Mübariz Əhmədoğlu: “Ermənistan rəsmi Tehranı Dağlıq Qarabağ tənzimlənməsi üzrə vasitəçilik missiyasına yenidən baxmağa məcbur etdi”
21 Yanvar 2013 15:34 Siyasət"Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində İranın özünün təşəbbüs göstərib irəli sürdüyü vasitəçilik təşəbbüsü rəsmi və dini Tehran üçün başağrısına çevrilib". APA-nın məlumatına görə, bu fikirlər politoloq Mübariz Əhmədoğluna məxsusdur. O bildirib ki, İran uzun müddət bu vasitəçilik təşəbbüsü ilə manipulyasiyalar edib və Ermənistanla birlikdə bu vasitəşilik təşəbbüsündən Azərbaycana təzyiq üçün istifadə ediblər: "İndi bu vasitəçilik təşəbbüsü Ermənistanın ziyanına çevrilib. Ona görə İran çətin durum qarşısındadır. Azərbaycanla iqtisadi münasibətləri yaxşılaşdırmağa olan ehtiyac və qarşıdan gələn prezident seçkilərində İran azərbaycanlılarının səslərinin qazanılması uğrunda mübarizə rəsmi Tehranı məcbur edir ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini daim gündəlikdə saxlasın. Münaqişəsini tənzimləməyə hazır olduğunu nümayiş etdirməklə rəsmi və dini Tehran həm Azərbaycan Respublikasının, həm də İrandakı azərbaycanlıların rəğbətini qazanmaq istəyir. Lakin münaqişənin tənzimlənməsində vasitəçilik İranın köklü maraqlarına ziddir. İranın strateji nöqteyi-nəzərində tənzimlənməmiş Dağlıq Qarabağ münaqişəsi müstəqil Azərbaycan Respublikasını zəiflədə biləcək yeganə faktordur. Digər faktorlar aradan qalxıb. Azərbaycanın zəifliyi ilə bağlı İran və Ermənistan strategiyaları üst-üstə düşür. İranın vasitəçilik missiyası Ermənistanın da maraqlarına ziddir. Belə ki, Ermənistan alternativsiz ATƏT Minsk Qrupunun vasitəçiliyinə möhtacdır. ATƏT və onun strukturlarında qərarlar konsensus mexanizmi ilə qəbul edilir. Ermənistanın ABŞ, Rusiya və Fransaya dərin inamı yoxdur - əsas inamı özünədir. Ona görə də konsensus prinsipindən möhkəm yapışıb. Başa düşür ki, son anda özü qərarın əleyhinə səs verəcəkdir və bununla da ermənilərin maraqlarına cavab verməyən qərarlar neytrallaşdırılacaqdır. Başqa sözlə, bu prizmadan Ermənistan heç kimin, hətta İranın da vasitəçiliyini qəbul edə bilməz və etməyəcək. Ermənistanın vasitəçilik xahişi nonsesdir və İran mövqeyini dəyişməkdə elə buna "stavka" edir.
İranın vasitəçilik təşəbbüsünün ortalıqda olması Ermənistanın maraqlarına risk yaradır, çünki İran homogen olmayan dövlət idarəçiliyinə malikdir. Sabah kiminsə dilindən ehtiyatsızlıq nəticəsində İranın vasitəçilik missiyasının Ermənistan tərəfindən rədd edilməsi barədə fikir səslənərsə, hakimiyyətin digər qolunun hansısa bir strukturu Ermənistana qəzəb nümayiş etdirə bilər. İqtisadiyyatı zəifləmiş, borc içində olan, pərakəndə cəmiyyətə malik Ermənistana İrandakı hakimiyyətin hansısa bir qolunun hansısa bir strukturu təzyiq göstərərsə, bu təzyiq dərhal effekt verəcəkdir. Həmin strukturun Qarabağ məsələsində ötəri antierməni fəaliyyətə başlamasına İran rəhbərliyi dərhal müdaxilə edə bilməz, çünki bu açıq antiislami addım olardı. Ona görə də rəsmi Tehran Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində mövqeyini dəyişmək kursu götürmüşdür. Əgər əvvəllər özü vasitəçilik təşəbbüsü ilə çıxış edirdisə, indi məsələni belə qoyur ki, guya Ermənistan və Azərbaycan tərəfi İrandan vasitəçilik etmək üçün xahiş etməlidirlər.Mətbuatın yazdığına görə, İranda istifadə olunan benzinin hamısı İran mənşəlidir; xarici ölkələrdən təmiz benzin gətirə bilmir. Elmin İranvari inkişafı dünya alimlərinin həll edə bilmədiyi bütün problemləri həll etsə də, neftayırma zavodu düzəldə bilmir. Ona görə də Tehranın havasının çox pisləndiyini deyirlər. Eləcə də xarici dövlətlərin əksəriyyəti ilə münasibəti olmadığına görə İranın yüksək çinli beyin daşıyıcılarının böyük əksəriyyəti Tehrandan, İrandan kənara çıxa bilmirlər. Açıq aşkar hiss olunur ki, bu adamların beyinlərinə təmiz hava lazımdır. Bəlkə biz, Azərbaycan olaraq ABŞ-dan, Fransadan, Rusiyadan xahiş edək ki, "zəhmət olmazsa, durub bizim regiondan rədd olsunlar; indi bu regiona İranın baş-beyni arvad məsələsinə qarışmış mollaları gəlmək istəyir".Onun vasitəçilik təklifini Azərbaycanın qəbul etdiyini bu günə kimi İran dilinə gətirməyib. Hansı mənəvi haqla biz İrandan xahiş etməliyik ki, gəl Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi ol?! Əksinə, son dövrlərin təhlilləri düşünməyə əsas yaradır ki, İran yenidən Ermənistanla birləşib vasitəçilik təklifini ortalığa qoymaqla, Azərbaycan Respublikasına qarşı təxribat hazırlamaqla məşğuldur.Hər halda Dağlıq Qarabağ tənzimlənməsində Azərbaycanın İranın vasitəçiliyini qəbul etdiyini sonuncunun etiraf etməməsi ciddi şəkildə gündəlikdədir. Gələcək münasibətlərin dinamikasına bu faktor ciddi sürətdə təsir edə bilər. Vasitəçilik təşəbbüsünün Ermənistan tərəfindən rədd olunmasından İranın narazılığı varsa, bunu Azərbaycan tərəfi ilə müzakirə edib və erməniləri yola gətirə biləcək müxtəlif variantlar işləyib hazırlamaq olar.İranın "regiondankənar dövlətlər" anlayışı ilə çox manipulyasiya etməsini məqsədəuyğun hesab etmirik. Özümüz hal-hazırda kifayət qədər güclüyük. Bəzi dövlətlərin regionumuzdakı fəaliyyəti indi xoşumuza gəlmir. Regiondan kənar dövlətlərin regiona müdaxiləsinin də ən böyük hamisi Ermənistandır. O, Ermənistan ki, İranı idarə edir".