dəfələrlə cəmiyyət tərəfindən tənqidlərə məruz qalmasına, ictimai qınaq obyektinə çevrilməsinə baxmayaraq, xislətindən əl çəkməyib, anti-milli fəaliyyətini davam etdirib. L.Yunus həmişə Azərbaycan dövlətçiliyinə qarşı mübarizə aparıb, bu işdə xarici düşmən qüvvələr o cümlədən ermənilərlə də işbirliyindən çəkinməyib. Özü də belə fəaliyyəti həmişə Azərbaycan üçün əlamətdar olan dövrdə, seçki illərində xüsusilə gücləndirir. O, beynəlxalq təşkilatlarda da Azərbaycanı, onun ziyalılarını, millət vəkillərini və hətta öz həmkarları olan hüquq müdafiəçilərini nüfuzdan salmağa cəhd göstərib. Xüsusən, AŞPA-da Azərbaycana müsbət münasibəti ilə seçilən deputatlara qarşı kampaniya həyata keçirir, onlara qarşı ağlasığmaz ittihamlar irəli sürür. L.Yunus Azərbaycanı müdafiə edən hər bir AŞPA deputatını hədəfə götürməklə ölkəmizi müdafiəsiz qoymaqda maraqlı olduğunu mətbuatda açıq şəkildə bəyan edir və bununla da onun erməni maraqlarına xidmət etdiyi açıq görünür. "Hüquq müdafiəçisi" adı ilə maskalanmış L.Yunus və ona yaxın olan ünsürlər Azərbaycanda baş verən hər hansı hadisəni qərəzli şəkildə qabardaraq beynəlxalq təşkilatların və xarici medianın diqqətini buna cəlb etmək və ölkəmizi qara rəngdə göstərmək üçün əlindən gələni edib. Məhz belə fəaliyyətin nəticəsidir ki, bəzi beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanla bağlı hazırlanan hesabatlarda ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirilir. Leyla Yunus kimi "hüquq müdafiəçiləri"nin donosu əsasında hazırlanan hesabatlarda Azərbaycan ən geridə qalmış ölkələr sırasında göstərilir. Hamıya gün kimi aydındır ki, belə fəaliyyət boş-boşuna deyil, qarşılıqlı təminat əsasında qurulur. Heç də təsadüfi deyil ki, "xidmətlərinin" müqabilində aldığı külli miqdarda vəsait hesabına, o, müxtəlif xarici ölkələrdə mülklər və s. obyektlər əldə etməyə nail olub. Əslində onun ermənilərin sifarişini həyata keçirməsi təbii qəbul edilməlidir. Çünki, indiyə qədər mətbuatda L.Yunus və onun əri Arif Yunusun ermənilərlə qohumluğu haqqında çoxsaylı materiallar dərc olunub, faktlar açıqlanıb. Təkcə bu fakt nəzərə alınaraq cəmiyyət L.Yunus kimi anti-milli ünsürlərin bədəməlli fəaliyyətinə son qoyulmasını tələb etməli, onlara layiq olduğu münasibət göstərməlidir. Bu işdə ziyalılar və qeyri-həkumət təşkilatları xüsusi fəallıq nümayiş etdirməlidirlər. Əks halda onun özünü islah edərək düz yola gələcəyi, anti-milli fəaliyyətindən əl çəkəcəyini gözləmək sadəlövlük olardı.
Alim